• 27 İyul 2024
logo
Ermənistanın konstitusiya dilemması

Ermənistanın konstitusiya dilemması

Qonşu ölkələrə ərazi iddialarının qanunvericilik aktlarında və sənədlərdə qorunub saxlanılmasında kimlər maraqlıdırlar?

Ermənistan mediası ölkədə referenduma hazırlıq prosesinin başladığını yazır. Rəsmi dairələr bu barədə hər hansı açıqlama verməsələr də, Elm, Təhsil, Mədəniyyət və İdman nazirinin bəzi dərsliklərin adlarında və məzmunlarında, qonşu ölkələrə ərazi iddialarının aradan qaldırılmasını nəzərdə tutan dəyişikliklərin edilməsi ilə bağlı göstərişi Paşinyan hakimiyyətinin konstisusiya dəyişikliyi ilə bağlı niyyətinin real olduğunu düşünməyə əsas verir. Həm də bu dəyişikliklərin, təkcə müstəqillik haqqında bəyannaməyə istinadla bağlı olmadığını təqdiqləyən məqamların sayı yetərincədir. Ermənistan mediasının iddiasına görə, hakim partiyanın əsas məqsədlərindən biri kilsə və diaporla bağlı müddəaların konstitusiyadan çıxarılmasıdır. Söhbət Ermənistan konstitusiyasının 18-ci və 19-cu maddələrindən gedir. 18-ci maddədə qeyd olunur ki, “Ermənistan Respublikası Erməni Apostol Kilsəsinin erməni xalqının mənəvi həyatında, onun milli mədəniyyətinin inkişafı və milli özünəməxsusluğunun qorunub-saxlanılması baxımından milli kilsə kimi müstəsna missiyasını tanıyır”. Təxmini yanaşma, diasporla bağlı 19-cu müddəada da öz əksini tapıb. Burada da diasporun “erməni kimliyinin qorunması, “milli mədəniyyət” və digər bu kimi anlayışlar üzərindən ideoloji aspektdən Ermənistan cəmiyyətinə emosional təsir imkanları konstitusiya səviyyəsində tanınır. Bu isə, mahiyyət üzrə hüquqi dövlətçilik ənənələrinə və prinsiplərinə zidd anlayışlardır.
Ermənistan konstusiyasının 1-ci maddəsində qeyd olunur: “Ermənistan Respublikası suveren, demokratik, sosial, hüquqi dövlətdir”. Amma göründüyü kimi burada Ermənistan dövlətinin quruluşundan, yəni hansı dövlət formasına aidliyindən heç bir söhbət açılmır. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”. Amma Ermənistan konstitusiyasındakı kilsə ilə bağlı müddəaya görə, sözügedən sənəddə dünyəvilik anlayışı yer almayıb və bu o deməkdir ki, bu ölkənin siyasətində hüquqla yanaşı, dini ehkamlar da yer ala bilər. Bu isə, mahiyyət etibarilə hüququn fəlsəfəsinə, klassik dövlətçilik anlayışına ziddir. Ermənistan konstitusiyasında unitarlıqla bağlı anlayışın yer almaması isə, çox güman ki, diasporla bağlıdır və bu yanaşma ermənilərin yaşadığı bütün ölkələr üçün de-yure təhdid yaradan amil kimi də dəyərləndirilə bilər. Yəni bu o deməkdir ki, Ermənistan ermənilərin yaşadıqları bütün ərziləri de-fakto özününkü hesab edir və yaxud nə zamansa bu ərazilərə iddia etmək üçün zəmin yaradılmasına çalışır. Konstitusiyada Ermənistanın dövlət quruluşu, yəni unitarlığı, federallığı və ya konfederallığı ilə bağlı məqamın yer almamasının səbəbi də, çox güman ki ənənəvi erməni nağıllarından qaynaqlanan amillərlə bağlıdır.
Qeyd edim ki, qonşu dövlətlərin ərazilərinə idia ilə bağlı məqam, təkcə Ermənistanın müstəqillik haqqında bəyannaməsində yer almayıb. Ermənistan konstitusiyasının 21-ci maddəsinin ikinci hissəsində, ölkənin gerbi ilə bağlı bənddə gerbdə “Ararat” adı altında Ağrı dağının rəsminin yer aldığı vurğulanır ki, bu da dolayısıyla Türkiyə ərazilərinə iddia etmək anlamına gəlir. Məhz bu baxımdan da, Ermənsitanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinin tələblərinə uyğun bir konstitusiyaya sahib olması zəruridir, əks təqdirdə bu ölkənin ana qanunu təkcə qonşu ölkələr üçün deyil, Ermənistan dövlətçiliyi üçün də təhlükə yaratmaqda davam edəcək.
