• 19 Aprel 2024
logo
Səadət Yusifova: "Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır"

Səadət Yusifova: "Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır"

"44 günlük Vətən müharibəsi tamamilə yeni Azərbaycan dövlətinin və yeni Azərbaycan millətinin qanla və torpaqla yoğrulduğu epoxal bir andır. Ötən bir il ərzində biz yenilənmiş Azərbaycana daxildən və xaricdən baxışın fundamental dəyişməsinin, ölkəmizə və xalqımıza qarşı oturuşmuş stereotiplərin dağılmasının, dünyanın tamamilə yeni bir Azərbaycanı kəşf etməsinin şahidi olduq".
Bunu Azərbaycan Respublikası Prezident Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib.
Onun sözlərinə görə, Ermənistanın münaqişə dövründə status-kvonu saxlamaq və işğalı möhkəmləndirmək, münaqişənin son 2 ili ərzində danışıqların formatını və mahiyyətini dəyişdirmək cəhdləri, ona qarşı sanksiyaların tətbiq edilməməsi, illər ərzində hökm sürən cəzasızlıq, 2020-ci ilin iyul-avqust aylarında törətdiyi təxribatlar ötən il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yeni irimiqyaslı hücumu ilə nəticələndi: "Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, hərbi-siyasi yollarla 30 illik münaqişəni həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Münaqişə keçmişdə qaldı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Bu, yəqin ki, BMT-nin yarandığı vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında ikili standartlara və selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var".
O deyib ki, beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır: "Vətən müharibəsi əslində XXI əsrdə dünya xalqlarının müasir beynəlxalq münasibətlər sistemində mövcud olan ədalətsizliyə qarşı ucalan ilk belə səsidir. Formalaşan yeni dünya quruluşunun görünən ilkin cizgiləridir. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası yalnız Azərbaycan milli ruhunun qələbəsi deyil, həm də son 2 əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılmasıdır. Bundan başqa, 44 günlük Vətən müharibəsinin yaratdığı yeni reallıq regionda dayanıqlı və uzunmüddətli sülh, əmin-amanlıq və təhlükəsizliyi təmin edən mühüm amillərdən biri olacaq. Bu zəfərin kökündə Azərbaycan Prezidentinin uzun müddətli hədəflərə hesablanmış çoxşaxəli strategiyası, ölkənin iqtisadi, siyasi, hərbi, diplomatik, informasiya istiqamətlərdə güclənməsi məqsədilə uzun illər ərzində böyük əzmlə, fasiləsiz gördüyü işlər və Prezident-ordu-xalq birliyi durur. Müzəffər Ali Baş Komandanın, Müzəffər ordumuzun və Müzəffər xalqımızın yazdığı bu tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir”.