• 19 Aprel 2024
logo
Ukraynalı deputat Diasporla İş üzrə Dövlət Komitəsində olub

Ukraynalı deputat Diasporla İş üzrə Dövlət Komitəsində olub

Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədrinin müavini Lyudmila Marçenko Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Adıçəkilən qurumdan baymedia.az-a verilən məlumata görə, Ali Radanın deputatı Lyudmila Marçenkonu salamlayan Komitə sədri dünya ictimaiyyətin məlumatlandırılmasında, erməni yalanlarının ifşa olunmasında dost Ukrayna xalqının Azərbaycana dəstəyini yüksək qiymətləndirdiyini və iki ölkə arasında münasibətlərin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qəbula görə Komitə rəhbərinə təşəkkür edən Lyudmila Marçenko Azərbaycanın qazandığı böyük Zəfərin önəminə toxunub və bu Zəfərdən sonra Azərbaycanla Ukrayna arasında əməkdaşlıq üçün yeni imkanlar yarandığını bildirib.
Deputat ölkələrimiz arasında informasiya mübadiləsinin gücləndirilməsinin aktual mövzu olduğunu xüsusi ilə vurğulayıb və “Azərbaycan-Ukrayna” Beynəlxalq Media Platformasının yaradılması üçün fəal əməkdaşlığa başlanıldığını əlavə edib.
Qeyd edək ki, Lyudmila Marçenkonu Azərbaycan səfərində “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadov müşayət edir.