• 3 İyul 2022
logo
Diaspor Komitəsi Rusiyada yaşayan azərbaycanlılara müraciət edib

Diaspor Komitəsi Rusiyada yaşayan azərbaycanlılara müraciət edib

Rusiya Federasiyası Prezidentinin 15 iyun 2021-ci il tarixli 364 nömrəli Fərmanına əsasən, xarici vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalma müddəti 2021-ci ilin 30 sentyabr tarixinədək uzadılıb.
Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlıların diqqətinə bir daha çatdırır ki, bununla əlaqədar olaraq, həmvətənlərimiz hüquqi vəziyyətlərini tənzimləmək üçün ən qısa müddət ərzində faktiki olduqları yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət etməli, miqrasiya qeydiyyatından keçməli və ya müvafiq iş patentini əldə etməli, müddəti keçmiş sənədlərinin vaxtını uzatmalıdır.
Bildirilir ki, bunun üçün Rusiya Federasiyasında müvəqqəti qalmaq üçün müddətin uzadılması haqqında əsaslandırılmış ərizə və şəxsiyyəti təsdiq edən sənəd, həmçinin Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddətinin uzadılması haqqında nişanın qoyulması məqsədi ilə miqrasiya kartı (olduğu təqdirdə) təqdim etməlidir.
Miqrasiya kartı itirildiyi və ya zədələndiyi təqdirdə, həmvətənlərmiz miqrasiya kartının dublikatını almaq üçün faktiki olduqları yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət edərkən bu haqda məlumat verməlidir.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya Federasiyası ərazisində hüquqi statusu tənzimlənməmiş 100 minə yaxın Azərbaycan Respublikasının vətəndaşı yaşayır.
“Yuxarıda qeyd edilənləri diqqətə alaraq, bir daha hüquqi statusu tənzimlənməmiş həmvətənlərimizi bu məlumatı nəzərə almağı və ən qısa müddət ərzində qəbul olunmuş qərarın tələblərinə riayət edərək lazımi tədbirlər görməyi xahiş edirik”, -deyə Komitədən bildirilib.