• 18 Aprel 2024
logo
QHT-lər ekoloji terrora qarşı

QHT-lər ekoloji terrora qarşı

Avqustun 17-də Bakıda, Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının (QHT) Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirilib.
Toplantıda ekoloji yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, ermənilər tərəfindən Laçının Zabux və Sus kəndlərində evlər yandırılır:
“Biz bu halların digər ərazilərimizdə də şahidi olmuşduq. Bu, bəşəri cinayətdir”.
Daha sonra çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov isə deyib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfi humanistlik nümayiş etdirdi:
“Bizim tərəfimizdən ermənilərə Kəlbəcəri, Ağdamı boşaltmaq üçün vaxt verilmişdi. Ancaq onlar həmin əraziləri tərk etmək əvəzinə, evləri, meşələri yandırırdılar. Hətta minaların da yerləşdirilməsi ilə məşğul olurdular. Bütün bunlar ermənilərin xislətini göstərir. Təəssüflər olsun ki, onlar tərəfindən hazırda da Oxçu çayın çirkləndirilməsi davam etdirilir. Beynəlxalq təşkilatlar isə ikili standartlar sərgiləyərək buna göz yumurlar. Bunlar isə yolverilməzdir. Laçın şəhəri ətrafında baş verən yanğınlar isə qəsdən törədilib. Bütün bunlar bir daha sübut edir ki, onlar bu xislətlərindən əl çəkməyəcəklər”.
Çıxış edən Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı baş verən hadisəni pisləyərək bildirib ki, bütün bunlar Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurmaqdır. Bu proses Azərbaycana və Azərbaycan xalqına qarşı patoloji nifrət bəsləyən ermənilərin həm də təbiətə, təbii sərvətlərimizə, ekoloji mühitə qarşı münasibətinin bariz nümunəsidir. Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edir.
Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət səsləndirilib.
Müraciətdə deyilir:
“Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq Azərbaycan ərazilərində dünyanın müxtəlif ölkələrindən gətirilib, qeyri-qanuni məskunlaşdırılmış erməni əhalisinin son günlər Laçın rayonu və ətraf ərazilərdə meşə yanğınları törətməsi ilə bağlı narahatlığımızı bildiririk.
Məlumat üçün qeyd edək ki, 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın müvafiq bəndlərinə uyğun olaraq Laçın rayonu və onun ətrafında olan ərazilər Azərbaycana təhvil verilməli idi. Bu proses hazırda yekunlaşmaq üzrədir və 2022-ci ilin avqust ayının sonuna kimi həmin ərazidə qanunsuz məskunlaşmış insanlar kimliyindən asılı olmayaraq bölgədən çıxarılmalıdır.
Laçın rayonu və ətraf kəndlərdə 30 ilə yaxın müddətdə qanunsuz yaşamış bu şəxslər ərazini tərk edərkən ətrafdakı uzun əsrlik meşələri yandırır və ekoloji terror törədirlər. İşğal dövründə Topxana meşələrindən başlayaraq Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandıran, Üçtərəfli bəyanatdan sonra Kəlbəcər və digər ərazilərimizdən çıxarkən meşələri, evləri, tarixi-mədəni abidələri məhv etməklə kifayətlənməyən ermənilər indi də Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vururlar. Ən dəhşətlisi isə budur ki, yerin üstünü vandalcasına məhv etdikləri az deyilmiş kimi yerin altını da başdan-başa minalarla çirkləndirirlər.
Bu gün Azərbaycan torpaqlarında törədilən bu çirkin əməllər təkcə Azərbaycan xalqına qarşı deyil, külli-bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir.
Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edir.
Biz bir qrup vətəndaş cəmiyyəti təşkilatları olaraq erməni əhalisinin Laçın rayonu və bütövlükdə Qarabağ ərazilərində apardıqları ekoloji terroru pisləyir və beynəlxalq təşkilatlardan bu məsələ ilə bağlı dəyərləndirmə aparmalarını, eləcə də bu qeyri-insani əməllərin beynəlxalq səviyyədə qınanmasına dəstək göstərmələrini xahiş edirik”.