• 22 Yanvar 2022
logo
Azay Quliyev: “Ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar bir neçə xarici QHT ilə təmasdayıq”

Azay Quliyev: “Ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar bir neçə xarici QHT ilə təmasdayıq”

“Agentlik olaraq çox ciddi planlarımız var. Agentliyin strategiyası və qrant siyasəti həm maddi, həm təşkilati, həm də informasiya baxımından ilk növbədə məhz Qarabağda quruculuq prosesinə yönəldiləcək”.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.
A. Quliyev bildirib ki, bu gün QHT-lərin xarici partnyorları, beynəlxalq təşkilatları bura dəvət etmək istiqamətində fəaliyyətinə dəstək vermək istəyir və planlaşdırırlar: “İlk növbədə, ərazilərin minadan təmizlənməsi prosesinə diqqət yetirilməlidir. Hesab edirəm ki, bu, çox vacib məsələdir. Ərazilərin minalardan təmizlənməsi bu gün həyati əhəmiyyət daşıyır. Hesab edirəm ki, xarici partnyorların cəlb olunması baxımından QHT-lərin böyük potensialı var”.
O bildirib, digər əsas məsələ isə Azərbaycanın haqlı mövqeyinin bir daha dünyaya çatdırılması və tanıdılmasıdır: “Təəssüflər olsun ki, son vaxtlar Ermənistan tərəfindən Azərbaycana qarşı yeni yalan, böhtan kampaniyasına başlanıb. Hesab edirəm ki, QHT-lər bu istiqamətdə fəal olmalı, onların gözləri ilə gördüklərini olduğu kimi yerli və xarici ictimaiyyətə çatdırması çox önəmlidir.
QHT-lərin kifayət qədər potensialı var ki, beynəlxalq təşkilatları, xüsusilə ATƏT-i, Avropa İttifaqını, BMT-ni, Avropa Şurasını, onların digər qurumlarını bu istiqamətdə həm məlumatlandırsın, həm də onları Qarabağ quruculuq prosesinə, xüsusilə də ərazilərin minalardan təmizlənməsi prosesinə cəlb etsin”.
A. Quliyev QHT-lər üçün insan, insanların hüquqlarının qorunmasının əsas amil olduğunu deyib: “Hesab edirəm ki, hüququ pozulmuş yüz minlərlə keçmiş məcburi köçkünün öz evlərinə qayıtmaq hüququ bərpa olunmalıdır. Cənab Prezident və dövlətimiz bu istiqamətdə əsas işi görüb. Bundan sonrakı mərhələdə də QHT-lər öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Hesab edirəm ki, bu vəzifələrdən ən mühümü xarici partnyorları bu bölgəyə cəlb etməkdir. QHT-lərin ən müxtəlif platformalarda çıxış etmək imkanları var, onlar müxtəlif tədbirlərdə iştirak edirlər. QHT-lər məhz xarici partnyorları bura dəvət etməklə, Azərbaycanın ümumi işinə, haqqı işinə töhfə vermiş olarlar”.
Müşahidə Şurasının sədri artıq xarici QHT-lərdən müraciətlər olduğunu qeyd edib: “Bu istiqamətdə iş aparırıq. Xüsusilə ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar bir neçə xarici QHT ilə təmasımız var. Biz bunu dövlətlə koordinasiyalı şəkildə elə həyata keçirdirik ki, effektiv olsun. Digər tərəfdən, dövlət olaraq, maraqlıyıq ki, məhz Qarabağın quruculuğunda beynəlxalq təşkilatlar, humanitar təşkilatlar yaxından iştirak etsin, həm maddi, həm təşkilati, həm də humanitar baxımdan bu prosesə töhfə versinlər.
Ümid edirəm ki, Agentliyin fəaliyyəti yaxın zamanlarda tam işə düşəcək. Əsas hədəfimiz, istiqamətimiz odur ki, Qarabağ quruculuq prosesində QHT-lər üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin”.