• 28 Mart 2024
logo
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat

Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat

"Dünyada sürətlə yayılmaqda olan yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının bütün bəşəriyyət üçün qlobal təhlükə yaratdığı bir vaxtda insan həyatının qorunması əsas vəzifə kimi diqqət mərkəzindədir". Bu sətirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədi ilə həyata keçirdiyi fəaliyyətə dair məlumatda yer alıb.

Baymedi.az-a daxil olan məlumatda qeyd edilib ki, epidemiyanın miqyasının və əhatə dairəsinin sürətlə genişləndiyi, pandemiya halı aldığı bir vaxtda əhalinin sağlamlığının qorunması, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun tibbi yardımla təmin olunması və bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə ölkəmizdə dövlət başçısının göstərişlərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər görülməkdədir: "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ölkənin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Operativ Qərargah tərəfindən davamlı olaraq həyata keçirilən preventiv və profilaktik tədbirlər, qəbul edilən qərarlar, o cümlədən tətbiq edilən karantin rejimi və sosial izolyasiya işləri getdikcə gücləndirilməkdədir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili də ölkədə həyata keçirilən tədbirlər çərçivəsində bütün əhali qruplarının hüquqlarının səmərəli təmini məsələsini nəzarətdə saxlayır. Bu fəaliyyət çərçivəsində miqrantların, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təmininə də diqqət yetirilir".
"Müvəkkil Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində mövcud vəziyyəti miqrasiya orqanları ilə müzakirə etmiş, COVID-19 infeksiyasının yayılması ilə əlaqədar ölkədə olan, habelə Qanunsuz Miqrantların Saxlanma Mərkəzində saxlanılan miqrantlar üçün yaradılmış imkanlar, karantin şəraiti, sosial vəziyyətlərinə görə tibbi və digər xidmətlərə çıxış imkanı ilə bağlı araşdırma aparmışdır.
Araşdırmanın nəticəsi olaraq, mövcud vəziyyətlə bağlı miqrantların məlumatlandırılması, müraciət imkanlarının təmin edilməsi, tibbi və digər sosial xidmətlərin gücləndirilməsi tövsiyə olunub.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixindən xüsusi karantin rejiminin elan edilməsi əsas götürülərək, elektron müraciətlərə üstünlük verilməsi, şəxslər arasında təmasın minimuma endirilməsi və yaşama icazələri ilə bağlı təqdim edilən sənədlərin optimallaşdırıması məqsədilə hazırda ölkə ərazisindəki və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müvəqqəti qalma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti də Dövlət Miqrasiya Xidməti tərəfindən aradan qaldırılmışdır. Belə ki, 30 aprel tarixinədək ölkədə olma müddəti bitən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir və onların ölkədə olmaları ilə bağlı tələb olunan dövlət rüsumuna dair sənədləşmə ilə bağlı elektron (online) imkanlar da genişləndirilib.
Hazırda Azərbaycanda mövcud epidemioloji vəziyyətlə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq, Ombudsmanın Aparatında və Regional Mərkəzlərində vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, hər kəs, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər poçt, onlayn müraciət, e-mail, faks, facebook, twitter habelə 24 saat ərzində xidmət göstərən qaynar xətlər (0503709896 və 012916) vasitəsi ilə Müvəkkilə müraciət edə bilərlər. Müvəkkilin Regional Mərkəzləri ölkəyə dörd daxilolma, Şimal, Cənub, Qərb və Şimal-Qərb istiqamətlərində yerləşir ki, bu da müraciətlərin yerində araşdırılması, məlumatlandırma tədbirləri baxımından fəaliyyətin effektivliyinə xidmət edir. Həftəlik olaraq məlumat mübadiləsi əsasında məsələlər nəzarətdə saxlanılır",-deyə məlumatda diqqətə çatdırılıb.