• 25 Sentyabr 2020
logo
Tədris ilinin sonunda məktəblərdə qiymətləndirmənin hansı formada aparılacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Tədris ilinin sonunda məktəblərdə qiymətləndirmənin hansı formada aparılacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Biz təhsil müəssisələrinə tədrisin təşkili üçün “Microsoft Teams” platformasını təqdim etmişik. Müəllimlər, professorlar bu platforma üzərindən şagird və tələbələrin biliyinin qiymətləndirməsini apara bilərlər, amma bu, məcburi xarakter daşımır.

Bunu Təhsil nazirinin müavini İdris İsayev bu tədris ilinin sonunda şagird və tələbələr üçün qiymətləndirmənin hansı formada aparılacağı ilə bağlı suala cavab verərkən deyib.

Martın 10-dan bütün təhsil müəssisələrində tədrisin dayandırıldığını xatırladan nazir müavini qeyd edib ki, tədris prosesi başladıqdan sonra müəyyən qiymətləndirmə aparılacaq və onun əsasında Təhsil Nazirliyi müvafiq qərar verəcək:

“Biz vəziyyəti təhlil edərkən müxtəlif qərarlar qəbul etmək məcburiyyətində qaldıq. Qərarlar elə qəbul edildi ki, onlar bütün şagirdləri əhatə etsin. Biz başa düşürük, bəzi ucqar dağ kəndlərində internetə çıxış imkanları yoxdur, yaxud aztəminatlı ailələr bu imkandan istifadə etməyə bilər. Ona görə də bunun “Mədəniyyət" kanalında “Teledərs”lərin yayımlanması vasitəsilə həyata keçirilməsi barədə qərar verdik”.

İ.İsayev bildirib ki, nazirlik eyni zamanda təhsil müəssisələrinə onlayn dərslər keçirməyi də tövsiyə edib. Bu gün təhsil müəssisələrinin tədrisin təşkili üçün müxtəlif poqramlardan istifadə etdiyini deyən nazir müavini hesab edir ki, bu qaydada təhsil proqramlarının 100 faiz mənimsənilməsi mümkün deyil:

“Amma apardığımız araşdırma göstərir ki, buna xüsusi diqqət var. Şagirdlərimiz teledərslərə baxır, onlayn dərslərdən istifadə edirlər. Düşünürük ki, qiymətləndirmə məsələsinə fərdi yanaşma olmalıdır. Pandemiyanın nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Təbii ki, bu, bəlli bir vaxtda sona çatacaq, karantin rejimi ləğv ediləcək və bizim şagirdlər də təhsil müəssisələrində təhsil alacaqlar. Belə olduğu halda, müəllimlərimiz müəyyən vasitələrdən istifadə edərək şagirdlərimizin “Teledərs”lərdən, onlayn dərslərdən nə dərəcədə bəhrələnə bildiyini müəyyən etmək üçün qiymətləndirmə aparacaqlar. Ondan sonra da müvafiq qərarlar qəbul ediləcək. Hazırda bununla bağlı dəqiq cavab vermək mümkün deyil. Biz prosesləri izləyirik və müvafiq təlimlər apardıqdan sonra bununla bağlı Təhsil Nazirliyi tərəfindən lazımi qərar veriləcək”.