• 19 Sentyabr 2020
logo
Koronavirusa qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərinə dair Malayziyada geniş yazı dərc edilib

Koronavirusa qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərinə dair Malayziyada geniş yazı dərc edilib

Bəşəriyyətin ağır sınağına çevrilmiş COVID-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən kompleks tədbirlər barədə Malayziyanın rəsmi informasiya agentliyi BERNAMA-da geniş material dərc edilib.

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən bildirilib ki, materialda dünya ölkələrinin bu qlobal çağırışa müxtəlif mübarizə üsulları ilə cavab verməyə çalışdıqları qeyd olunaraq, Azərbaycan təcrübəsinin nümunəvi xüsusiyyətləri sadalanıb, bu səpkidə Azərbaycan Respublikasının Malayziyadakı səfiri Qaley Allahverdiyevin fikirlərinə istinad edilib.

Bildirilib ki, COVID-19 pandemiyasının hələ erkən mərhələsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təlimatı ilə hökumət tərəfindən Operativ Qərargah yaradılıb. İctimai məlumatlılığı təmin etmək, o cümlədən bu məsələ ilə əlaqədar qarşılaşdıqları vəziyyətlə bağlı vətəndaşların suallarını operativ şəkildə cavablandırmaq üçün www.koronavirusinfo.az adlı informasiya portalının yaradılmasına diqqət çəkilib.

Həmçinin, cari ilin 19 mart tarixində Prezident İlham Əliyevin fərmanı ilə təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fondundan bəhs edilib, Azərbaycan Prezidentinin bir illik əməkhaqqı məbləğini bu fonda ianə etməsi xüsusilə vurğulanıb.

Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq, COVID-19 pandemiyası ilə mübarizənin ön xəttində çalışan tibb işçilərinin əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələrin edilməsi, pandemiyanın ölkə iqtisadiyyatına və makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il üzrə dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 2.5 milyard manatın ayrılması görülən işlərin vacib komponentləri kimi qeyd olunub.

COVID-19 pandemiyasına qarşı Azərbaycanın apardığı mübarizə üslubunda mənəvi dəyərlərin də xüsusi yer tutduğu vurğulanaraq, Prezident İlham Əliyevin bu infeksiyanın əsasən yaşlı nəslin nümayəndələri üçün ağır fəsadlar törətdiyi, lakin cəmiyyətimizdə yaşlı insanlara həmişə böyük hörmət göstərildiyi, belə mənəvi dəyərlərimizin bundan sonra da qorunmasının vacibliyi, eləcə də hazırkı şəraitdə hər bir vətəndaşın yaşlı nəslin nümayəndələrinə xüsusi qayğıkeşliklə yanaşmalı olduğu barədə xalqımıza müraciətinə istinad edilib.

Materialda COVID-19 ilə mübarizədə Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfəsinə də vurğu edilərək, Azərbaycan Respublikası Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının müvafiq fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımından bəhs edilib, səfir Q.Allahverdiyevin aşağıdakı fikirlərinə yer verilib: “Bu gün biz daha çox koordinasiyaya, daha çox həmrəyliyə və əməkdaşlığa ehtiyac duyuruq. Bu çağırışın ölkələr arasındakı inamı pozmasına imkan verə bilmərik”.

Materialın tam mətni ilə BURADAN tanış olmaq olar:

https://www.bernama.com/en/world/news.php?id=1829894