• 12 Noyabr 2024
logo
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir

Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir

Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində qondarma “prezident və parlament” seçkilərinin keçirilməsi siyasi əxlaqsızlığın son həddidir. Bu addım BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə təhqirdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Bu saxta “seçkilərin” Azərbaycanlıların Soyqırımı Gününə təyin olunmasını erməni riyakarlığının növbəti təsdiqi kimi dəyərləndirən səfir deyib: “Separatçı rejimin növbəti qanunsuz addımı açıq-aydın BMT və ATƏT-in Minsk Qrupuna qarşı hörmətsizlikdir. Bütün bu hüquqazidd əməllərin məsuliyyətini işğalçı Ermənistan daşıyır. Ermənistan hakimiyyəti bir tərəfdən dünya ictimaiyyətini aldadır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Digər bir tərəfdən isə Azərbaycan torpaqlarının iyirmi faizini işğalda saxlayır və başqa bir ölkənin ərazisində qondarma “seçkilərin” keçirilməsinə şərait yaradır. Beynəlxalq hüquqa zidd olan bütün bu hadisələrin yaranmasının səbəbi dünyadakı ikili standartlardır”.
Ermənistanın işğalçı siyasətinin Qafqazda sülhə və inkişafa təhdid kimi dəyərləndirən səfir vurğulayıb ki, regionda baş verə biləcək bütün xoşagəlməz hallara görə, məsuliyyəti Ermənistan və ona havadarlıq edən qüvvələr daşıyır.