Əli Zülfüqaroğlu: “Fransanın pozucu fəaliyyəti Azərbaycanın müstəqil siyasətinə heç bir istiqamətdə təsir göstərə bilməz”
"Fransa səfirliyinin əməkdaşlarının ifşa olunması Fransanın uzun müddət müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda bu cür siyasət apardığının göstəricisidir. Gizli fəaliyyətinin ifşa olunması Fransanın Azərbaycana, eyni zamanda müxtəlif ölkələrə qarşı ləyaqətsiz, beynəlxalq hüququn norma və prinsiplərə zidd siyasət yürütdüyünü bir daha sübut edir". Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu vurğulayıb: "Fransa artıq bütün dünyada mövqelərini itirir və uzun illər müstəmləkə şəraitində saxladığı ölkələr belə artıq Fransanın kirli siyasətinə qarşı sərt mövqe ortaya qoyurlar. Məhz bunun nəticəsi olaraq Fransanın bir slra Afrika ölkələrindən rüsvayçı şəkildə qovulması onun beynəlxalq səviyyədə dayaqlarının sarsılması deməkdir. Bu da Fransanın daha ciddi və aqressiv siyasət sərgiləməsinə gətirib çıxarır. Son zamanlar biz bunu Qarabağ müharibəsi zamanı da müşahidə etdik. Bölgədə işğalçıya uzun illər dəstək verməyə çalışan Fransanın istəyinin baş tutmaması Azərbaycanın BMT qətnamələrini özü həyata keçirməsi və öz torpaqlarını işğaldan azad etməsi zamanı biz Fransanın aqressiv, qeyri-konstruktiv və Azərbaycana qarşı qərəzli siyasətinin bir daha şahidi olduq. Bütün bu təzyiqlərə baxmayaraq Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bu prosesdə Fransa kənarda qaldı. Bununla da ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq Fransanın əslində hansı mahiyyət daşıdığı bütün çılpaqlığı ilə ortaya çıxdı. Son zamanlar biz Fransanın bu istiqamətlərdə yeni təxribatlarının şahidi oluruq. Bölgəyə daxil olmaq üçün Ermənistan üzərindən təxribatçı fəaliyyətinin şahidi oluruq. Bu, onu deməyə əsas verir ki, rəsmi Paris Azərbaycana qarşı ənənəvi siyasətini davam etdirəcək. İstənilən halda Vətən müharibəsindən öncə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, eyni zamanda Vətən müharibəsi dönəmində və Vətən müharibəsindən sonra tutduğu mövqe, Azərbaycana qarşı sərt təzyiqlər heç bir effekt vermədiyi kimi, bundan sonra da Fransanın pozucu fəaliyyəti Azərbaycanın müstəqil siyasətinə heç bir istiqamətdə təsir göstərə bilməyəcək. Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək, Fransa daxil olmaqla istənilən ölkənin öz daxili işlərinə qarışmasına imkan verməyəcək".