• 6 Dekabr 2021
logo
Səadət Yusifova: "Memorial.az saytı şəhidlər haqqında məlumatları vahid elektron resursda cəmləşdirəcək”

Səadət Yusifova: "Memorial.az saytı şəhidlər haqqında məlumatları vahid elektron resursda cəmləşdirəcək”

“Dünən Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının birinci ildönümünü qeyd edib. Bu gün isə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş yeni layihənin – memorial.az saytının -“xalqın yaddaş kitabı”nın təqdimatında iştirak edirik”.
Bunu Azərbaycan Respublikası Prezident Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib.
O deyib ki, şəhidlərin fədakarlığının mahiyyəti xalqın kollektiv idrakında daim əks olunacaq, çünki Azərbaycanın ərazi bütövlüyü onların canları hesabına inşa edilmiş abidədir: “Memorial.az saytı da məhz həmin “yaddaş kitabı”dır. Şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəsdir. Vətən müharibəsinin gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlərimiz haqqında müxtəlif məlumatlar paylaşılır. Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır. Memorial.az saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır”.
S. Yusifova qeyd edib ki, gələcəkdə saytın funksionallığının və əhatəsinin daha da artırılması nəzərdə tutulur: “2016-cı il, atəşkəs dövrü, Birinci Qarabağ müharibəsi şəhidlərinin, ümumilikdə münaqişənin gedişində həlak olmuş hərbi qulluqçuların və mülki şəxslərin də məlumatlarının sistemləşdirilməsi nəzərdə tutulur".