• 20 Aprel 2024
logo
“Yurd” Vətən müharibəsinə həsr olunmuş intellektual turnir keçirib

“Yurd” Vətən müharibəsinə həsr olunmuş intellektual turnir keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Zəfərin fatehləri” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Quba rayonu Zərdabi qəsəbəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında intellektual oyun keçirilib.
Turnirdə Quba rayonunun Zərdabi, Bağbanlı, Barlı qəsəbələrində, eləcə də Amsarqışlaq, Qəcərzeyid, Alekseyevka və Zizik kəndlərində yaşayan və təhsil alan yeniyetmə gənclərdən ibarət komandalar iştirak edib.
Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin gənc nəsil arasında 30 illik Vətən həsrətinə son qoyaraq zəfərimizlə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətinin və onun qazanılmasında şəhid və qazi olan qəhrəman eloğullarımızın təbliği olduğunu qeyd etmişdir.
Rəsmi hissə başa çatdıqdan sonra “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilmiş Elvin Seyfəddinovun aparıcılığı ilə turnirə start verilmişdir.
Yekunda Alekseyevka kəndini təmsil edən “Dəmir Yumruq” komandası turnirin qalibi adını qazanmışdır. Bağbanlı qəsəbəsinin eyni adlı komandası ikinci, Zərdabi qəsəbəsinin “Siempre” biliciləri üçüncü mükafata sahib olmuşdur.
Qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla, bütün iştirakçılar isə Quba şəhidləri haqqında hazırlanmış “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı kitabla təltif edilmişdir.
Qeyd edək ki, may ayınadək davam edəcək layihə çərçivəsində gənclərin iştirakı ilə daha bir neçə dəfə vətən müharibəsinə həsr olunmuş intellektual yarışlar və tir atıcılığı üzrə turnirlər təşkil olunacaqdır.