• 27 İyul 2024
logo
Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmadı

Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmadı

Sağalmayan yaramız olan Xocalı faciəsindən artıq 32 il ötür.Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-üuşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.

Ümummilli lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına kəskin etiraz edərək deyib: “O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır.

Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”.

Bu qanlı faciə ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində əbədi olaraq bir vəhşilik aktı kimi yadda qalacaq. Xalqımız hər il 26 fevral trixində Xocalı qurbanlarının əziz xatirəsini dərin hüznlə anır. Lakin bu ilki anım mərasimi möhtəşəm bir özəlliyi ilə tam fərqli oldu. Bu il Xocalı qurbanlarının anım mərasimi xalqımızın tarixində ilk dəfə olaraq işğaldan azad edilmiş Xocalı şəhərində keçirildi.

Otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməli qoyulub. Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq. Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz inanırdıq Xocalıya qayıdacağıq.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçımız bildirdi ki, Azərbaycan dövləti, dövlət qurumları, xaricdə yaşayan azərbaycanlılar, ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatlar və xüsusilə Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmiş, kitablar, məqalələr dərc edilmiş, sərgilər təşkil olunmuşdur. Azərbaycan bütün bu səyləri ilə haqlı olaraq dünyadan ədalət tələb edirdi. Çünki Xocalı soyqırımı bütün dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Lakin həm Ermənistan dövləti, həm də o vaxt və indinin özündə də onun arxasında duran qüvvələr, qərəzli anti-Azərbaycan mövqelərdən çıxış edən ölkələr əllərindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın və bu hadisəni törədənlər cəzasız qalsınlar. Azərbaycan isə, buna əlbəttə ki, yol verə bilməzdi.”

Prezident İlham Əliyev vurğulayırdı: "Bizim əzəli torpağımız olan Qarabağ bu gün siyasi və hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək".

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" devizi və bir ildən sonra, 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etdi.

Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. “Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi.

Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır.

Xalqımız heç vaxt Xocalı faciəsini unutmayacaq. Bu dəhşətli faciəni törədənlər ədalət məhkəməsinə çəkilməlidirlər.

Bu gün azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir. Keçən ilin sentyabr ayının 20-də Azərbaycan öz suverenliyini tam bərpa edəndən sonra cənab Prezident İlham Əliyev dərhal göstəriş vermişdir ki, ilk növbədə, məhz Xocalıda xocalılıların evləri bərpa edilsin. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il isə, belə yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Artıq həm Xocalıda, həm Xankəndidə həyat bərpa ediləcək.

Anar Məmmədov
Xətai Rayonu İcra Hakimiyyətinin, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri