• 27 İyul 2024
logo
İrəvan Kremlə meydan oxuyur

İrəvan Kremlə meydan oxuyur

KTMT-dən çıxmaq istəyi Paşinyana başqağrısı olacaq

Ermənistanın Rusiyanı qıcıqlandıran addımlardan biri də Kremlin hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması mesajı olub. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində söyləyib. Eyni zamanda, hökumət başçısı vurğulayıb ki, Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu məsələsi gündəlikdə deyil
KTMT Katibliyi isə bildirib ki, Ermənistanın təşkilatda üzvlüyünün dayandırılması ilə bağlı heç bir açıqlama daxil olmayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Ermənistan KTMT üzvlüyünün dondurulması ilə bağlı rəsmi addım atmayıb.
“Rusiya Ermənistanla əlaqə saxlamağı və bu bəyanatların mənasına aydınlıq gətirməyi planlaşdırır. Burada təfərrüatı başa düşmək çox vacibdir. Ona görə də ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”, - o bildirib.
Onu da qeyd edək ki, Ermənistanın KTMT Parlament Assambleyasındakı (PA) nümayəndələri Belarusda keçirilən parlament seçkilərinə müşahidəçi qismində getməyiblər. Rusiya mətbuatı yazıb ki, Ermənistan istisna olmaqla KTMT-nin bütün üzvləri seçkilərdə müşahidəçi qismində təmsil olunurlar.
Ermənistanın seçkilərdə müşahidəçi qismində iştirak etmədiyinin səbəbi açıqlanmayıb.
İrəvanın KTMT-dən imtina edəcəyi açıqlamasına ilk redaksiyalarda biri Belarus Prezidenti Lukaşenkodan gəlib. O, deyib ki, KTMT Ermənistan olmadan çökəsi deyil: “Biz buna tamamilə sakit reaksiya veririk. KTMT-də olmaq istəməsələr, o çökməyəcək, dağılmayacaq”.
Onun sözlərinə görə, bununla bağlı İrəvandan hələlik heç bir rəsmi bildiriş daxil olmayıb.
Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov "Nyus.ru"ya açıqlamasında isə deyib ki, Ermənistan KTMT-dən çıxacağı təqdirdə ərazi bütövlüyünü itirmək riski daşıyır: "Baş nazir Nikol Paşinyan yadda saxlamalıdır: KTMT nizamnaməsində təşkilata üzvlüyün dondurulması nəzərdə tutulmur".
Deputatın sözlərinə görə, Paşinyan bütün məsuliyyəti KTMT-nin üzərinə atmağa çalışır: "Paşinyan ilan kimi qıvrılır, bütün siyasi və hərbi uğursuzluqlarının günahkarının KTMT olduğunu təsəvvür etməyə çalışır. Amma KTMT üzv ölkələrin ərazilərini qoruyur və Qarabağ heç vaxt Ermənistanın tərkibində olmayıb. Bütün beynəlxalq standartlara görə Qarabağ Azərbaycanın olub. Paşinyana xatırlatmaq istəyirəm: KTMT nizamnaməsində heç bir dondurma nəzərdə tutulmur. Siz ancaq blokdan çıxa bilərsiniz, o zaman çətin ki, kimsə Ermənistanın ərazi bütövlüyünə təminat verə bilsin".
Rəsmi İrəvan da bu addımını sığoetalamaöa çalışıb və etiraf edib. Beləki Ermənistan parlamentinin sədri Alen Simonyan deyib: "Ermənistanın KTMT-də iştirak etməməsi əslində münasibətlərin dondurulması deməkdir: "Məsələ burasındadır ki, Baş nazir Nikol Paşinyan bizim təşkilatda iştirak etməməyimizin əslində münasibətlərin dondurulması olduğunu bəyan edib. Bəli, ümumiləşdirsək, KTMT-yə cavabsız qalan bir sual verdik: KTMT-nin məsuliyyət zonası haradadır? Bu sualın cavabı hələ yoxdur. Buna görə də fikrimcə, KTMT özü-özünü “söndürüb” və fəaliyyət göstərmir”, - o qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyindən (XİN) isə bildirilib: "Moskva Ermənistandan ikitərəfli kanallar vasitəsilə bu ölkənin Baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-də iştirakının dondurulması ilə bağlı dediklərinin nə demək olduğuna dair əsaslandırıcı izahat gözləyir" .
Qeyd edilib ki, İrəvanın təşkilatın tədbirlərində iştirakının dinamikası azalıb: “Ümid edirik İrəvanda anlayacaqlar ki, mövcud narahatlıqlar ictimai müstəvidə qaldırmaq yolu ilə həll edilmir, onlar etibarlı dialoq vasitəsilə müzakirə olunmalı və aradan qaldırılmalıdır”.
XİN vurğulayıb ki, 2022-ci ildə Ermənistan tərəfinin xahişi ilə operativ şəkildə KTMT Katibliyinin və Birləşmiş Qərargahının qiymətləndirmə missiyası formalaşdırılıb və ölkənin sərhəd rayonlarına göndərilib. Nəticələr üzrə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistanda monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı qərar hazırlanıb: “Bunun müqabilində isə İrəvan nümayişkaranə şəkildə ölkəyə Avropa Birliyinin psevdo-müşahidəçilərini dəvət etməyi seçdi – bu faktlar hər kəsə məlumdur və onların gördüyü işin səmərəsizliyi də göz qabağındadır”.
Rusiyalı ermənipərəst politoloq Modest Kolerov deyib ki, Münhen konfransı Paşinyanın Rusiyadakı reputasiyasına və İrəvanla Moskva arasında münasibətlərin erkən pozulma ehtimalına yeni heç nə əlavə etmədi. Bu qaçılmazdır və bunun üçün yeni səbəblərə ehtiyac yoxdur.
“Paşinyan Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığını dedi və bu, çoxdanın məlum xəbəridir. İrəvandan başqa hamı artıq başa düşüb ki, Nikol Rusiya ilə münasibətləri pozub. Növbəti addım KTMT-dən çıxmaq və Rusiya bazasının Ermənistandan çıxarılması olacaq. İlk addım KTMT sessiyasının Ermənistandan kənarda keçirilməsi təşəbbüsü oldu”, - o bildirib.
Rusiyalı politoloq bir daha qeyd edib ki, Ermənistan Rusiyanı birdəfəlik tərk edib: “Hələ də texniki problemlər var, geri qayıtmayacaq”.
Ermənistanın Respublika Partiyasının sədri Aram Sərkisyan isə deyib ki, hazırda Avropa gündəminin bir hissəsiyik, bu, Rusiya üçün qətiyyən qəbuledilməzdir. Çünki o, Ukraynanı dövlət kimi tanımır. Rusiya Ukrayna kimi dövlətin olmadığını iddia edir. Və bu gün Ukraynanı tanımırlarsa, sabah deyəcəklər ki, Ermənistan heç vaxt olmayıb. Sabah deməsələr də, o biri gün deyəcəklər. Rusiya Ukraynada qalib gəlsə, deyəcəklər ki, Polşa, Finlandiya və ya keçmiş sovet respublikaları kimi ölkələr belə olmayıb: “Ona görə də bu kontekstdə Ermənistan hakimiyyətinin atmalı olduğu ilk addım siyasi qərar qəbul edib KTMT-dən çıxmaqdır. Ermənistan KTMT-nin bizi tərk etməsini gözləməməlidir. Hakimiyyət bəyan etməlidir ki, KTMT-dən çıxırıq, çünki bu hərbi-siyasi təşkilat bizim təhlükəsizliyimizi təmin etmir. İkinci addım Ermənistanın MDB adlı mənasız strukturdan getməsidir. Qazaxıstan və ya Qırğızıstanla münasibət qurmaq istəyiriksə, bunu birbaşa edə bilərik, burada heç bir problem yoxdur. Bundan sonra Rusiya özü deyəcək ki, sərhəd qoşunlarını geri çəkir. Söhbət Türkiyə və İranla sərhəddə dayanan sərhədçilərdən gedir. “Zvartnots” hava limanında və şərti Ermənistan-Azərbaycan sərhədində dayanan rus sərhədçilərin sadəcə İrəvanın başına tuşlanmış dolu tapança olması fikri ilə razıyam”.
