• 20 Aprel 2024
logo
QHT RƏHBƏRI KOMITƏ SƏDRINDƏN KÖMƏK ISTƏYIB

QHT RƏHBƏRI KOMITƏ SƏDRINDƏN KÖMƏK ISTƏYIB

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev Şabran rayonunda məmur özbaşınalığı, vətəndaşların hüquqlarının pozulması, onların incidilməsi ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova müraciət edib.
Müraciətdə deyilir:
Hörmətli Sadiq müəllim!
Azərbaycan Prezidenti cənab İlham Əliyev məmur-vətəndaş münasibətlərində, vətəndaşlarla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən də bunu tələb edir. Prezident vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, etik qaydalara əməl edilməsini, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təminini məmurlar qarşısında ən zəruri vəzifələr kimi müəyyənləşdirib.
Prezident öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmalarının, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yanaşmalı olduqlarının vacibliyini örnək göstərir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin iş üslubuna çevrilib.
Amma təəssüflər olsun ki, bəzi məmurlar bunu nəinki özlərinə nümunə kimi götürmürlər, heç sığışdırmırlar. Onlardan biri də Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və şəhər üzrə nümayəndəsi Orxan Kərimovdur.
Hörmətli Sadiq müəllim! Şabran rayonun problemləri çoxdur, sadalamqla bitməz. Bu günün deyil, çoxdandan yığılıb qalıb. Ona görə ki, məmurlar kabinetlərindən çıxmırlar, özlərini qoruyurlar - yayda tərləməkdən, qışda soyuqlamaqdan.
Əgər kabinetlərində çıxıb vətəndaşlarla mütəmadi ünsiyyətdə olsaydılar o zaman problemlərdən agah olardılar, azından şəhərin zibilliklər məkanına çevrildiyini, yolların bərbadlığını görərdilər.
Görməyiblərsə və yaxud da görüb göz yumublarsa, hər iki halda yenə məsuliyyət daşıyırlar...
Hörmətli Sadiq müəllim, şəhərin mərkəzi - ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektin zibilliyə çevrilməsi sakinlərin haqlı narazılığına və narahatlığına səbəb olub. On illərdir prospektin Ordubadi adına küçə ilə kəsişən nöqtəsində iki yararsız zibil qutusu qoyulub. M.Ə.Sabir, Ordubadi, Z.Əliyeva, Ü.Hacıbəyov adına küçələrin və sözügedən prospektin sakinləri, ətrafda fəaliyyət göstərən mağaza və iaşə obyektlərinin bütün məişət tuallantıları, hətta prospekti iki yerə bölən parkın tullantıları da bura tökülür.
Yayın istisində zibilin üfunəti, iylənməsi, milçəklər, sür-sümük üstündə pişiklərin dalaşması, gecələr itlərin boğuşması... küləkli havada zibil tullantılarının havada “rəqs etməsi”, ətrafa yayılması, daşınmayan zibillərin yağış suyunda "yuyun"ması... dəhşətli bir mənzərədir. Bura qoyun başı, mal içalatı, ölü pişik və toyuqları, qoyun dərilərinin atıldığını demirik... Zibil maşınından zibil suyunun yerə tökülməsindən asfaltın üzü qaralıb. İstidə həmin örtüyün qoxusu ətrafı bürüyür.
Səhər saat 7 radələrində zibil yığanlar yararsız, təkərsiz qutularını asfalt üzərində zibil maşınına sürükləyib "həyacan siqnalı"nı verməklə ətrafda yaşayanları yuxudan hövlanak oyadırlar.
Bütün bu səs-küydən, üfunətdən, cəhənnəmdən uzaq olanlar arasında başçı və onun şəhər üzrə nümayəndəsi də var. Hansılar ki, bu problemin həllində birbaşa məsuliyyət daşıyırlar. Vətəndaşlar burada üfunətdən, çirkabdan, milçək əlindən həyətlərində otura bilməyəndə, onlar rahat şəkildə kondisionerli kabinetlərdə əyləşirlər, sübh tezdən "həyacan siqnalı"na yuxudan oyananda, onlar şirin yuxuda olurlar.
Hörmətli Sadiq müəllim! Dövlət idarə və strukturlarının əksər hissəsi bu prospektdə yerləşir. Hər gün bu yolla başçı, müavinləri, şöbə rəisləri, idarə müdirləri işə gedib, gəlirlər. Bu acınacaqlı mənzərəni görməmək mümkün deyil. Acınacaqlı vəziyyət prospekt boyuncadır.
Problemdən İcra Hakimiyyətinin rəsmiləri və başçının şəhər üzrə nümayəndəsi Orxan Kərimovun da xəbəri var. Amma nə fayda...
Problem sosial şəbəkələrdə ictimailəşdirildikdən sonra çıxış yolu kimi daha iki yararsız zibil qutusunu gətirib bura qoymaqla zibilliyin sahəsini genişləndirdilər. Hələ də bu "başbilənlərə" başa sala bilmədik ki, prospekt ümummilli liderimizin adını daşıyır, mərkəzi küçədir. Belə xoşagəlməz halların yaranmasına rəvac verməyin, şərait yaratmayın. Zibil qutularının sayını artırmaqla zibilliyin masştabının böyüməsinə şərait yaradırsız. Zibil qutularının yerini dəyişin, ətrafda münasib, qapalı yerlər çoxdur. Bura əlavə iki qutu qoymaqdansa, o qutuları zibil qutusu olmayan küçələrə paylaşdırın.
Nə fayda... 4 qutu da dolub, daşdı... Vətəndaş məsuliyyətsizliyi də məmur məsuliyyətsizliyinə qovuşdu. Zibil dolu bağlamalarını yerə atılır, bu azmış kimi, yararsız təsərrüfat malları, şifer, metallar, polietilen qablar, maşın təkərləri, ağac budaqları.... bir sözlə, kimin əlinə nə keçir gətirib bura atır. İş o yerə çatıb ki, maşınla prospekt boyunca hər iki istiqamətdə hərəkət edən sürücülər yolüstü saxlayıb elə pəncərədən zibil bağlamalarını bura tullayırlar. Zibil qutuları tam təmizlənmədiyindən üfunət gün ərzində qalır.
Bu yerdən yüz və iyirmi metr məsafələrdə daha bir neçə zibil qutular qoyulub ki, onlar da ətrafda yaşayanların narahatlığına, narazılığına səbəb olub. Zibil qutularının prospektin görünən yerlərində qoyulmasının nə məqsəd daşıdığı məlum deyil. Zibil daşıyan maşının rahatlığı üçün yüzlərlə sakinin narahat və narazılığına səbəb olurlar.
Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində yazılıb: "Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır". Bizi bu hüquqdan məhrum ediblər. Hətra prospektin aşağı hissəsi - Əlillər üçün tikilən binanın qarşısında zibillər daşımır, yandırılır. Bu da qanun pozuntusudur.
Hörmətli Sadiq müəllim! Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və şəhər üzrə nümayəndəsi Orxan Kərimov vətəndaşların hüquqlarını pozur, qanun aliliyinə hörmətlə yanaşmırlar. Hər gecə ətraf küçələrdən uzun bir yol qət edib bura zibil atmağa gələn yaşlı qadınlarımızı, xanımlarımızı fikirləşmirlər. Onlar da narazıdırlar ki, niyə 100-ə yaxın sakinin yaşadığı küçəyə bir zibil qutusu belə qoyulmur. Sakinlər zibilliklər in əhatəsindədirlər. Məmurlar koronavirusun yayıldığı bir vaxtda zibilliklərin ətraf mühitə, insan orqanizminə vurduğu ziyanın fərqində deyillər.
Cənab Prezidentin "Heç kim toxunulmaz deyil" mesajını unudub, özlərini toxunulmaz şəxslər hesab edirlər.
Cənab Prezidentimiz çıxışlarınızın birində vurğulayıb: "İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir..."
Vətəndaşa xidmət etmək, onun hüquqlarını qorumaq, problemləri ilə maraqlanmaq, onları həll etmək məmurların borcudur, bunu onlardan heç kim xahiş etməməlidir. Belə məmurlar problemi görüb həll etməməklə vətəndaşları dövlətdən, hakimiyyətdən narazı, incik salırlar.
Cənab Prezident 20 iyul 2017-ci ildə Milli Mətbuat Günü münasibətilə jurnalistlərə mənzillərin paylanması mərasimində deyib: "... Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz.."
Hörmətli Sadiq müəllim! Bir vətəndaş, QHT sədri, jurnalist kimi cəmiyyəti incidən, vətəndaşları narazı salan problemləri dəfələrlə ictimailəşdiririk, amma təəssüflər olsun ki, bəzi məmurlarımız buna reaksiya vermirlər, vətəndaşların konstitusion hüquqları qorunmur. Problemdən xəbəri olan məmurlar bir dəfə də olsun həmin əraziyə baxış keçirməyiblər. Məmur özbaşınalığı ümummilli liderimizin ideyalarına, hakim partiyanın ideologiyasına xəyanətə bərabərdir. Cənab Prezidentimizin məmur-vətəndaş münasibətləri ilə bağlı tövsiyələri qulaqardına vurulmamalıdır.
Hörmətli Sadiq müəllim! Şabran və Siyəzən rayon sakinlərinin parlamentdə səsi kimi tez bir zamanda bir çox sosial problemlərimizin həllinə dəstək olmusuz. Hansılar ki, on illərdir həmin problemlər həll olunmurdu. Bu xidmətiniz sakinlərimizi tərəfindən dəyərləndirilir və təqdir edilir. Media vasitəsilə müraciət edərək bu problemin də həllində bizə dəstək olmağınızı Sizdən xahiş edirik.

Hörmətlə, Cavid Şahverdiyev
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, Avrasiya İnformasiya Agentliyinin baş redaktoru