• 28 Mart 2024
logo
“Ekoturizmin təbliğində bələdiyyələrin rolu” layihəsi çərçivəsində silsilə görüşlər keçirilib

“Ekoturizmin təbliğində bələdiyyələrin rolu” layihəsi çərçivəsində silsilə görüşlər keçirilib

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoturizmin təbliğində bələdiyyələrin rolu” mövzusunda həyata keçirilən layihəsi çərçivəsində Quba rayonunda silsilə görüşlər keçirilib. Təşkilatdan xalqcəbhəsi.az-a verilən məlumata görə, dördgünlük səfər proqramına uyğun olaraq Ekologiya və Təbii sərvətlər Nazirliyinin 5 saylı Xaçmaz regional idarəsində, Azərbaycan Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatında (QDTM), Quba bələdiyyəsində bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla görüşlər reallaşdırılıb.
Görüşlərdə layihə çərçivəsində ekoturizmin təbliği və bölgələrdə ekoturizmin inkişafında yerli özünidarəetmə orqanlarının aktivliyinin artırılması yolları, ekoturizmlə bağlı yerli büdcəyə əlavə maliyyənin cəlb edilməsi üçün konkret addımların atılması geniş şəkildə müzakirə edilmiş, Quba DMT-nin turizmin bu növü üzrə görülmüş işlər, gələcək plan və fəaliyyətlər müzakirə olunmuş məlumatlar verilib.
Ekologiya və Təbii sərvətlər Nazirliyinin 5 saylı Xaçmaz regional idarəsinin rəisi Qaffar Xıdırov, Azərbaycan Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının rəhbəri Heybət Vəliyev həbelə Quba Bələdiyyəsinin sədri Humaya Məmmədova görüşlərdə layihənin region üçün aktual olduğunu xüsusi olaraq vurğulayıblar.
Layihə iştirakçıları Vüqar Tofiqli, Asəf Mikayılov və layihə üzrə ekspert, iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru Fərhad Mikayılov görüş iştirakçılarına layihə barəsində ətraflı məlumat vermiş və adıçəkilən qurumlarla əməkdaşlaq əlaqələrinin qurulması qərara alınıb.
Tədbirlərdə ekoturizmin təbliğində bələdiyyələrin rolunun artırılması istiqamətində bələdiyyələr üçün treninqlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb, həmçinin informasiya mübadiləsi nəzərdən keçirilıib, o cümlədən ekoturizmlə bağlı mövcud vəziyyəti və perspekltiv inkişaf istiqamətlərini ozündə ehtiva edən hesabatın hazırlanması məsələləri müzakirə edilib.
Səfər çərçivəsində Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti təşkilatının təşəbbüsü ilə Qusar rayonunun Çiləgir kəndində Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının icraçı direktoru, turizm sahəsi üzrə tanınmış bloger Fərhad Aşurbəyli ilə maraqlı fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması yolları da müzakirə edilib.
Xatırladaq ki, layihə dörd ay müddətində icra olunacaq.
Məlumat üçün bildirək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi 15.02.2010-cu ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Birliyin əsas məqsədi yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin fəaliyyətini təbliğ etmək, onların problemlərini ictimailəşdirmək və fəaliyyətlərinə yardımçı olmaqdır. İctimai birlik 2012-ci ildən etibarən hər il Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihələri uğurla başa çatdırıb.