“Jirinovskinin təhqir və təhdiddən ibarət olan çıxışına hüquqi qiymət verilməlidir”
Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev Rusiya Federasiyası Dövlət Duması Deputat Etikası Komissiyasinin sədri Arşaba Otari İvanoviçə məktubla müraciət edib. Bu barədə xalqcəbhəsi.az-a R.Quliyev özü məlumat verib. Məktubda deyilir:
“Cənab Arşaba İvanoviç:
Sizi ilk növbədə Dünya Azərbaycanlıları Assambleyası adından salamlayıram.
Xüsusi qeyd etmək istəyirəm ki, son illər Rusiya Federasiyası, Azərbaycan Respublikası arasında əlaqələr yüksək səviyyədədir, ancaq bu münasibətlərin yüksələn xəttlə inkişaf etməsi üçün hər iki ölkənin qurumları olaraq çalışmalıyıq və əməkdaşlığın ən yüksək həddə olması üçün əlimizdən gələni əsirgəməməliyik.
Cənab İvanovic!
Bu iki dost ölkələrin münasibətinə xələl gətirmək istəyən qüvvələr var və bu adamlar xüsusi canfəşanlıq göstərməkdədirlər.
Belə çirkin niyyətlər mövcud olan xoş münasibətə kölgə salır və iki ölkə xalqları arasında mövcud olan dostluq münasibətlərinin ruhuna zərbə vurur.
Rusiya Dövlət Dumasının sədr müavini bugünlərdə Rusiya mətbuatına verdiyi açıqlamada Azərbaycan Respublikasının tarixinə və ölkəmizin prezidenti İlham Heydəroğlu Əliyev haqqında etikaya uyğun olmayan, həddini aşan, siyasətçiyə xüsusən Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini vəzifəsi ilə uyğun gəlməyən, əxlaqi dəyərlərdən uzaq açıqlama ilə çıxış edib. Jirinovski bu çıxışı ilə dünyanın müxtəlif ölkələrində, eləcə də Rusiyada yaşayan azərbaycanlıları hiddətləndirib. Onun bu çıxışı Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına birbaşa ziddir.
Biz milyonlara azərbaycanlının haqlı etirazını diqqətinizə çatdırır, Rusiya Dövlət Dumasının Etika Komissiyasında Jirinovskinin təhqir və təhdiddən ibarət olan çıxışına hüquqi qiymət verilməsini, onun haqqında cəza tədbirlərinin görülməsini xahiş və eyni zamanda tələb edirik.
Etika Komissiyasının susqun mövqeyi, bu hərəkətə cəzasız münasibətinin tərəfimizdən etirazla qarşılanacağını öncədən diqqətinizə çatdırırıq.
Ancaq biz inanırıq ki, bu əxlaqi dəyərlərdən uzaq olan çıxışa siz də öz münasibətinizi ortaya qoyacaqsınız və bu həddini aşan münasibətlə bağlı qanunvericiliyin imkan verdiyi formada ölçü götürəcəksiniz”.