• 25 Aprel 2024
logo
Gürcüstanın azərbaycanlı deputatları koronavirusla mübarizəyə ianə edəcəklər

Gürcüstanın azərbaycanlı deputatları koronavirusla mübarizəyə ianə edəcəklər

Gürcüstan hökuməti və parlament çoxluğunun hər bir üzvü növbəti üç ay üçün əməkhaqlarının 1/3-ni koronavirusla mübarizəyə dəstək fonduna ianə edəcəklər.

Bu barədə hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib.

O, partiyanın digər üzvlərinin də bu dəstəyə qoşulacaqlarına ümidvar olduğunu deyib: “Biz epidemiya ilə mübarizəyə əlavə töhfə verməyə hazırıq. Problemi minimal itkilərlə dəf etmək üçün həmrəylik həlledici silahdır”.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev “Report”un yerli bürosuna açıqlamasında bu təşəbbüsə qoşulduğunu bildirib. O deyib ki, hakim partiya rəhbərliyinin koronavirusla mübarizəyə dəstək olmaq çağırışına çoxluqda təmsil olunan digər azərbaycanlı deputatlar - Savalan Mirzəyev və Mahir Dərziyev də qoşulublar: “Gürcü həmkarlarımız kimi, biz də bu təşəbbüsü çox müsbət qarşıladıq və böyük məmnuniyyətlə dəstək olduq”.

Qeyd edək ki, qonşu ölkədə koronavirusla mübarizəyə dəstək fondu martın 24-də yaradılıb. Bu günə qədər fondda 21 039 092 lari (6,7 milyon ABŞ dolları) məbləğində pul toplanıb.