• 16 Yanvar 2021
logo
İlyas Hüseynov: Məsuliyyətsiz davranan, qaydaları pozan insanlar məsuliyyətə cəlb edilməlidir

İlyas Hüseynov: Məsuliyyətsiz davranan, qaydaları pozan insanlar məsuliyyətə cəlb edilməlidir

Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, dünyanın əsas və aparıcı televiziya kanallarına nəzər saldıqda "Evdə qal" həştəqinə ekranın hər hansı bir küncündə rast gəlmək olar:

"Bəs evdə qalmaq niyə bu qədər vacibdir? Çünki evdə qalmaqla insanlar özlərini, ailə üzvlərini qorumaqla yanaşı, həm özləri infeksiyaya yoluxmur, həm də digərləri üçün təhlükə yaratmırlar.

İnfeksiya yaşı 65-dən yuxarı olan şəxslər üçün daha çox təhlükəli olduğuna, onların həyatına ciddi risk yaratdığına görə, həmin kateqoriyaya aid olan şəxslər qaydalara birmənalı şəkildə əməl etməli və evdən çölə çıxmamalıdırlar".

İ.Hüseynov əlavə edib ki, bu virusa yalnız evdə qalmaqla qalib gəlməyin mümkün olduğunu vətəndaşlarımız unutmamalıdırlar. Vətəndaşlarımız özləri sosial şəbəkələr vasitəsilə evdə qalmağın mühüm əhəmiyyətini təbliğ etməli, qohumlarını, qonşularını, tanıdıqları hər bir şəxsi xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırmalıdırlar. Bununla hər bir şəxs bu ciddi problemin öhdəsindən gələ biləcək".

Politoloq hesab edir ki, hər bir şəxs məsuliyyətlə davranmalı, qəbul edilmiş qaydaları pozmamalıdır. Tətbiq olunmuş qadağalar yoluxma hallarını məhdudlaşdırmaq məqsədi daşıyır:

"Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi insanlar koronavirusa qarşı mübarizə tədbirlərinə laqeyd yanaşır və həmrəylik müşahidə olunmur. Məcburiyyət tətbiq edilmədiyi üçün insanlar evlərindən çıxırlar. Bu virusun ciddiliyinə barmaqarası baxan ölkələrin təcrübəsi göstərdi ki, 65 yaşdan yuxarı insanlar bu xəstəliyə daha tez yoluxur və proses arzuolunmaz şəkildə, ağrılı nəticələr verir. Ancaq buna baxmayaraq, bəzi ahıl yaşına çatan vətəndaşlarımız evdə oturmaq istəmirlər. Bu insanlar fərdi məsuliyyəti dərk etməli, ailələri isə bu işdə onlara təzyiq göstərməlidir.

Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda polis əməkdaşları səbr və təmkinlə insanlara qaydaları çatdırır, onları başa salmağa çalışırlar. Hazırda polisin üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atır, gecə-gündüz çalışır, izahat işləri aparırlar. Bizim mentalitetimizə görə, böyüklərə hörmət olunur, onlarla sərt danışılmır. Polislərimiz də bunu etmir, çox böyük nəzakət və qayğı ilə vətəndaşlarla ünsiyyət qururlar".

İ.Hüseynov hesab edir ki, məsuliyyətsiz davranan, qaydaları pozan insanlar məsuliyyətə cəlb edilməlidir. Məsuliyyət hissi bu gün nümayiş etdirilən həmrəylik və birlik hisləri ilə eynilik təşkil etməlidir.