• 24 Aprel 2024
logo
Açıq Hökumət Platforması Avropa Parlamentinin qətnaməsini pislədi

Açıq Hökumət Platforması Avropa Parlamentinin qətnaməsini pislədi - MƏTN

Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platforması Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli qətnaməsinə dair BƏYANAT qəbul edib.
Bəyanat Avropa Parlamentinin siyasi qruplarına göndərilib.
Bəyanatın mətnini təqdim edirik.
Avropa Parlamenti 10 mart 2022-ci il tarixdə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə “ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması” ilə bağlı qərəzli və böhtan xarakterli qətnamə qəbul etmişdir.
Avropa Parlamenti hər şeydən öncə nəzərə almalı idi ki, qeyd edilən ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanlıların bu torpaqların daimi sakinləri olması ilə bağlı təkzibedilməz dəllillər mövcuddur və müxtəlif tarixi mənbələrlə təsdiqini tapmış danılmaz həqiqətdir. Ermənilər bu ərazilərdə yalnız 1993-cü ildən etibarən işğal altında saxladıqları təxminən 30 il müddətində və çox az sayda olmaqla müvəqqəti məskunlaşıblar. 2020-ci il 27 sentyabr – 10 noyab tarixində aparılan anti-terror əməliyatı nəticəsində bu torpaqlar işğaldan azad edilmiş və Azərbaycanın yurisdiksiyası altına qaytarılmışdır. Təsadüfi deyildir ki, BMT TŞ işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan 4 qətnamə (822, 853, 874 və 884 saylı qətnamələr) qəbul etmişdir.
İşğaldan sonrakı vəziyyət göstərdi ki, 30 ilə yaxın bir dövrdə Ermənistan Qarabağın və Şərqi Zəngəzurun tarixi abidələrini, maddi-mədəni irsini, mülki və sosial obyektlərini tamamilə dağıtmışdır. Coxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulmuş və talanmışdır. Məscidlər yerlə-yeksan edilmiş, inək və donuz saxlanılan yerlərə çevrilmişdir.
Ermənistan tərəfindən işğal edilərkən qeyd edilən Azərbaycan ərazilərində 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Qeyd edilən maddi və mənəvi sərvətlər tamamilə dağıdılmış, eyni zamanda 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır.
Dağıntı faktlarını təsdiq edən çoxsaylı foto və video çəkilişlər, şahid ifadələri vəs. kimi sübutlar müvafiq beynəlxalq qurumlara təqdim edilmiş və online resurslarda yerləşdirilmişdir. Yalnız bu faktlarla tanışlıq kifayət edər ki, azərbaycanlıların tarixi-mədəni irsinə qarşı vandalizmin miqyası haqqında doğru təsəvvür formalaşmış olsun. Bir faktı da xatırlatmaq yerinə düşər ki, Azərbaycan dövləti işğal müddətində dəfələrlə UNESCO və digər ixtisaslaşmış beynəlxalq qurumların mədəni irsin vəziyyətinin qiymətləndirilməsi üçün bu ərazilərə səfərlərinin təşkil edilməsi ilə bağlı müraciət etmiş olsada, Ermənistan tərəfindən bu cür səfərlərin qarşısı hər vəchə alınmışdır.
Avropa Parlamentinin ermənilərin azərbaycanlılara məxsus tarixi mədəni irsin dağıdılmasını sübutlarla təsdiqini tapan vandal davranışına obyektiv qiymət vermək əvəzinə, əsassız olaraq azərbaycan tərəfini ittiham etməsi anlaşılan deyildir. Əsas missiyası sülhün və təhlükəsizliyin, o cümlədən qanunun aliliyinin təmin edilməsi olan bu cür mötəbər qurumun yanlış və ədalətsiz mövqeyi təəssüf doğurur. Avropa Parlamentinin bu cür qeyri-sağlam və qərəzli münasibəti regionda kövrək sabitliyə təhlükə yaradır və münaqişənin qızışmasına zəmin yaradır.
Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması olaraq biz Avropa Parlamentininin bu qətnaməsini pisləyir və onu bu cür həssas məsələlərə münasibətdə obyektiv və ədalətli olmağa səsləyirik.