• 27 İyul 2024
logo
CASCFEN “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsinin icrasını başa çatdırıb

CASCFEN “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsinin icrasını başa çatdırıb

Layihə çərçivəsində eyniadlı növbəti beynəlxalq konfrans Naxçıvanda keçirilib

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihə çərçivəsində növbəti eyniadlı beynəlxalq konfransı oktyabrın 28-də Naxçıvanda keçirib.

Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət zamanı
Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət zamanı

Konfransın Bakıdan olan qonaqları və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun rəhbər heyəti, o cümlədən ziyalıların və gənclərin təmsilçiləri öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxış
Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxış

Həmçinin, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçən əziz şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçən əziz şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda işinə başlayan konfransı giriş sözü ilə CASCFEN-in sədri, Əməkdar Jurnalist Nadir Azəri açıb. İştirakçıları salamlayan Nadir Azəri Azərbaycanda ictimai sektora, QHT-lərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, bu layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq edib.

Dövlət Himni oxunarkən
Dövlət Himni oxunarkən

Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçən əziz şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni oxunub.

Tədbir zamanı
Tədbir zamanı

Çıxışına davam edən N.Azəri “Bu gün türk dünyası birdir, bütövdür. Biz xoşbəxtik ki, bu birliyin, həmrəyliyin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində qoyulub. Qeyd edim ki, layihə çərçivəsində beynəlxalq konfransın birinin Naxçıvanda keçirilməsi qərarı heç də təsadüfi deyil. Çünki 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının artıq Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası isə məhz türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır”.

Əkbər Qoşalı çıxış edərkən
Əkbər Qoşalı çıxış edərkən

Mövzu ilə bağlı videoklipə baxışdan sonra söz tədbirin aparıcısı, layihə üzrə ekspert, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalıya verilib.

Cəbi Quliyev çıxış edərkən
Cəbi Quliyev çıxış edərkən

Həm Ulu Öndərin türk dünyasının birliyi uğrunda tarixi xidmətləri, həm də layihə ilə bağlı görülən işlər barədə çıxış edən Ə.Qoşalı deyib ki, 1 iyul-1 noyabr tarixləri arasında reallaşdırılan layihə gələcək nəsillərə Ulu Öndər Heydər Əliyevin türk dünyası qarşısındakı tarixi xidmətləri barədə daha dolğun məlumatların çatdırılmasına dəstək xarakteri daşıyır: “Yəni layihənin icrası zamanı türk dünyasının dərin inteqrasiyasına, türk dövlətləri arasında birliyə aparan yolda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən reallaşdırılan siyasətin gələcək nəsillərə çatdırılması üçün müxtəlif tədbirlərin, o cümlədən (Bakıda və Naxçıvanda) iki beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulmuşdu. Bu gün biz artıq ikinci konfrasımızı sizlərin iştirakı ilə Naxçıvanda keçiririk. Ümummilli Liderimizin 100 illik yubileyinin işığında və Azərbaycanın ərazi bütövüyünü, suverenliyini tam bərpa etdiyi bir zamanda Naxçıvanda “Türk dünyasının birliyində Heydər Əliyev amili” mövzusunu müzakirə etmək çox qürurvericidir”.

Əkbər Qoşalı, həmçinin Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafanın salamlarını konfrasn iştirakçılarına çatdırıb.

Tədbir zamanı
Tədbir zamanı

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun İcraçı direktoru, millət vəkili Cəbi Quliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönüm ilə bağlı Naxçıvanda silsilə tədbirlərin keçirildiyini xatırladıb. O, qeyd edib ki, “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihə çərçivəsində növbəti eyniadlı beynəlxalq konfransın Naxçıvanda keçirilməsi də bu baxımdan xüsusi önəm kəsb edir.

Elnur Bağırlı çıxış edərkən
Elnur Bağırlı çıxış edərkən

Çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı ölkədə QHT sektoruna göstərilən diqqət və qayğıdan danışıb.

Rail Tağızadə çıxış edərkən
Rail Tağızadə çıxış edərkən

Belə bir tədbirin Naxçıvanda keçirilməsinin əhəmiyyətinə toxunan E.Bağırlı Muxtar Respublikanın ali təhsil ocaqlarını, QHT-lərini, gənclərini Agentliklə əməkdaşlığı sıxlaşdırmağa çağırıb.

Rza Məmmədov çıxış edərkən
Rza Məmmədov çıxış edərkən

Konfransda, həmçinin YAP MR Təşkilatının şöbə müdir Rail Tağızadə, “Naxçıvan” Universitetinin Elm, İnnovasiya və Beynəlxalq Əlaqələr üzrə prorektoru Rza Məmmədov, AMEA Naxçıvan Bölməsinin Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, Azərbaycan Yazıçılar Birliyinin və Naxçıvan Yazıçılar Birliyinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Əliyeva çıxış ediblər.

Ramiz Qasımov çıxış edərkən
Ramiz Qasımov çıxış edərkən

Tədbirdə Özbəkistanın İstanbuldakı keçmiş baş konsulu Abror Gulyamovun, Qazaxıstandan yazıçı-publisist Erkinbek Turqunovun, Türkiyənin Eskişehir Osmanqazi Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsi, Tarix kafedrasının müəllimi, Doç.Dr. Oktay Berberin video çıxışları da təqdim edilib.

Ruhəngiz Əliyeva çıxış edərkən
Ruhəngiz Əliyeva çıxış edərkən

Çıxışlarda Ulu Öndər Heydər Əliyevn türk dünyası birliyinə gedən yolda göstərdiyi misilsiz fəaliyyətin müxtəlif aspektlərinə nəzər salınıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmamışdır. Bu fəaliyyət Azərbaycanın hüdudlarından kənarda, bütövlükdə türk dünyasında dərin izlər buraxmışdır.

Erkinbek Turqunovun video çıxışı
Erkinbek Turqunovun video çıxışı

Çıxışların sonunda Cəbi Quliyevə CASCFEN-in təşəkkür plaketi təqdim edilib.

Cəbi Quliyevə CASCFEN-in təşəkkür plaketi təqdim edilib
Cəbi Quliyevə CASCFEN-in təşəkkür plaketi təqdim edilib

Beynəlxalq konfrans Nadir Azərinin təşəkkürü və Əkbər Qoşalının yekun sözləri ilə işini başa çatdırıb.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Xatırladaq ki, bununla həm də CASCFEN 4 aylıq layihəni icrasını başa çatdırıb.