• 1 Dekabr 2022
logo
"Öz kimliyini qorumaq, tarixinə, mədəniyyətinə sahiblənmək bir nömrəli vəzifəmiz olmalıdır"

"Öz kimliyini qorumaq, tarixinə, mədəniyyətinə sahiblənmək bir nömrəli vəzifəmiz olmalıdır"

Azərbaycan xalqı hər zaman dəyərlərinə, tarixinə, dilinə, kimliyinə sahib çıxmış, onu qorumuş, yaşadaraq inkişaf etdirib. Dəyərlər bir cəmiyyətin, toplumun qorunmasında, inkişafında çox mühüm rola malikdir. Dilimiz, dinimiz, tariximiz, şəxsiyyətlərimiz, mədəniyyətimiz, ədəbiyyatımız və s. bizim dəyərlərimizdir. Neçə əsrdir ki, xalqımız öz dilini, dinini, adət-ənənəsini qoruyur, inkişaf etdirir. Hətta 70 illik ağrılı-acılı kommunist rejimi belə xalqımızı öz dəyərlərindən uzaqlaşdıra bilmədi. Düzdür repressiv bir rejim olan sovet dövləti milli-mənəvi dəyərlərimizə qarşı çox amansız bir səlib yürüşü apardı, xeyli də ziyan vura bildi. Amma xalqı öz dəyərlərinə qarşı qoya bilmədi, onu unutdura bilmədi.
Bunu Müasir İnkişaf Birliyinin sədri, Yeni Media Qrupun rəhbəri Mübariz Göyüşlü bildirib.
M.Göyüşlü qeyd edib ki, müstəqillik illərində isə xalqımız çox böyük çətinliklərlə qarşılaşdı. Üstəlik erməni təcavüzü, torpaqların itirilməsi, məcburi köçkünlər, yaşadığımız faciələr milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, dilimizlə bağlı çalışmaların həyata keçirilməsinə çox böyük çətinliklər yaratdı. Milli-mənəvi dəyərlərimizin təbliği zamanı işğal faktı xüsusi diqqətə alındı. Məhz öz dəyərlərinə bağlı bir xalq olaraq bizlər 30 illik işğal zamanı torpaqlarımızı, ora qayıtmalı olduğumuzu unutmadıq. 2020-ci ildə ilk fürsətdəcə neçə illik işğal problemini 44 günə həll etdik. Öz mənəvi dəyərlərinə, milli kimliyinə sahib olan xalqımız torpaqlarını da düşmən işğalından azad etdi:
"Milli-mənəvi dəyərlərinə sadiq olan Azərbaycan dünyada tolerant bir ölkə kimi də tanınır. Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri dinc və yanaşı yaşayır. Multikulturalizm bizim cəmiyyətin yaşayış formasıdır. Azərbaycan xalqı qədimdən müxtəlif dinlərin, millətlərin tolerant yaşadığı bir məkan olub. Məhz buna görədir ki, dünyada multikulturalizmin bir “Azərbaycan modeli” mövcuddur deyə bilərik. Kənar müdaxilələr nəticəsində bu birliyi pozmağa çalışan düşmən qüvvələr, radikal qruplar istəklərinə çata bilmirlər. Hətta 44 günlük II Qarabağ savaşında belə Ermənistan, onun xüsusi xidmət orqanları, o cümlədən digər xarici qüvvələr bu birliyi pozmaq üçün ciddi çalışmalar həyata keçirdilər. Lakin bu çalışmalar nəticəsiz qaldı. Çünki Azərbaycandakı birlik, birgəlik modeli təbiidir, illərdən bəri formalaşıb. Onu hansısa süni təkanlarla pozmaq, dağıtmaq olmaz".
Ekspert bildirib ki, cəmiyyətin bu şəkildə birliyinə səbəb yenə də milli-mənəvi dəyərlərimizə olan bağlılıqdır. İllərdir ki, ölkədə həm dövlət, həm də ictimai qurumlar milli-mənəvi dəyərlərimizi təbliğ edir, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz və s. istiqamətində layihələr, tədbirlər, nəşrlər, müzakirələr və s. həyata keçirirlər: "Baxmayaraq ki, yenə də kənar qüvvələr və onların əlaltıları xalqımızı, xüsusən də gənc nəsli öz milli-mənəvi dəyərlərinə qarşı qoymağa çalışırlar. Gözdənsalma, qarayaxma kampaniyası aparırlar. Dəyərlərimizin köhnəlmiş olması, lazımsız olması, modern dünya ilə ayaqlaşa bilməməsi kimi tezisləri dövriyyəyə buraxmaqla istəklərinə nail olmağa çalışırlar. Lakin onların bu çalışmaları da nəticəsiz olur.
