• 21 Fevral 2024
logo
“Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu” layihəsi çərçivəsində yekun tədbir keçirilib

“Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu” layihəsi çərçivəsində yekun tədbir keçirilib

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 26.10.2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu” adlı qrant layihəsi çərçivəsində sonuncu tədbirini Bakı şəhəri Nəsimi rayonu Tiblisi prospekti 72A ünvanında universitet tələbələri ilə həyata keçirdi. Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan layihə rəhbəri Eldəniz Salmanov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Layihənin həyata keçirilməsinin başlıca məqsədinin gənclərə milli və əxlaqi dəyərlərimiz, adət və ənənələrimiz, ailə dəyərlərimiz haqqında məlumatın verilməsi və gənclərə ailə qurarkən milli dəyərlərimizə bağlılığın zəruriliyi layihə iştirakçılarının diqqətinə çatdırıldı. Layihə rəhbəri qeyd etdi ki, son zamanlar sürətlə artan boşanma hallarının qarşısının alınması məqsədilə dövlət qurumları və ictimai təşkilatlar ciddi təbliğat işləri aparırlar. Bu layihənin də milli və mənəvi dəyərlərimizin düzgün şəkildə təbliği edilməsi baxımından əhəmiyyətli olduğu layihə iştirakçılarının diqqətinə çatdırıldı. Layihə rəhbəri sonra sözü mühazirəçi Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının müəllimi tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanova verdi. Abbas müəllim gəncləri salamladıqdan sonra milli və əxlaqi dəyərlərimizin nüvəsi sayılan ailə dəyərlərimiz haqqında tələbələrə ətraflı məlumat verdi. Mühazirəçi Qərb sivilizasiyası adı altında gənclərimizin öz milli və mənəvi dəyərlərindən uzaqlaşmasının olduqca mənfi bir tendensiya olduğunu qeyd etdi. Abbas müəllim belə layihələrin mütəmadi şəkildə həyata keçirilməsi üçün donor təşkilatlara və aidiyyəti dövlət qurumlarına öz təşəkkürünü bildirdi. Tədbir iştirakçılarına QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanan kitab, buklet və digər paylama məhsulları təqdim edildi. Mühazirəçi tədbir iştirakçılarının suallarını da geniş və ətraflı cavablandırdı. Tədbirin sonunda layihə rəhbəri bir daha QHT-lərə Dövlət Dəstəyi Agentliyinə belə layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi.