• 29 Mart 2024
logo
Azərbaycan Prezidenti: Bizim ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız dərinləşməlidir

Azərbaycan Prezidenti: Bizim ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız dərinləşməlidir

Bizim ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız dərinləşməlidir.

Bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bu gündən etibarən qüvvəyə minmiş qaydalar əminəm ki, müsbət dinamikanı gücləndirəcək. Eyni zamanda, çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə bunun icrası nəzərdə tutulur, həmçinin sosial paket. İşləyən vətəndaşların işlərini itirməməsi üçün sahibkarlara çağırış və nəinki çağırış, eyni zamanda, sahibkarlara dəstək. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar. Onlara kim dəstək verməlidir? Dövlət. Hər zaman olduğu kimi dövlət bunu edir. Ona görə həm xəstəliyə qarşı mübarizə, həm iqtisadi fəallığın təmin edilməsi, həm sosial məsələlərin həlli, hər bir vətəndaşın problemlərinin dərk edilməsi və kömək göstərmə cəhdlərimiz və niyyətimiz, bax, bizim siyasətimizi əks etdirir, eyni zamanda, Azərbaycan vətəndaşlarına hesab edirəm ki, ən gözəl xidmət olacaqdır. Ona görə hesab edirəm ki, məruzə etdiyiniz məsələlərin formalaşması artıq tam yekunlaşmalıdır və vaxt itirmədən faktiki ödəmələr də başlanmalıdır və təbii ki, siyahılar da tutulubdur.

Eyni zamanda, bizim ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız da dərinləşməlidir. Pandemiya burada bizə maneçilik törətməməlidir, vaxt itirməməliyik. Bizim əsas məqsədimiz, - mən bu vəzifəni İqtisadiyyat Nazirliyi qarşısında qoymuşdum, - kölgə iqtisadiyyatının miqyasının daraldılmasıdır. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi addımlar atılıb. Keçən il vergi və gömrük orqanları xəzinəyə proqnozdan artıq bir milyard manat vəsait daxil etdilər. Nəyin hesabına? Kölgə iqtisadiyyatının kiçilməsi hesabına.

Bu ili çox gözəl başlamışdıq. İki ayda 250 milyon manatdan çox gəlir olmuşdu. Nəyin hesabına? Kölgə iqtisadiyyatına qarşı mübarizə hesabına. Bu proses davam etdiriləcəkdir. Bir daha özəl sektorun nümayəndələrinə müraciət etmək istərdim və artıq mən bunu bir neçə dəfə demişəm ki, biz köklü islahatlar aparırıq. Bu, kölgə iqtisadiyyatının sonu deməkdir. Ancaq biz hər şeyi ardıcıllıqla edirik, yüzlərlə, bəlkə də minlərlə sahibkarlıq subyekti var. Biz onlara vaxt verdik. Eyni zamanda, İqtisadiyyat Nazirliyi onlara həm vaxt verdi, həm də ki, maarifləndirmə işləri apardı. Onlar üçün bu gün dediyim sözlər sürpriz deyil. Bu, siyasətdir və bu, strateji xəttimizdir. Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbirli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi".