• 8 Dekabr 2024
logo
Elməddin Behbud: "QHT Şurası bəzi maraqlı adamlar üçün yeni mövzu deyil"

Elməddin Behbud: "QHT Şurası bəzi maraqlı adamlar üçün yeni mövzu deyil"

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə bağlı son iki gündə səslənən fikirlərlə bağlı qurumun ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Elməddin Behbud facebook səhifəsində paylaşım edib.

E.Behbud qeyd edib: "Məlum olduğu kimi Azərbaycan Respublikası Hesablama Palatası ötən il 30-dan çox qurumda apardığı dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb. Hesablama Palatasının 2020-ci ildə başa çatdırdığı nəzarət tədbirlərinin nəticəsi olaraq 53 milyon manata yaxın (52846,9 min manat) dövlət vəsaitinin büdcəyə bərpa olunması haqqında qərar qəbul edib.
Hesablama Palatasının yoxlamalar apardığı qurumlar arasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da var. Hesablama Palatasının 3 il - yəni 2017, 2018, 2019-cu illər üzrə Şurada aşkarladığı çatışmazlıqlar nəticəsində 174.475 manat dövlət vəsaitinin büdcəyə bərpası haqqında qərar qəbul edilib. Bu vəsaitin 23.612 manatı QHT layihələrini, 19.440 manatı dövlət qulluğunda çalışan ekspertlərə ödənilən qonorarı, 118.623 manatı podratçı təşkilatları və 12.800 manatı Auditorlar Palatasının üzvü tərəfindən aparılan yoxlamaya görə ödənişi əhatə edir. QHT-lər və podratçı təşkilatlar demək olar ki, müvafiq vəsaiti büdcəyə qaytarıb.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov martın 18-də “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə (https://musavat.com/news/feraset-qurbanov-askarlanan-catismazliqlari-qht-ler-podratci-teskilatlar-ve-katiblik-artiq-aradan-qaldirib_786939.html) bu yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı şəkildə məlumat verib. Arzu edənlər müsahibə ilə tanış ola bilərlər.
Hamımız bilirik ki, fəaliyyətin olduğu hər bir yerdə nöqsan və çatışmazlıqların olması təbiidir. Hesabalama Palatasının hər il onlarla dövlət qurumunda büdcədən ayrılan vəsaitlərin xərclənməsi vəziyyətini yoxlaması rutin qayda, normal praktikadır. Məlumat üçün bildirirəm ki, Şuranın təşəbbüsünə baxmayaraq qurum fəaliyyətə başladığı 2008-ci ildən ötən ilədək yoxlamaya cəlb olunmamışdır. Bu baxımdan belə yoxlamaların aparılması qurumun fəaliyyətinin təkmilləşdirilməsi və daha yaxşı təşkil olunması baxımından olduqca faydalıdır. Yoxlamanın məqsədi çatışmazlıqları və pozuntuları aşkar edərək müvafiq qurumların fəaliyyətini təkmilləşdirməsinə kömək etməkdir. Müvafiq təşkilatların işi isə bu yoxlamalardan nəticə çıxararaq həmin nöqsanları aradan qaldırmaqdır.
Təəssüflər olsun ki, bu məsələdən də bəzi maraqlı adamlar istifadə edərək “milyonların mənimsənilməsi” adı altında “stəkanda fırtına” qoparmağa çalışır. Bu bizə təəccüblü deyil, çünki Şura, bəzi maraqlı adamlar üçün yeni mövzu deyil. Belə kampaniyalar aparmaq onların köhnə şakəridir. Görünür, onlar indi də manipulyasiya üçün yeni fürsət əldə etdiklərini düşünürlər.
Sadəcə bu açıqlama ilə bir daha Hesabalama Palatasının Şurada artıq çoxdan başa çatmış yoxlamalarına aydınlıq gətirmək istədim".