• 19 Aprel 2024
logo
“Şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinə dəstək təşəbbüsləri” adlı layihə uğurla sona çatdı

“Şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinə dəstək təşəbbüsləri” adlı layihə uğurla sona çatdı

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi “ Şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinə dəstək təşəbbüsləri” layihəsi çərçivəsində Ağdam, Tərtər rayonlarında və Bakı şəhərində şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və veteranlarla görüşlər keçirilib.
Tədbirlər Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli giriş nitqinə başlayaraq layihənin əsas məqsədinin dövlətin sözü gedən sosial kateqoriyadan olan vətəndaşlara şamil etdiyi imtiyazlarla onları tanış etmək, onlar arasında hüquqi cəhətdən maarifləndirmə və məlumatlandırma işi aparmaq, bu kateqoriyadan olan şəxslərin problemlərinin dinlənilməsi, onlar arasında olan narazılıqların qarşısının alınması istiqamətində bu mövzu üzrə aidiyyatı olan qurumların məsul şəxsləri ilə görüşlər təşkil etməkdən ibarət olduğunu bildirdi. Daha sonra çıxışına davam edən layihə rəhbəri bildirdi ki, Azərbaycan dövləti hər zaman bu kateqoriyadan olan ailələrə xüsusi diqqət və qayğı göstərib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu sosial siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız bu istiqamətdə çoxlu sayda fərman və sərəncam imzalayıb. Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə iştirakçılarına dəstəyi davam edir və sistemli xarakter daşıyır. Dövlətimiz hər il müharibə əlillərinə həm mənzillərin, avtomobillərin verilməsi, həm onların protezlərlə təmin edilməsi, sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilməsi, övladları üçün yay düşərgələrinin iştirakının təşkili istiqamətində sistemli və ardıcıl işlər aparır.
Daha sonra II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan, layihənin eksperti Taleh Əliyevə söz alaraq Birinci və ya İkinci Qarabağ müharibələrində iştirak etməsindən asılı olmayaraq, müharibə iştirakçıları arasında heç bir fərq qoyulmadığını, müharibələrdə əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqların bütün xalqımız üçün nümunə olduğunu bildirərək Vətənimiz uğrunda şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, müharibə əlilləri və veteranlara dövlətimiz tərəfindən diqqət və qayğının bundan sonra da davam etdirələcəyini bildirdi.
Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin fəaliyyətini uzun müddətdir izlədiyini, əsas prioritet istiqamətlərindən birinin məhz bu kateqoriyadan olan şəxslərə yönəlik dövlət siyasətini təbliğ etməkdən, onların problemlərinin həlli istiqamətində təklif və təşəbbüslərlə çıxış etməkdən ibarət olduğunu, qardaş Türkiyə Respublikasının hərbyönümlü QHT-lərinin təcrübəsinin də öyrənilməsi istiqamətində illərdir qarşılıqlı səfərlərin həyata keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirdi.
Çıxış edən digər natiqlər qanı canı hesabına bizə şanlı qələbəni yaşadan şəhidlərimizin ailələrinə, müharibə əlilləri və veteranlarına diqqət, qayğı göstərmək, hüquq və imtiyazlarını aşılamaq məqsədli həyata keçirilən layihənin önəmindən söz açaraq bu kateqoriyadan olan şəxslərə dövlətin, cəmiyyətin qayğısının artırılmasının və sosial problemlərinin həllinə dəstək verilməsinin vətənpərvərlik tərbiyəsi işinə də önəmli təsir etdiyini ifadə etdilər.
Görüşlər qarşılıqlı diskusiyalar şəklində davam etdirildi, şəhid ailələrinin üzvlərinin, müharibə əlilləri və veteranlarının sualları cavablandırldı.
Keçirilən tədbirlərdə Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Tərtər Rayon İcra Hakimiyyətin başçısının birinci müavini Elvin Umudov, Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov, Tərtər rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ülvi Nəcəfov, Ağdam Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Samir Məmmədov, rayon icra hakimiyyətlərinin digər məsul əməkdaşları, 20 yanvar İctimai Birliyinin sədri Sultan Əzimzadə, “Qarabağ Qaziləri” İctimai Birliyinin Ağdam rayon şöbəsinin sədri Şamil Əbilov və digər ictimaiyyət nümayəndələri iştirak etdilər.