• 12 Avqust 2020
logo
“Ali Baş Komandanın, Silahlı Qüvvələrin yanındayıq”

“Ali Baş Komandanın, Silahlı Qüvvələrin yanındayıq”

Hərbi yönümlü Qeyri-Hökumət Təşkilatları bəyanat yaydılar

Azərbaycanda fəaliyyət göstərən bir qrup hərbi yönümlü Qeyri-Hökumət Təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ermənistanla həmsərhəd olan Tovuz rayonu istiqamətində davamlı hərbi təxribata, hərbi əməliyyatların eskalasiyasına cəhd göstərməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“İyulun 12-də Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri Azərbaycan sərhədində hərbi təxribat törətməyə cəhd göstərmiş və bu cəhdin qarşısı Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli əsgər və zabitləri tərəfindən qətiyyətlə alınmışdır. Bununla kifayətlənməyən mənfur düşmən Azərbaycanın Tovuz, Qazax və Goranboy rayonu ərazisində yaşayan mülki əhalini ağır çaplı silahlardan, artilleriya qurğularından atəşə tutmuş, 1 mülki vətəndaşımızı qətlə yetirmiş, evlərə, təsərrüfatlara ciddi ziyan vurmuşdur.
Düşmənin xain həmləsinin qarşısının alınması zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov Namiq, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə şəhid olmuşdur. Şəhidlərimizə Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
Əziz həmvətənlər!
Bu gün Azərbaycan ordusu dünyanın ən qüdrətli orduları sırasında yer alır və düşmənin istənilən həmləsinin qarşısını almaq, ona öldürücü zərbə endirmək gücündədir. Bununla yanaşı, bəyan edirik ki, biz hərbi yönümlü Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri olaraq, Azərbaycan xalqının mütləq əksəriyyəti kimi Ali Baş Komandan, Prezident İlham Əliyevin, Azərbaycan Silahlı Qüvvələrinin yanındayıq və düşmənə qarşı mübarizdə hər cür fədakarlığa, düşmənlə son damla qanımızadək döyüşməyə, Vətən uğrunda şəhid olmağa hazırıq.
Bu gün düşmən bizimlə dəkcə döyüş meydanında savaşmır, o bütün vasitələrdən istifadə edərək aramıza nifaq salmağa, Azərbaycan xalqının öz müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü ilə bağlı qətiyyətli mövqeyini zədələməyə, qarşıdurma yaratmağa cəhd göstərir. Bizim düşmənə ən layiqli cavabımız milli birliyimizin, həmrəyliyimizin qorunub saxlanılmasıdır.
İyulun 14-də xalqımızın dövlətə, orduya dəstək məqsədilə keçirdiyi aksiyalardan sui-istifadə edərək təxribat törətməyə cəhd göstərənlər, insanların saf niyyətlərindən öz çirkin məqsədləri üçün yararlanmağa çalışanlar Vətən xainləridir və onlar ən sərt şəkildə cəzalandırılmalıdırlar!
Xalıqmıza, dövlətimizə, mübarizə əzmimizə, həmrəyliyimizə qarşı atılan bütün təxribat xarakterli addımları qətiyyətlə pisləyir, həmvətənlərimizi ayıq-sayıq olmağa çağırırıq.
Təxribatlara uymayaq, təxribatçılara yerlərini göstərək!
Biz mütləq qalib gələcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyik!”

1. “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyi
2. “Azərbaycan Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyi
3. “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi
4. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi
5. “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyi
6. “Azərbaycan Çernobl Əlilləri İttifaqı” İctimai Birliyi
7. “Qarabağ Qaziləri” İctimai Birliyi
8. “20 Yanvar” İctimai Birliyi
9. Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi
10. “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi
11. Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu
12. “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyi
13. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi
14. “Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi
15. “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi
16. “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyi
17. “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyi
18. “Qürur Şəhid Ailələri” Xeyriyyə İctimai Birliyi
19. “Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyi
20. “Məcburi-Köçkün Müharibə Veteranları” İctimai Birliyi
21. “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi
22. “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər” İctimai Birliyi
23. “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi
24. “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi