• 27 Aprel 2024
logo
Azay Quliyev: "Ağdam Qarabağın iqtisadi mərkəzi olacaq"

Azay Quliyev: "Ağdam Qarabağın iqtisadi mərkəzi olacaq"

“Bizim Ağdama gəlməkdə məqsədimiz erməni vandallığının izlərini gözlərimizlə görməkdir. Ermənilər son 30 ildə bu ərazidə dünyada misli görünməmiş vəhşiliklər törədiblər”.
Bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev QHT nümayəndələrinin Ağdama səfəri ilə bağlı APA-ya açıqlamasında deyib. A. Quliyev bildirib ki, ermənilərin tək bir məqsədi olub - Azərbaycanın tarixini, mədəniyyətini silib, yox etmək: “Biz inanırıq ki, Azərbaycan dövləti qısa müddətdə bu torpaqları işğaldan necə azad etdisə, eləcə də quracaq və bərpa edəcək. Bilirik ki, Ağdamın baş planı təsdiq olunub və Ağdam şəhəri dünyada ən gözəl şəhərlərdən biri olacaq. Burada yüz min nəfərlik şəhər salınacaq. Ağdam şəhərinin salınması siyasi və iqtisadi baxımdan çox əhəmiyyətlidir. Sonda Ağdam Qarabağın iqtisadi mərkəzi olacaq. Azərbaycan xalqı bu bölgəni barış, sülh mərkəzinə çevirəcək”.
A. Quliyev onu da deyib ki, Ağdama səfər edən QHT nümayəndələrinin erməni vəhşiliyinin nədən ibarət olduğunu xaricdəki tərəfdaşlarına, dünya ictimaiyyətinə çatdıracaqlarına inanır.
Qeyd edək ki, bu gün Azərbaycanda fəaliyyət göstərən QHT təmsilçilərinin Ağdama səfəri təşkil olunub. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə baş tutan səfərə 70-dən artıq QHT qatılıb. Səfər 3 gün davam edəcək.