• 22 Aprel 2024
logo
Andronikin qulağını əslində kim kəsib?

Andronikin qulağını əslində kim kəsib?

Bu gün tarixdə ədalətsiz bir fakt hökm sürür. Bu, erməni terrorçu və qatil Andranik Ozanyanın Azərbaycan xalq qəhrəmanı Sultan bəy Sultanov tərəfindən qulağının kəsilməsi ilə bağlı məlumatdır.

Sultan bəy, qardaşı Xosrov bəy və bu nəslin üzvləri Azərbaycan dövləti, xalqı və milləti üçün çox böyük xidmətlər göstəriblər. Hələ sağlığında əfsanəvi xalq qəhrəmanı adı qazanan Sultan bəy bu gün bizim üçün bir ETALON-dur. Onun şəxsiyyəti tarix boyu seviləcəkdir.

Sultan bəy elə bir şəxsiyyətdir ki, onun gördüyü işlərdən yazmağa başlasaq, min cildlik kitab alınar. Bu qədər böyük tarix yazan Sultan bəyin adına onun etmədiyi işi yazmaq isə ədalətsizlikdir. Həqiqətin yazılmasını elə Sultan bəyin özü bizdən istəyərdi.

Andranik Ozanyan tarixdə həm də “Tayqulaq Andranik” kimi qalıb. Erməni qatilin qulağını kimin kəsməsi isə həmişə müzakirə mövzusu olub. Bununla bağlı bir neçə versiya var: Sultan bəy Sultanov, Osmanlı İmperiyasına xəyanətə görə türk zabitlərdən biri, hətta Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün etdiyini yazanlar da olub. Lakin əldə edilən faktlar onun qulağını naxçıvanlı Əli Səbri Qasımovun kəsməsini sübut edir.

1917-1920-ci illərdə millət və vətən qarşısında öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirən Əli Səbri Qasımov 1892-ci ildə Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb, “Molla Nəsrəddin” jurnalında Tağı Yunuszadə imzası ilə çıxış edib və ömrünün bir hissəsini Sibirdə keçirib. Səbri onun təxəllüsüdür. Onun şəxsiyyəti barəsində “Azərbaycan” qəzeti, 1919. N 193-də gedən bir yazı ilə tanış olmaq olar. O, Transqafqaz ali komissarı Haskelə demişdi: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik... Bu, bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik. Özünə azadlıq alan xalq hətta Azərbaycan hökumətinə ixtiyar verməz ki, onun xüsusi arzusuna riayət etməyib taleyini həll etsin, bu, mütləq nəzərə alınmalıdır”.

Əli Səbri bəyin sayəsində Naxçıvanda ermənilərə qarşı savaş üçün yerli özünümüdafiə dəstələri formalaşıb. Əmir bəy Əkbərzadə, Hüseyn Cavid, Fətulla Hüseynov, Kəblə Muxtar və digər nüfuzlu naxçıvanlıların köməyilə dəstələrin yaradılmasına təşəbbüs göstərib, onların əlaqələndirilməsində xüsusi rol oynayıb. Nehrəm taboru (başçısı Kəblə Muxtar), Cəhri taboru (Kəblə Kərim), Baş Noraşen, Düdəngə və Zeyvə taboru (Fətulla bəy Hüseynov), Ordubad taboru (İbrahim Xəlil Axundov), Vedibasar müqavimət hərəkatı - Abbasqulu bəy Şadlinski və Civə kənd könüllülərinin komandiri Bala Bəy Vəkilovun erməni işğalçılara qarşı döyüşlərdə iştirakı məhz onun təşkilatçılığı ilə olmuşdur.

Bu səylər baş tutmasaydı, Naxçıvanın vəziyyəti daha ağır və faciəli ola bilərdi. Həmin dövrdə Naxçıvanda “Mücəddin” siyasi dərnəyinə (rəhbəri Mir Heydərzadə) Eynalı Sultanov, Ömər Faiq Nemanzadə, Əziz Şərif kimi görkəmli ziyalılar xüsusi rəğbət bəsləyirdilər, çünki bu siyasi təşkilat xalqın xilasını Rusiya yox, Türkiyə ilə birlikdə görürdü.

Andronikin dəstəsi Naxçıvanda çox qəddarlıqlar edirdi. 1918-ci ilin ortalarında Andronikin dəstəsi İrəvan-Naxçıvan-Culfa dəmir yolu və şosse boyunca İrana tərəf hərəkət etməkdə idi. Həmin anda Tiflis Erməni İttifaqı Xorazyantsı Naxçıvana ezam edir. Məqsəd Culfa cəbbəxanasının silahlarını ələ keçirib, silahlı dəstələr yaradıb, Andronikin hücumlarına dəstək vermək idi. Arazboyu düzənlikdə yerləşən Küznüt-Çeşməbasar kəndlərinə dəstəsi ilə gəlib, buranı qərargah edən Andronik Nehrəmi qəfildən ələ keçirməyə çalışırdı. Bunun üçün onun planı olub ki, yerli caamatı aldadıb Nehrəmi işğal etsin. Ona görə də kənd əhalisinə xəbər göndərir ki, azərbaycanlılarla ermənilərin birgə yaşadıqları Təzəkəndə qonaq gedir, kəndin içərisindən və kənarından keçən yollarda qoşun hissələrinə maneçilik törətməsinlər. Əli Səbri onun necə qəddar və yalançı olduğunu bildiyi üçün ərazi boyu dəstəsini düzür. Andornikin dəstəsi mühasirəyə alınır, Nehrəm kəndində ona ağır zərbə vurulur. Andronik baxır ki, əsgərləri qaçır, özü meydanda tək qalıb, erməni keşişin olduğu kilsədə gizlənir. Onun geyimini və atını oğurlamaq məqsədi ilə keşişi öldürüb qaçmaq istəyəndə ələ keçir.

Əli bəyin yanına gətirirlər onu və o, diz çöküb yalvarır və and içir ki, azad edilsə, döyüşdən qaçan əsgərləri də götürüb, birdəfəlik bu torpaqlardan gedəcək. Əli bəy ona inanır, lakin deyir: “Gərək sənin dediyin sözləri qulağında sırğa edim” və onun qulağını kəsib əlinə verir: “Bu qulağı özündə saxla və bir də bu torpaqlara gəlsən, başın da onun kimi kəsiləcək”.

Androniki azad edirlər, lakin andının üstündə durmur. Geri çəkilən Andronik Şıxmahmud, Didivar, Zeynəddin, Qahab, Əlincə boyundakı kəndləri talayır və yerli əhalini qılıncdan keçirir.

Qeyd edim ki, 1919-cu il sentyabrın 9-da Naxçıvan, Ordubad, Şərur, Sürməli, Vedibasar mahallarının əhalisi adından Əli Səbri Qasımovun iştirakı ilə imzalanıb Azərbaycan Xalq Cümhuriyyətinin başçılarına göndərilən sənəddə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, Zəngəzura gedən yolun açılması istiqamətində mühüm işlər görüldüyü bildirilir. 1919-cu il oktyabrın 1-də Rəhim xanın mənzilində keçirilən müşavirədə, habelə, həmin ilin oktyabrın 25-də Müsəlman Milli Şurasının qərarında Haskel, Robinson, Devi və digər yüksək rütbəli diplomatlara Naxçıvan qəti sözünü bildirmişdir: “Naxçıvan Azərbaycanın ayrılmaz və bölünməz hissəsidir”.

Şərur-Naxçıvan ərazisində sovet vaxtı kütləvi həbslər zamanı Əli Qasımov da həbs olunaraq, sürgün edilir. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının və BDU-nun Filologiya fakültəsinin məzunu, pedaqoq, yazıçı, jurnalist, tərcüməçi Əli Səbri 1938-1948-ci illərdə sürgündə olur, vətənə qayıdandan və 1956-cı ildə bəraət aldıqdan sonra “Azərnəşr”də redaktor, Yazıçılar İttifaqında ədəbi fondun sədri işləyir.

Əli Qasımov 1983-cü ilin fevralın 19-da Bakıda vəfat edir.

Zaur Əliyev, dosent