• 24 May 2024
logo
Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir

Məlum olduğu kimi, ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası ilə yanaşı, Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası da keçirildi. Bu isə Azərbaycanda elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”ndə və cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 konfransından əvvəl müstəsna əhəmiyyətli hadisə kimi dəyərləndirilməlidir.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.

Prezident cənab İlham Əliyevin Albaniya Respublikasına reallaşdırdığı dövlət səfəri hər iki dövlətin qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi istiqamətində daha müfəssəl addımların atılmasını təmin etmək məqsədi daşıyırdı.

Xatırladaq ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən, Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri olduğu dəfələrlə vurğulanıb. İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd imzalanıb. Əvvəlki illə müqayisədə, ötən il Albaniya ilə ticarət dövriyyəsi 12,83 dəfə çox olub, o cümlədən idxal 70,47 faiz artıb, ixrac əməliyyatları bərpa olunub. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçib.

Bakıda artıq ikinci dəfə keçirilən Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin iclası heç də təsadüfi xarakter daşımırdı. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, artıq uzun illərdir ki, özünü Avropa İttifaqının ənənəvi enerji sahəsində etibarlı tərəfdaşı kimi təsdiq edən Azərbaycan artıq “köhnə qitə”də, eləcə də bütün dünyada prioritet elan olunmuş “yaşıl keçid” platformasının da fəal iştirakçılarından birinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasında çıxışı zamanı diqqəti bu mühüm məqama yönəldərək deyib: “Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir”.

Dövlət Başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Təbii ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımlar çox vacibdir. Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir.

Ekspertlər qeyd edirlər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Avrasiyanın enerji xəritəsini formalaşdırır. Hazırda Azərbaycan qazının xarici tədarükünün təxminən 50 faizi Avropa ölkələrinin payına düşür. Azərbaycanın İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstana qaz tədarükü üzrə müqavilələri var. Eyni zamanda, ölkəmizdən qaz almaq istəyən daha bir qrup ölkələr var. Bunlar Serbiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniyadır. Təsadüfi deyil ki, Avropa İttifaqları liderləri Azərbaycana etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi baxırlar. Prezident İlham Əliyev çıxışında bildirib ki, bir çox ölkə təbii qazla bağlı Azərbaycana müraciət edib, onlardan 6-sı artıq təbii qaz alıb, bir neçəsi ilə də danışıqlar aparılır. Dövlət başçısı qaz ehtiyatlarının çox olduğunu diqqətə çatdıraraq əlavə etdi ki, Avropa maliyyə təsisatları bu layihələrlə bağlı maliyyələşdirmə məsələsində real yanaşmalara əsaslanmalıdır.

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasının genişlənməsinin ölkəmizin iqtisadiyyatı üçün önəmli amildir. Bu gün Azərbaycan səkkiz ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsinin durması Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir. Məhz bu səbəbdən də Prezident cənab İlham Əliyev öz çıxışında Azərbaycanın bundan sonra da interkonnektorlar şəbəkəsinin Avropada daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı. Bu gün Azərbaycan Avropada qaza olan tələbatı ödəmək üçün qaz mənbələrinə də, nəqliyyat marşrutlarına da sahibdir.

Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Təsadüfi deyil ki, Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər.

İqlim dəyişmələri ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Buna görə ölkəmizə hücum edilməməlidir, əksinə təqdir edilməliyik.

Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.

Şübhəsiz ki, təkcə Cənub Qaz Dəhlizi yox, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bütün beynəlxalq layihələr ölkəmizin nüfuzunu artırmaqla yanaşı, milli maraqlarımıza xidmət edir.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti