• 20 Aprel 2024
logo
“QHT-lər vətəndaş cəmiyyətinin strukturu kimi hüquqi dövlət quruculuğu prosesində fəal rol oynayırlar”

“QHT-lər vətəndaş cəmiyyətinin strukturu kimi hüquqi dövlət quruculuğu prosesində fəal rol oynayırlar”

Fuad Hüseynzadə: “Hazırda ölkəmizdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 3000-dən artıq qeyri-hökumət təşkilatı mövcuddur”

“İşğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir. Bu abidələrin timsalında dünya və ölkəmizin mədəni irsinə münasibət beynəlxalq təşkilatlar və KİV-lər, xarici dövlətlərin qınağına səbəb olmalıdır. Təəssüf ki, dünya mediası Ermənistanın Azərbaycanın torpaqlarını işğal edərək bütün infrastrukturu və tarixi, dini-mədəni abidələri dağıtmasına səssiz qalırlar. İnsanlığa və bəşəriyyətə qarşı bu cinayətlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün xarici KİV-lərdə yazıların çap olunması zərurətə çevirilib”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuad Hüseynzadə səsləndirib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirib.
-Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda QHT-lərin nə kimi rolu var?
- Demokratik ölkələrdə insanların vətəndaşlıq borcu onların vətəndaş cəmiyyəti quruculuğunda daimi çalışmasıdır. Bunun üçün də insanlarda birgə yaşamaq istəyi, əldə olanı hamıya bərabər formada bölmək bacarığı olmalıdır. Əlbəttə, bu cür yaşam tərzinin formalaşması üçün əsrlərlə həyat və dövlətçilik təcrübəsi lazımdır. Amma demokratiyanın təməli düzgün qoyulmalıdır ki, vaxtında da istənilən nəticə alınsın. Yəni, sonda insanlar hansısa qurum və təşkilatlarda toplana bilsinlər ki, vətəndaş cəmiyyətini qurmaq mümkün olsun. Fərdi şəkildə fəaliyyət demokratik idarəçiliyə heç cür uyğun gəlmir. Bunun üçün də birgə fəaliyyətə hökmən ehtiyac var. Demokratik idarəçilikdə insanları birləşdirən fəaliyyət sistemlərindən biri də qeyri-hökumət təşkilatlarıdır.
QHT-lər vətəndaş cəmiyyətinin strukturu kimi hüquqi dövlət quruculuğu prosesində fəal rol oynayırlar. Hazırda ölkəmizdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 3000-dən artıq qeyri-hökumət təşkilatı mövcuddur. Bu təşkilatlar ölkədə vətəndaş cəmiyyətinin formalaşması, insan hüquqlarının qorunması və digər sahələr üzrə maarifləndirmə işləri, sosial sferada mühüm layihələr həyata keçirir.
-Aid olduğu istiqamət üzrə rəhbəri olduğunuz QHT hansı fəaliyyət göstərir?
- Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədi ilə təsis edilib. DFJD yarandığı gündən dövlətimizin diaspor və media siyasətinə vətəndaş cəmiyyəti olaraq öz töhfəsini verir. Bizim məqsədimiz və strateji hədəflərimiz Azərbaycan mediasının diaspor mövzusuna diqqətini artırmaq, informasiya savaşında ölkəmizin mövqeyini gücləndirmək və xaricdəki soydaşlarımızı bu işə təşviq etmək, Azərbaycan həqiqətlərinin xaricdə yaymaqdır. DFJD “güclü Azərbaycan, güclü diaspor” düşüncəsi ilə Azərbaycan həqiqətlərinin təbliğində hədəflərə çatmaq üçün yeni formalara üstünlük verir.