Politoloq Zeynal Əmrəliyev "Xalq Cəbhəsi"nə deyib ki, Ermənistanın KTMT-də fəaliyyətini dondurmaq istəməsi şübhəsiz ki, Paşinyan hökumətinin Qərbə özünü sübut etmək cəhdidir. Paşinyanın komandasının bu işdə biz fəallığını görürük. Prezident Vaaqn Xaçaturyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Xarici işlər naziri Armen Qriqoryan və Parlamentin sədri Alen Simonyanın Ermənistanın KTMT-dən çıxması ilə əlaqədar fəallığını görürük. Bu şəxslərin fəallığının əsl səbəbini onların bağlı olduğu yerlərdə axtarmaq lazımdır: "Məlum məsələdir ki, Paşinyan komandasının üzvləri Qərbin agentura şəbəkəsinin, Soros fondu və digər bu kimi təxtibatçı qurumlarına bağlıdır. Buna görə də onlar indi keçmiş ağalarına minnətdarlıq borclarını bu yolla ödəmək istəyirlər. 44 günlük müharibədə Ermənistan hər vəchle çalışırdı ki, KTMT-ni müharibəyə çəksin. Ancaq bu nə beynalxalq hüquq normalarına, nə bu təşkilatın nizamnaməsinə uyğun idi. Təbii ki, Paşinyan bunu bilirdi. Bu sadəcə olaraq Ermənistanın gələcəkdə bu təşkilatdan çıxması üçün zəmin hazırlamaq məqsədi daşıyırdı. Ermənistan hələ o dövrdə KTMT-nin baş katibi Yuri Xaçaturovu həbs etməklə bu təşkilatla münasibətlərini gərginləşdirdi. Ermənistanın bu hərəkətləri Rusiyada qıcıq yaradırdı. Dəfələrlə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistanın bu hərəkətlərinə münasibət bildirmiş, Ermənistan parlamentinin sədri Alen Simonyanla Zaxarova arasında kəskin söz atışması yaşanmış, sonradan tərəflər bir-birini hətta təhqir etmişdir. Rusiyadan başqa təşkilata daxil olan digər ölkələrdə Ermənistanın bu hərəkətlərinə kəskin reaksiya göstərmişdir. Belarus prezidenti Aleksandr Lukaşenko dəfələrlə Ermənistanın hərəkətlərinə münasibət bildirmiş, İrəvandan öz hərəkətlərinə korrektə etməsini istəmişdi. Ancaq Ermənistan israrla Qərbə doğru istiqamət göturmək istəyir. Buna isə Ermənistanın gücü çatmaz. Çünki Ermənistanın ictimai - siyasi həyatında Rusiyanın nüfuzu çox böyükdür. Ermənistan ordusu daxilində Rusiyaya bağlı olan xeyli sayda zabit korpusu var. Paşinyan onları belə qısa müddətdə təmizləyə bilməz. Aydın məsələdir ki, buna uzun zaman lazımdır. Belə olan halda Paşinyan anidən Rusiya orbitindən çıxıb Qərbin hərbi sisteminə daxil ola bilməz. Biz bu zaman Ermənistan daxilində buna çox kəskin hərbi-siyasi müqavimətin şahidi olacağıq. Eyni zamanda Rusiyadan da çox böyük aqressiyanı da görəcəyik. Eyni zamanda Ermənistanın bu bölgədəki ənənəvi müttəfiqi olan İran da Ermənistandan bu hərəkətləri ilə bağlı izahat tələb edir. Bu həm də İran - Ermənistan münasibətlərinin gərginləşməsinə səbəb olacaq".
Z.Əmrəliyev qeyd edib ki, Paşinyan hökuməti üçün hazırda ən məqbul variant bölgədə yaranan yeni əməkdaşlıq mühitində iştirak etmək, Azərbaycanın tələblərini qəbul etmək və sülh müqaviləsini bağlamaqdır. Fransa nə qədər Ermənistanla yaxınlıq etmək istəsə də sabah Rusiya və Ermənistan arasında hansısa gərginlənlik olanda nə Fransa, nə də Qərbin hansısa ölkəsi Ermənistanın arxasında durmayacaq: "Gürcüstan və Ukraynakı hadisələr Ermənistan üçün nümunə olmalıdır. Hazırda Ermənistan üçün ən sərfəli variant Azərbaycan və Türkiyə ilə razılığa gəlmək və sülh müqaviləsinə imza atmaqdır. Bunun əksi Ermənistan üçün fəlakətlə nəticələnəcək. Paşinyan bunu nəzərə almalıdır. Bu gərginlikdə ən çox zərər çəkən məhz Ermənistan olacaqdır".

Cavid