• 19 Aprel 2024
logo
Bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir

Bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir

Füzuli Kərimov: “Bu gün Azərbaycan gəncliyi elinə, obasına, vətəninə bağlı hisslərlə formalaşır”

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, dinimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.
Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov “Xalq Cəbəsi”nə bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində dini və milli mənəvi dəyərləri baxımından maarifləndirmə işi xüsusi önəm kəsb edir.
QHT sədri qeyd edib ki, dini radikalizmlə mübarizədə dini maarifləndirmənin rolunu, gənclərin dini radikal qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün dinin onlara düzgün şəkildə çatdırılmasının vacibliyini və radikalizmin qarşısının alınmasında təhsilin önəmini xüsusidir.
Azərbaycan qədim milli-mənəvi dəyərlərə malikdir, gənclərimizin də bu ruhda tərbiyə olunması vacibdir və ölkəmizdə dövlət səviyyəsində dini radikalizm və ekstremizmə qarşı mübarizə aparılır və bu sahədə maarifləndirici tədbirlərin keçirilməsinin böyük rolu var.Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər: “Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyinə qədəm basmış Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.
F.Kərimov deyib ki, dini radikalizm dünyanın bu gün ən aktual problemlərdən biridir. Düzdür, Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Ölkədə mövcud dini etiqad azadlığından sui-istifadə edən belə radikal ünsürlərin fəaliyyətinə hüquqi qiymət verilməsi, ümumiyyətlə, mübarizə mexanizminin həyata keçirilməsi üçün ötən dövrdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən lazımi işlər görülüb. Xüsusilə, 2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qəbul edilməsi analoji problemlərlə mübarizədə çevik fəaliyyət üçün geniş imkanlar yaradıb. Bu qanun dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının, eləcə də vətəndaşların hüquq və vəzifələrini təsbit edir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, həmçinin, “Dini etiqad azadlığı haqqında” Qanuna müvafiq əlavələrin edilməsi dövlətin dini radikalizm və ekstremizmlə mübarizə sahəsində konkret taktikasını müəyyənləşdirməklə yanaşı, problemin çözümü istiqamətində təkmil mexanizm formalaşdırıb. Hazırda mövcud olan qanunvericilik bazası dini radikalizmlə mübarizə sahəsində yetərli qiymətləndirilir”.
QHT sədri bildirib ki, dini radikalizmlə mübarizədə ən önəmli və ən effektiv vasitə isə ideoloji mübarizədir. Radikalların bazasının çökdürülməsinə hesablanan bu yol əsl islami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə üzərinə düşən işləri ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə əməkdaşlıq, eyni zamanda, KİV, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirir. İndiyədək dini maarifləndirmə və dini radikalizmlə mübarizə çərçivəsində Müdafiə, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Respublika Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə tədbirlər planı imzalanıb və icra edilib.
F.Kərimov bu il Azərbaycan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı həyata keçirdiyilayihədən də bəhs edib. Deyib ki, əsas məqsədimiz gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində maarifləndirici iş aparmaqdır: “Dörd aylıq layihə çərçivəsində ölkənin aparıcı internet portallarında 12 yazı dərc etdik, internet tv-də 6 veriliş hazırladıq. Mütəxəssis fikirlərini, dini radikalizm və dini ekstremizmin törətdiyi təhlükələri, fəsadları, araşdırma və təhlilləri, məsələlələrə, elmi, islami cəhətdən yanaşmağı, tolerantlıq və multikultural mədəniyyəti, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi və dini sabitliyi, dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının qanunlarını və s. məsələləri ictimailəşdirdik”.
Onun fikrincə, özünü ölkənin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, əqidəli vətənpərvər gənc əməli fəaliyyəti ilə millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, müstəqillik arzuları, milli qürur hissi ehtiva olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqının qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövq edir.
QHT sədri sonda vurğulayıb ki, müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev də öz çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini dönə-dönə vurğulamış, bu işin Azərbaycan dövlətinin gənclər, təhsil siyasətinin prioritet məsələlərindən olduğunu diqqətə çatdıraraq demişdir: "Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır". Dövlət, QHT və media bu istiqamətdə müxtəlif mövzularda bir çox layihələr həyata keçirib. Hər birimiz gənclərimizin vətənpərvərlik ruhunda tərbiyələnməsi istiqamətində səfərbər olmalıyıq. Bir sözlə, bu gün Azərbaycan gəncliyi də göstərilən qayğıya cavab olaraq, elinə, obasına, vətəninə bağlı hisslərlə formalaşır”.

Cavid