Məlumat üçün bildim ki, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) media orqanı olaraq “Diaspornews.az” saytı fəaliyyət göstərir. Azərbaycan diasporuna media dəstəyi verən və üç dildə yayımlanan saytda xəbər, müsahibə, reportaj, araşdırma və müəllif yazıları yer alır. Obyektivlik və qərəzsizlik prinsiplərini əsas götürən sayt peşəkar jurnalist komandası ilə diaspor və digər sahələrdə yenilikləri operativ şəkildə oxuculara çatdırır.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin nəzdində Rəqəmsal Media Mərkəzi fəaliyyət göstərir. DFJD-nın Rəqəmsal Media Mərkəzi müxtəlif ölkələrin media qurumları ilə çoxşaxəli əməkdaşlıq edir. Mərkəz üzərindən xarici ölkələr arasında media platformaları yaradılacaq, informasiya mübadiləsi ediləcək, forumlar və s. keçiriləcək. Əsas fəaliyyət istiqamətlərindən biri də informasiya müharibəsinin aparılması, xüsusən informasiya savaşında iştirak etmək üçün xarici və yerli mobil qrupların hazırlanmasıdır. Bizim strategiyamız ancaq müdafiə mövqeyində qalıb cavab yazıları hazırlamaq deyil. Hücum mövqeyində olub, ölkəmizin düşmənlərini dünya mediasında ifşa etməkdir.
-Bəs, hazırda hansı layihəni icra edirsiz?
- İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək tarixi ədaləti bərpa etdi. Bu qələbədən sonra işğaldan azad olunan rayonlarda vandallıq və insanlığa sığmayan vəhşilikləri bir daha üzə çıxdı. Belə ki, ermənilər təxminən bu 30 il ərzində işğalda saxladıqları Azərbaycan ərazilərində məscidləri, müqdddəs ocaqları təhqir ediblər, tarixi və mədəni abidələri dağıdıb, meşələri yandırıblar. Ermənilərin bəşəri dəyərlərə etdikləri ən böyük hörmətsizlik qəbirstanlıqları dağıtmaları və qəbirləri qazıb insan sümüklərini aparmaları olub. Hətta bir çox qəbir daşlarından pilləkən, döşəmə kimi istifadə ediblər.
İşğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir. Bu abidələrin timsalında dünya və ölkəmizin mədəni irsinə münasibət beynəlxalq təşkilatlar və KİV-lər, xarici dövlətlərin qınağına səbəb olmalıdır. Təəssüf ki, dünya mediası Ermənistanın Azərbaycanın torpaqlarını işğal edərək bütün infrastrukturu və tarixi, dini-mədəni abidələri dağıtmasına səssiz qalırlar. İnsanlığa və bəşəriyyətə qarşı bu cinayətlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün xarici KİV-lərdə yazıların çap olunması zərurətə çevirilib. Bunun üçün müxtəlif ölkələrin media qurumları ilə əməkdaşlıq edilməli, xarici KİV-lərdə Azərbaycanın tanıtmı və təbliği işi gücləndirilməlidir. Eyni zamanda xaricdəki soydaşlarımız, xüsusən diaspor jurnalistləri bu istiqamətdə fəaliyyətlərini artırmalıdırlar. Məhz buna görə də “Erməni vandalizmi beynəlxalq mediada” layihəsini icra edirik. Çünki hazırkı vəziyyətdə, xüsusən ermənilərin Qarabağda törətdikləri vandalizm faktları ilə bağlı xaricdə yazıların çapı istənilən səviyyədə deyil. Müşahidələr göstərir ki, bir çox xarici ölkələrin mediası əksər zamanlarda heç də Azərbaycanla bağlı müsbət xəbərlər yaymırlar. Hətta bəzən Azərbaycanda baş verən hadisələrə, xüsusən ölkəmizə düşmən olan dövlətlərin mediasında neqativ mövqedən yanaşmalara rast gəlinir. Məhz buna görə də xaricdə Azərbaycanpərəsət jurnalistlərin də sayının artırılmasına ehtiyac var. Azərbaycan və əcnəbi kütləvi informasiya vasitələri nümayəndələrinin arasında əlaqələrin daha da fəallaşdırılması problemin həllinə müsbət təsir edə bilər. Bundan sonra Azərbaycan həqiqətlərini, eləcə də işğaldan azad olunan rayonlardakı erməni vandallığını birbaşa əcnəbi jurnalistlərin vasitəsilə də yaymaq mümkündür.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən layihənin məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində erməni vandallığı ilə bağlı beynəlxalq aləmi məlumatlandırmaq, Ermənistanın təcavüzkar siyasətini ifşa etmək, dünya ictimaiyyətində Azərbaycan, o cümlədən Qarabağ həqiqətləri haqqında düzgün fikir formalaşdırmaqdır. Həmçinin layihənin məqsədi əcnəbi jurnalistlərlə əməkdaşlığı gücləndirərək ermənilərin Azərbaycanla bağlı yalan məlumatlarının qarşısını almaq, xaricdə media dayaqlarımızı gücləndirmək və diaspor üzvlərini bu işə təşviq etməkdir. Bununla yanaşı, məqsəd ölkəmizə qarşı informasiya təhdidləri və basqıları, o cümlədən qarayaxmalar zamanı xaricdəki yeni media tərəfdaşlarımız vasitəsilə beynəlxalq KİV-də gündəmi operativ şəkildə öz xeyrimizə dəyişməkdir.