Referenduma qarşı çıxış edənlərin arasında fərqli və bir-biri ilə ziddiyyətdə olan maraqları ifadə edənlərin yer alması isə sübuta yetirir ki, Ermənistan konstitusiyasından ərazi iddiaları, kilsə və diaspor ilə bağlı məqamların çıxarılmasını arzulamayanların spektri zəngindir. Həm Qərb ölkələrinin əhəmiyyətli hissəsi, həm Rusiya, həm də İran, eləcə də bu qütb və ölkələrin nüfuz müvəkkilləri Ermənistanın qonşu ölkələrə ərazi iddialarının davam etdirilməsində, Ermənistanın daxili və xarici siyasətinə diaspor və kilsənin müdaxiləsi üçün hüquqi imkanların qorunub-saxlanılmasında maraqlı görünürlər. Məsələn, Ermənistan müstəqillik bəyannaməsindən və konstitusiyasından həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiaları ilə bağlı müddəa və ifadələrin çıxarılmasında nə İran, nə də Rusiya maraqlı deyil. Çünki bu halda tarixi düşmənçiliyin tamamilə aradan qalxmasına, münasibətlərin normallaşmasına zəmin yarana bilər. Bu isə İran və Rusiyanın, təhlükəsizlik müstəvisində Ermənistana təsir imkanlarının minimuma endirilməsi deməkdir. Ola bilsin ki, Fransa da daxil omaqla bir neçə Qərb ölkəsi də bu məsələdə İrana və Rusiyaya yaxın bir mövqedə dayanırlar. Nəzəri olaraq, təbii ki... Amma geosiyasi aspektdən, Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətlərinin normallaşması İran və Rusiyanın Ermənistana təsir imkanlarının minimuma endirilməsi baxımından Qərbin kollektiv maraqlarına daha çox uyğundur. Kilsə və diasporla bağlı məsələyə gəldikdə isə, burada Qərblə Rusiyanın maraqları daha çox uzlaşır. Çünki Qərb ölkələrindəki və Rusiyadakı erməni diaspor təsisatları, bu ölkələr üçün həm də geosiyasi təzyiq, yaxud təsir aləti funksiyasını yerinə yetirirlər.
Ermənistan cəmiyyətinə və dünyanın müxtəlif ölkələrinə Erməni Apostol Kilsəsinin təsir imkanları barədə danışmağa isə ehtiyac duymuram. Bəlli olduğu kimi, Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddialarının mif və əsatirlər əsasında erməni təfəkkürünün alt qatlarlına yeridilməsində, bu iddiaların həyata keçirilməsi üçün terroru, etnik təmizləməni məqbul sayan erməni millətçi təşkilatlarının yaradılmasında kilsənin, Ermənsitan konstitusiyasında dolayısıyla qeyd olunduğu kimi, müstəsna “xidmətləri” var. Bu baxımdan, regiona nüfuz etmək istəyən dairələrin kilsənin Ermənistanın dövlət siyasətinə təsir imkanlarının saxlanılmasında maraqlı olduqlarını söyləmək olar.
Xatırladım ki, 2015-ci ildən etibarən Erməni Apostol Kilsəsinin Gürcüstan ərazisindəki 442 gürcü kilsəsinə iddia etdiyini rəsmi şəkildə irəli sürməsi, bununla eyni vaxtda Roma Papasına tabe olan və Şərqi Avropada yerləşən Erməni Katolik Kilsəsinin Gücüstandakı daha 23 kilsəyə iddia etdiyini bəyan etməsi, əslində bu prosesin vahid bir mərkəzdən idarə olunduğunu təsdiqləyir və ümumi mənzərəni ortaya qoyur.
Bu səbəbdən, Ermənistanda “konstitusiya islahatları” ilə bağlı təşəbbüslər reallığa çevrildikcə, həm diasporun, həm kilsənin, həm bəzi region dövlətlərinin, həm də bir sıra Qərb ölkələrinin bu prosesə mane olmaq üçün aktiv hərəkətə keçəcəyini gözləmək mümkündür. Belə önəmli bir mərhələdə, qardaş Türkiyənin Qəzzadakı proseslərdən vaxt tapıb Cənubi Qafqaza da diqqəy ayırması və bu istiqamətdə diplomatik səylərini gücləndirməsi, qənaətimə görə daha doğru olardı...

Elçin Mirzəbəyli