• 12 Noyabr 2024
logo
Norveç qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə yayılıb

Norveç qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə yayılıb

Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatı “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyi ilə birgə “Erməni yalanları dünya mediasında” layihəsinə start verib. Layihə çərçivəsində Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq aləmdə yayılması ilə bağlı çağırışına əsasən İctimai Birliyin sədri Fuad Hüseynzadənin müsahibəsi və “Marağa-150 abidəsi” adlı məqaləsi Norveçin “Utrop” qəzetində dərc edilib. Bu barədə AZƏRTAC-a “CAN” təşkilatının sədri Şervin Nəcəfpur məlumat verib.
Müsahibədə Fuad Hüseynzadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat verib. O, Azərbaycanın hər zaman qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamağın tərəfdarı olduğunu vurğulayıb. Bildirib ki, bu gün də Azərbaycan öz qonşuları ilə qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. İctimai Birliyin sədri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bütün regiona mənfi təsir göstərir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvalarından qovularaq qaçqın və məcburi köçkün olub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr hələ də yerinə yetirilməyib. Azərbaycan hər zaman müharibəyə qarşı olub və bu münaqişənin də sülh yolu ilə həllinin tərəfdarıdır. Müsahibədə 1978-ci ildə, Ermənistanın və Azərbaycanın SSRİ-nin tərkibində olduğu vaxt ermənilərin İrandan Dağlıq Qarabağa köç etməsinin 150 illiyini qeyd etmək üçün ucaldılmış abidədən danışan Fuad Hüseynzadə həmin abidənin ermənilər tərəfindən münaqişədən əvvəl dağıdıldığını qeyd edib. O, işğal altındakı tarixi və dini abidələrin dağıdılmasından da söz açaraq bu kimi halların sülh və sabitliyin bərqərar olması üçün ciddi problemlər yaratdığını qeyd edib, hazırda Azərbaycanda erməni dini abidələrinin də qorunduğunu bildirib. Bakı şəhərindəki “Qriqori Lusavoriç” erməni kilsəsi bərpa edilərək dövlətin mühafizəsinə götürülüb. Müsahibədə Azərbaycanda milli-dini dözümlülük haqqında da danışılıb, bunun digər ölkələr üçün nümunə ola biləcəyi bildirilib.