• 9 İyul 2020
logo
Qarabağ qazilərindən, döyüşçü və ictimai birliklərdən Azərbaycan polisinə DƏSTƏK

Qarabağ qazilərindən, döyüşçü və ictimai birliklərdən Azərbaycan polisinə DƏSTƏK

“Bu gün Azərbaycan polisi ona verilən yüksək dəyəri daima qoruyub saxlayır, öz xidməti borcunu şərəf və ləyaqətlə yerinə yetirir”
Hərbiyönümlü Qeyri-hökumət təşkilatları bəyanat yayaraq, pandemiya dövründə Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar insanları qoyulan karantin qaydalarına əməl etməyə, özlərini və yaxınlarını qorumağa dəvət ediblər.

Baymedia həmin bəyanatı təqdim edir:

“Bütün dünyanı əhatə edən koronovirus pandemiyası ölkəmizdən də yan keçməyib. İqtisadiyyatımıza vurulan zərbələrə baxmayaraq vətəndaş amilinə daima önəm yetirən dövlətimiz pandemiya ilə əzmkarlıqla mübarizə aparır. Ölkə rəhbəri cənab İlham Əliyevin birbaşa nəzarəti və tapşırqıları ilə həyata keçirilən qarşısı alınmaz tədbirlər nəticəsində minumum itkilərlə bəşəri bəladan qurtulmağa çalışırıq. Xalqımızın sağlamlığı və təhlükəsizliyi dövlət siyasətinin ən əsas prioritetlərindəndir. Belə çətin dönəmdə dövlətimiz vətəndaşların rifahı naminə sosial və digər problemlərin həlli istiqamətində ardıcıl işlər həyata keçirir ki, bu da dövlət xalq birliyinin möhkəmləndirilməsinə xidmət edir.

Cəmiyyətimizin mütləq əksəriyyəti görülən işləri müsbət qiymətləndirərək, sağlamlığımızın qorunması istiqamətində atılan addımları birmənalı olaraq dəstəkləyir. Bütün kateqoriyalardan olan vətəndaşlarımız sosial media və KİV vasitəsilə çətin dönəmdə öz həyatlarını riskə atan, sağlamlığımızın keşiyində dayanan polis əməkdaşlarına, səhiyyə işçilərinə həm də bu işlə məşğul olan digər şəxslərə minnətdarlıq mesajları verməyə davam edirlər. Çətin keçən karantin dönəmində həkimlərimiz sağlamlığımızın qorunması, polis işçiləri isə asayişin təmin olunması istiqamətində mühüm və danılmaz işlər həyata keçirib. Bu gün xalq olaraq onlara minnətdarlıq borcumuz vardır. Bütün dünyada olduğu kimi ölkəmizdə də ötən həftə yoluxma sayının artmasını nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah həftə sonunda xüsusi karantin rejiminə keçid haqqında qərar verdi. Bu qərar bizim hamımızın sağlamlığı üçün atılmış addımdır. Ona görə də, belə qərarlara hörmətlə yanaşılmalı, qərardan irəli gələn tələblərə hamılıqla riayət etməliyik. Ancaq təəssüflər olsun ki, öncədən qərarlar haqqında məlumatlandırma aparılsa da buna riayət etməyərək özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atan soydaşlarımız polislə qarşıdurmaya səbəb oldular.

Belə ki, Bakının Yasamal rayonu ərazisində karantin rejimi qaydalarını pozan şəxs dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığına görə saxlanılarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən milli atributları geyimlərində gəzdirən, ictimai asayişi təmin edən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atıb, təhqiredici ifadələr işlədiblər”.

Bəyanatı yayanlar bildiriblər ki, bu hörmətsizlik bütövlükdə dövlətə, milli atributlara və milli mənəvi dəyərlərə qarşı edilən hörmətsizlikdir:

“Təhqirləri edən 11 nəfər soydaşımızın şəxsiyyəti müəyyən edilərək saxlanılıb, məhkəmənin qərarı ilə inzibati qaydada həbs cəzasına məhkum edilib. Həmin şəxslərin saxlanılması zamanı vətəndaşı təhqir edərək ünvanına nalayiq sözlər işlədən polis əməkdaşı təhqir olunan vətəndaşdan üzr istədilərək DİN orqanlarından xaric edilib. Xoşagəlməz hadisənin baş verdiyi gün polisimiz bacısı rəhmətə gedən bir vətəndaşa kömək etdi. Asayişi qoruyan zaman Azərbaycan himninin səsləndiyini eşidən polisimiz hərbi salamlaşma vəziyyətində axıra qədər himnimizi dinlədi. Bir hamilə qadına da kömək olundu və həmin insan maşında uşaq dünyaya gətirdi. Biz sevinməliyik ki, müstəqil dövlətimizin polisləri bizləri qoruyur.

Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin xidmətlərini çox yüksək qiymətləndirib: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir”,-deyə ulu öndər bildirib.

Bu gün Azərbaycan polisi ona verilən yüksək dəyəri daima qoruyub saxlayır, öz xidməti borcunu şərəf və ləyaqətlə yerinə yetirir.

Təssüflər olsun ki, vətəndaş-dövlət birliyinə daima qısqanclıqla yanaşan, öz şəxsi mənafeyini milli dəyərlərimizin üstün tutan bir qrup məkrli insanlar baş verən hadisələrdən çirkin niyyətləri üçün istifadə edirlər. Biz – hərbiyönümlü QHT-lər bu kimi halları qətiyyətlə pisləyir, düşmən dəyirmanına su tökən insanların dövlətimizin və dövlətçiliyimizin sarsılmasına xidmət edən əməllərdən çəkinmələrini tələb edirik”.

Bəyanatı yayanlar aşağıdakı təşkilatlardır:

1. “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyi

2. “Azərbaycan Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyi

3. “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi

4. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi

5. “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyi

6. “Azərbaycan Çernobl Əlilləri İttifaqı” İctimai Birliyi

7. “Qarabağ Qaziləri” İctimai Birliyi

8. “20 Yanvar” İctimai Birliyi

9. Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi

10. “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi

11. Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

12. “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyi

13. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi

14. “Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi

15. “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi

16. “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyi

17. “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyi

18. “Qürur Şəhid Ailələri” Xeyriyyə İctimai Birliyi

19. “Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyi

20. “Məcburi-Köçkün Müharibə Veteranları” İctimai Birliyi

21. “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi

22. “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər” İctimai Birliyi

23. “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi