• 28 Aprel 2024
logo
Xocalı soyqırımı 32: qisas qiyamətə qalmadı

Xocalı soyqırımı 32: qisas qiyamətə qalmadı

Xocalı soyqırımının 32 ili tamam oldu. Doğrudur, Xocalı soyqrımı qurbanlarının qanı yerdə qalmadı, artıq xocalılar öz doğma torpaqlarına qovuşdular. 32 ildən sonra xocalılar öz doğma yurdlarına qayıda bildilər. Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə önəmli fikirlər səsləndirib.
Dövlət başçısı bildirib: “İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə Memorial Kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq Memorial Kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz, Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.
Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Yəni, biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.
Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik...”.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bldirib ki, Xocalı soyqırımı ermənilərin XX əsrdə azərbaycanlılara qarşı törətdiyi sistemli cinayətlərin, qətliamların zirvəsidir, Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Qarabağın azərbaycanlı əhalini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarının ən dəhşətlisidir: “Xocalı soyqırımından əvvəl Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində də etnik təmizləmə məqsədilə qırğınların törədilib”.
F.Hüseynzadə əlavə edib ki, Vətən müharibəsində əldə edilmiş Qələbədən sonra Xocalı soyqırımına yeni məzmun daxil edilib: “Əvvəlki illərdə hazırlanmış sənədli filmlərin və digər materialların mövcud reallıqlar nəzərə alınmaqla zənginləşdirilib. 1992-ci ildə Xocalıda olduğu kimi, 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə və s. şəhər və rayonlarda Ermənistanın hərbi-siyasi rəhbərliyinin dinc əhalini hədəf seçməsi, hadisələr, zaman arasında paralellərin, müqayisələrin aparılması, materiallarda Ermənistanın törətdiyi əməllərə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcəyini, Azərbaycan xalqı və dövləti qarşısında cavab verəcəyinin təsbiti önə çəkilməlidir.
Əsrin faciəsi olan Xocalı soyqırımı 32 ildir ki ölkəmizin hüdudlarından kənarda da qeyd olunur. Azərbaycan diasporu öz gücündən istifadə edərək Xocalı soyqrlmını törədənlərin kimliyini beynəlxalq aləmə yayırlar. Bu gün artıq dünya Xocalıdan, ermənilərin bu vəhşiliyindən danışır...”.
Polşa Azərbaycanlıları Şurası tərəfindən Xocalı soyqırımı ilə bağlı Polşanın paytaxtı Varşava şəhərindəki “Łukasza Ewangelisty” adlı katolik kilsəsində təşkil olunan tədbirdə Xocalı faciəsinin qurbanları kilsədə katoliklərin “messa” saatı adlanan kütləvi ibatədi zamanı yad olunub. İbadət bitdikdən sonra kilsə keşişi Ksiądz Jan Popiel bir saata yaxın müddətdə məhz Xocalı hadisələri və soyqırım şəhidləri haqqında kilsəyə toplaşmış 250-dən çox yerli əhali qarşısında çıxış edib. O, Xocalı soyqırımının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi ən böyük cinayətlərdən biri olduğunu deyib: “Son illər beynəlxalq ictimaiyyət bu cür faciələri təkrarlanmaması üçün münaqişə zamanı törədilmiş beynəlxalq humanitar və insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı həqiqətin üzə çıxarılması istiqamətində mühüm irəliləyişlər əldə etdib. 16 ölkə və ABŞ-nin 22 ştatı Xocalı qətliamını pisləyib. Azərbaycanlılar və onların dünyadakı dostları bu faciəli gündə insan həyatının dəyərini ucaltmaq və silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinin vacibliyini vurğulamaq üçün toplaşırlar. 1992-ci il fevralın 26-nın o qaranlıq və şaxtalı qış gecəsində həlak olanların xatirəsini ehtiramla yad edirik”.
Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli isə çıxışı zamanı yaradılan bu şəraitə görə kilsə rəhbərliyinə təşəkkür edib: “Hörmətli kilsə keşişi, Sizə Polşadakı bütün Azərbaycan icması adından dərin təşəkkürümü bildirmək istəyirəm. Dəstəyinizə, həlak olan qurbanlar üçün dualara və Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəli hadisələrin ildönümündə ibadət mərasimini keçirdiyinizə görə təşəkkür edirik. İnsan həyatının dəyərinin etnik və dini bölgüsü yoxdur. Xocalı acısı və digər hərbi cinayətlər qəlbimizdə əbədi qalacaq”.
Xocalı qoyqırımının törədənlər cəzasız qalacaqlarını düşünsələr də bu baş vermədi. Azərbaycan ordusu öz qisasını döyüş meydanında aldı, qisas qiyamətə qalmadı. Bundan sonra media, ictimai təşkilatlar, diaspor təmsilçiləri və tarixçilərimiz öz işini bitmiş saymamalı və bu istiqamətdə fəaiyyətimizi davam etdirməliyik...

Əli