• 21 Sentyabr 2020
logo
Siyasi ekspert: Azərbaycan Prezidenti hər bir vətəndaşın sağlamlığını prioritet hesab edir

Siyasi ekspert: Azərbaycan Prezidenti hər bir vətəndaşın sağlamlığını prioritet hesab edir

Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında xalqa müraciətini ilk növbədə öz vətəndaşlarını sevən siyasi liderin xalqla açıq və səmimi söhbəti kimi dəyərləndirmək lazımdır. Dövlətimizin başçısı hər bir vətəndaşın sağlamlığını prioritet hesab edir. Ölkəmizdə tibbi maska istehsalı müəssisəsinin qısa bir vaxtda işə salınması da məhz bu yanaşmadan qaynaqlanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanılması sahəsində ixracdan olan asılılığın mümkün qədər azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev xalqa müraciətində məhz bu məqamı önə çəkərək qeyd etdi ki, tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır.

Tibbi maska istehsalı müəssisəsinin qısa zaman ərzində işə salınması bir neçə mühüm məqamı önə çəkir. “Azərbaycan məhdud vaxt çərçivəsində daxili tələbatı ödəmək və xarici faktorlardan asılılğı minimuma endirmək üçün istənilən layihəni həyata keçirmək gücündədir. Azərbaycan dövləti əhalinin sağlamlığını və təhlükəsizliyinin təmin edilməsini prioritet vəzifə hesab edir, sosial çağırışları dərhal nəzərə alaraq, problemlərin həlli sitiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Dövlət qeyri-neft sektorunun inkişafına böyük önəm və dəstək verir, hətta vətəndaşların sağlamlığı və təhlükəsizliyi ilə bağlı hazırda bütün dünya üçün zəruri olan məsələlərdə belə iş adamlarına yüksək etimad göstərir”, – deyə siyasi ekspert vurğulayıb.

Qeyd edib ki, hazırda dünyanın bütün ölkələrində tibbi maska, qoruyucu respirator və digər vasitələrlə bağlı ciddi problemlər yaşanır. Bu ölkələrin heç birində belə qısa zaman ərzində tibbi maska istehsal edən müəssisə işə salınmayıb. Doğrudur, bir sıra ölkələrdə bəzi kiçik sahibkarlıq subyektləri öz ənənəvi istehsal istiqamətini dəyişərək tibbi maskaların istehsalına başlayıblar. Amma tibbi maska istehsal edən yeni müəssislərin açılması ilə bağlı faktlar olduqca azdır və barmaqla sayıla bilər.

Ekspert bildirib ki, Azərbaycanda tibbi maskalar istehsal edən müəssisənin fəaliyyətə başlaması qısa müddət ərzində həyata keçirilən yeganə layihə deyil. Bundan əvvəl qısa müddət ərzində dezinfeksiya vasitələrinin istehsalı təşkil edilib.

“Prezident İlham Əliyev müraciətində görülən bütün işlərin təməlində insanların sağlamlığının təmin edilməsinin dayandığını xüsusi olaraq vurğuladı və qeyd etdi ki, Azərbaycanda bu günə qədər 45 mindən çox test keçirilib. Bu göstərici, ölkə əhalisinin sayı da nəzərə alınmaqla, Azərbaycanı keçirilən testlərin sayına görə ön sıralara çıxarıb. Məsələn, əhalisinin sayı 42 milyon nəfər olan Ukraynada indiyədək 6 minə yaxın test keçirilib. Bu göstərici əhalisinin sayı 208 milyon nəfərə yaxın olan Pakistanda 35 min, əhalisinin sayı 43 milyondan çox olan Argentinada 8500, əhalisinin sayı 126 milyon olan Yaponiyada 46 min təşkil edir. Bu faktın özü də Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin miqyasını göstərən amillərdın biridir”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.

Azərbaycan Prezidentinin xalqa müraciətində olduqca mühüm bir məqama toxunduğunu söyləyən siyasi ekspert deyib: “Prezident bildirib ki, məsuliyyət və nizam-intizam milli birlik və həmrəylik kimi yüksək səviyyədə nümayiş etdirilməlidir. Bu məqam əslində milli birlik və həmrəylik kimi prinsiplərin əsasında hansı mühüm faktorların dayandığının vurğulanması baxımından da çox önəmlidir. Yəni, milli birlik və həmrəylik o zaman konkret nəticəyə gətirib çıxara bilər ki, onun əsasında nizam-intizam dayansın. Əks halda milli birlik və həmrəylik kimi xalqın özünüdərk prosesinin qayəsini ifadə edən sözlər, sadəcə şüara çevrilir və öz əhəmiyyətini itirir. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu fikirləri bütün dövrlər və bütün istiqamətlər üçün müstəsna əhəmiyyətə malikdir və milli birliyimizin, həmrəyliyimizin ana xəttini təşkil etməlidir”.