• 19 Aprel 2024
logo
Azərbaycanda fəaliyyət göstərən QHT-lər BMT-nin Baş katibi və həmsədrlərə müraciət ünvanlayıb

Azərbaycanda fəaliyyət göstərən QHT-lər BMT-nin Baş katibi və həmsədrlərə müraciət ünvanlayıb

Azərbaycanda fəaliyyət göstərən qeyri hökumət təşkilatları Ermənistanın Azərbaycanın mülki və sənaye obyektlərinə qəsdən hücumları ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin Prezidentlərinə - Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə, Fransa Respublikasının Prezidenti Emanuel Makrona müraviət ünvanlayıblar.

APA-nın məlumatına görə, müraciətdə deyilir:

“Dərin narahatlıq və narazılıq hissi ilə, biz, Azərbaycan QHT-ləri, Ermənistanın Azərbaycana qarşı cari ilin sentyabrın 27-də başlatdığı hərbi təcavüzü ilə bağlı Sizə müraciət edirik. 6 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, Ermənistanın hücumları nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb.

Biz, təəssüflə Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Xızı, Abşeron və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərinə diqqətinizi çəkmək istərdik.

Oktyabrın 4-də Ermənistanın hərbi qüvvələri, müvafiq beynəlxalq konvensiyaların qadağan etdiyi kasetli bombalardan istifadə edərək, münaqişə bölgəsindən 60 kilometr məsafədə yerləşən, 500 min nəfərdən çox əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, Gəncəni bombaladı.

Elə həmin gün təcavüzkar Ermənistan həm də Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhərinə qarşı raket hücumuna başladı. Cənubi Qafqaz regionunun ən böyük hidroelektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasının (SES) Ermənistan tərəfindən hədəfə alınması SES-in məhv edilməsinə gətirib çıxararaq Azərbaycanın və qonşu ölkələrin əhaliləri üçün humanitar fəlakətə səbəb ola bilərdi ki, bu da insanlığa qarşı açıq bir cinayətdir.

Yuxarıda göstərilən faktları nəzərə alaraq, biz, Azərbaycan QHT-ləri adından Sizə müraciət edərək Birləşmiş Millətlər Təşkilatını Ermənistandan Azərbaycan xalqına qarşı təxribat xarakterli hərbi əməliyyatlar və hərbi cinayətlərin törədilməsini, Ermənistanın sənaye obyektlərimizə hücumlarını dayandırmağı tələb etmək və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Ermənistanı hərbi qüvvələrini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarmağa məcbur etmək məqsədilə praktik və nəticə yönümlü addımlar atmağa çağırırıq.

Ermənistanın Azərbaycana qarşı son hərbi cinayətlərinə dair məlumatları əks etdirən infoqrafika müraciətə əlavə edilir”.