-Bu layihənin həyata keçirilməsi hansı zərurətən irəli gəlib?
-Dünya erməniləri Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini həzm edə bilmirlər. Artıq erməni lobbisi bunadan kəskin şəkildə aqressiyalaşıb. Məhz buna görə də ermənilər xarici mediada da Azərbaycana qarşı qarayaxma kampaniyaları aparmağa üstünlük verirlər.
Vətən müharibəsindən sonra bir çox ölkələrin mediasında Azərbaycanın əleyhinə yazılar daha da artıb. Məqsədli şəkildə bizim ölkə haqqında, xüsusən Qarabağ mövzusunda ermənilərin lehinə yazılar dərc olunur. Xatırladaq ki, ötən ilin 10 dekabrında Bakıda təşkil edilmiş hərbi paraddan sonra erməni iş adamları qondarma rejimi dünya mediasında tanıtmaq üçün 200 milyon dollar vəsait ayırıblar.
İnformasiya savaşında Azərbaycana qarşı qara kampaniyaların, erməni təxribatlarının, yalan məlumatların qarşısının alınmasında və ifşa olunmasında xarici medianın gücündən yararlanmaq vacib amildir. Lakin son zamanlar erməni lobbisi tərəfindən dünya KİV-lərində yalan məlumatların yayılması bir daha göstərdi ki, xarici ölkələrdə media dayaqlarımızı gücləndirməyə ehtiyac vardır. Qarabağ həqiqətlərini yaymaq, gündəmi xeyrimizə dəyişmək üçün təbliğat aparan əcnəbi KİV nümayəndələri və xaricdəki azərbaycanlı diaspor jurnalistlərinin azlığı belə məqamlarda daha çox özünü büruzə verir.
Müasir dövrümüzdə informasiya özü də bir mübarizə növünə keçib. Beynəlxalq aləmdə KİV vasitəsilə mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə əlaqələri gücləndirmək lazımdır. Həmçinin Azərbaycan həqiqətlərinin yayılması, Ermənistanın təcavüzkar siyasətini, işağldan azad olunan ərazilərdə ermənilərin vandalizm əməllərinin ifşa etmək üçün xarici KİV-lərdə mütəmadi olaraq məqalələr işıqlandırılmalıdır. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev dəfələrlə cağırış edib. Ölkə başçısı 2020-ci ilin iyulun 16-da Ceyhun Bayramovun Xarici İşlər naziri təyin olunması ilə əlaqədar qəbul edərkən videoformatda çıxışında da deyib ki, xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır. Vətən müharibəsi dövründə ölkə başçısının şəxsən xarici KİV-lər verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin beynəlxalq mediada yayılmasının nə dərəcədə zəruri olmasının bariz nüminəsidir. Göründüyü kimi, bu fəaliyyət istiqaməti dövlətin də marağındadır və hər zaman aktualdır.
Əli Zülfüqaroğlu