Uzun illər cəmiyyətdə, xüsusən də gənc nəsil arasında milli-mənəvi dəyərlərimizlə, tariximizlə bağlı aparılan təbliğat öz nəticəsini 44 günlük müharibədə göstərdi. Azərbaycan övladları, hərbiçilərimiz elə bir qəhrəmanlıqlar göstərdi ki, nəinki ölkəmizdə, regionda, hətta dünyada belə alqış, rəğbət qazandılar. Milli-mənəvi dəyərlərinə bağlı olan, vətən sevgisi ilə böyüyən Azərbaycan hərbiçiləri cəbhədə elə bir qəhrəmanlıqlar göstərdilər ki, dünya hərb tarixi onu hələ uzun illər araşdıracaq. Şuşa şəhərini azad edən azərbaycanlı hərbiçiləri qələbəyə aparan vətən həsrəti, yurd yanğısı və öz milli-mənəvi dəyərlərinə, milli kimliyinə bağlılığın göstəricisi idi".
Şəhidlik adını, Qazilik mərtəbəsini qazanmaq, yurdlarımızı yağıdan azad etmək istəyən Vətən övladları milli-mənəvi dəyərlərimizin müdafiəçiləri idilər. Onlar öz qəhərmanlıqları ilə nəinki erməni işğalçılarını, eyni zamanda onlara dəstək verənləri də peşman etdilər. Qəhrəman vətən övladlarımız 30 illik işğal biabırçılğını üzərimizdən götürə bildilər. Bizi qalib xalq elədilər. Torpaqlarımızın işğaldan azad edilməsi millətin özünə inamını qaytardı. İşğaldan azad olunma milləti öz milli-mənəvi dəyərlərinə daha da bərk sarılmağa yönləndirdi:
"Lakin düşmən də yatmayıb və aldığı dərsdən nəticə çıxarmayıb. Yenə də dəyərlərimizə, millətimizin birliyinə qarşı olan fəaliyyətlər davam edir. Milli-mənəvi dəyərlərimizə qarşı olan fəaliyyətlərlə cəmiyyətimizi daxildən parçalamaq istəyən qüvvələr fəaliyyətlərini durmadan davam etdirirlər. İnternetin imkanlarının həddən artıq genişləndiyi bir şəraitdə kütləvi mədəniyyət dediyimiz ziyanlı proseslər cəmiyyətimizə bu və ya digər dərəcədə təsir etməyə çalışır. Kütləvi mədəniyyətin əsas hədəfi dəyərlərimizdir, birliyimizdir, ailələrimizdir. Çünki əgər toplumu öz dəyərlərinə qarşı qoymağa nail olsalar o zaman istəklərinə çata biləcəklər. Əgər ailələrimizi dağıtmağa müvəffəq olsalar o zaman cəmiyyətin inkişafına, gələcəyinə çox böyük zərbə vura biləcəklər".
M.Göyüşlü onu da vurğulayıb ki, internetin zərərli təbliğat prosesləri ilə yanaşı narkotik, psixotrop maddələr vasitəsilə də cəmiyyətimizi, xüsusən gənclərimizi məhv etməyə, zəhərləməyə çalışan böyük bir qrup fəaliyyət göstərir. Onlara qarşı hüquq-mühafizə orqanları mübarizə aparırlar. Hər gün xəbərlərdə fərdi və qrup şəklində narkotik vasitələrin satışını, yayımını həyata keçirən şəxslərin həbs edilməsilə bağlı məlumatlarla rastlaşırıq. Lakin bu bəlaya qarşı, gənclərimizi zəhərləyən qruplara qarşı yalnız inzibati yollarla mübarizə effektiv ola bilməz. Ona görə də müharibədən sonra, qalibiyyət havasından eyforiyaya qapılmadan milli-mənəvi dəyərlərimizi daha da güclü və miqyaslı şəkildə təbliğ etməliyik. İmkan vermək olmaz ki, qalib xalqın qalib övladlarını, döyüşdə məğlub edə bilmədikləri vətən övladlarını bu cür üsullarla sıradan çıxarsınlar:
"Yeri gəlmişkən, Azərbaycanın ziyalıları 44 günlük müharibədən sonra milli-mənəvi dəyərlərimizlə bağlı təbliğat üsullarını, formaların, metodlarını, dəyərlərimizlə bağlı bir sıra prinsiplərin yenilənməsini müzakirəyə çıxarmalıdırlar. Çünki işğala məruz qalmış xalqın təbliğatı və dünyagörüşü bir formada, işğaldan azad olan, qalib xalqın təbliğatı, yanaşması başqa formada olmalıdır. Lakin nəyin necə olmasından asılı olmayaraq dəyərlərinə bağlı olmaq, öz kimliyini qorumaq, tarixinə, mədəniyyətinə sahiblənmək bizim bir nömrəli vəzifəmiz olmalıdır. Bundan sonra bu istiqamətdə təbliğatı və çalışmaları daha da artırmalıyıq ki, bir daha işğal, faciə kimi dəhşətli məqamları yaşamayaq. Buna dövlətimizin də, cəmiyyətimizin də çox böyük potensialı var".

Rüstəm Cəfərov

Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» layihəsi çərçivəsində hazırlanıb