• 28 Mart 2024
logo
“SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsinin qalibləri elan olunub

“SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsinin qalibləri elan olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının informasiya dəstəyi ilə olan “Qhtxeber.az” portalının 10 illiyi münasibətilə keçirilən “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi başa çatıb. Müsabiqə “Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları”, “İctimai nəzarətin effektiv və milli maraqların qorunması” və “QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər” mövzusunda keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən QHT Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, 51 jurnalist müsabiqəyə qatılıb və çox obyektiv, ədalətli bir seçim edilib: “Əminəm ki, jurnalistlər nəticədən razı qalıblar. Çünki biz münsiflər heyətini elə bir heyətdən formalaşdırdıq ki, həmin şəxslər ictimaiyyət tərəfindən qəbul olunan yazı adamları olsun. Eyni zamanda elə bir sistem tətbiq etdik ki, yazının müəllifi əvvəlcədən münsiflərə bəlli olmayıb. Gördüyünüz kimi, sizin həmkarlarınız qalib oldu. Fürsətdən istifadə edib təbrik edirəm”.

“Qhtxeber.az” portalının baş redaktoru Sənan Nəcəfzadə bildirib ki, portal 10 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının dəstəyi ilə yaranıb: “Müsabiqə ilk dəfədir keçirilir. Üç istiqamət üzrə üç qalib müəyyən olunub. Ölkənin tanınmış media qurumlarının rəhbərləri münsiflər heyətinin üzvləri kimi çıxış edib. Tam qapalı səsvermə nəticəsində qaliblər müəyyən olunub”.

“APA Group”un rəhbəri Vüsalə Mahirqızı bu müsabiqəni Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ən yaxşı layihələrindən biri adlandırıb: “Son dərəcə innovativ bir layihədir. “SƏLİS Jurnalist” layihəsi smart düşüncəni göstərən layihədir. Həmkarlarımın da bildirdiyi kimi, biz orada kimin yazısı olduğunu bilmirdik. Seçim zamanı hətta münsiflərlə mübahisə də edirdik. Bilmədən yüksək bal verdiyimiz insanlar məşhur imzalar idi”.

Xalq şairi Sabir Rüstəmxanlı öz çıxışında bugünkü tədbiri çox əhəmiyyətli tədbir hesab etdiyini deyib və müsabiqənin qaliblərini müəyyən edərkən çox çətin bir seçim qarşısında qaldıqlarını bildirib: “Çünki qısa müddətdə çox az vaxt qalırdı. Qısa müddətdə biz 51 yazı oxumalıydıq. Bizə verilən yazılar da şifrələnmiş yazılar idi. Hərə öz qiymətini verirdi”.

Qeyd edək ki, müsabiqənin münsifləri xalq şairi Sabir Rüstəmxanlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “APA Group”un rəhbəri Vüsalə Mahirqızı, “Yeni Müsavat” qəzetinin rəhbəri Rauf Arifoğlu və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid olub.

“Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları” mövzusunda 1-ci yer üzrə, “ Lent.az ”ın əməkdaşı Səbuhi Məmmədli, 2-ci yer üzrə “Publika.az”ın əməkdaşı Asif Nərimanlı və 3-cü yer üzrə “AFN.az”ın əməkdaşı Həbibə Abdulla seçilib.

“İctimai nəzarətin effektiv və milli maraqların qorunması” mövzusunda 1-ci yer “Musavat.com”un əməkdaşı Sevinc Telmanqızı, 2-ci yer üzrə “Moderator.az”ın əməkdaşı Seymur Əliyev və 3-cü yer üzrə “Ayna.az”ın əməkdaşı Rumiyə Miraslan elan olunub.

“QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər” mövzusunda isə 1-ci yer üzrə “CBC.az”ın əməkdaşı Fərəh Sabirqızı, 2-ci yer üzrə “Azadinform.az”ın əməkdaşı Fidan Afər və 3-cü yer üzrə “Muallim.edu.az”ın əməkdaşı Ruhiyyə Daşsalahlı mükafatlandırılıb.