• 29 Mart 2024
logo
“Təcili olaraq karantin rejimi haqqında qanun qəbul etməliyik”

“Təcili olaraq karantin rejimi haqqında qanun qəbul etməliyik”

Qüdrət Həsənquliyev: “Parlament də bu məsuliyyətin altına girməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev parlamentin martın 30-da keçirilən plenar iclasında çıxış edib. Millət vəkili “Azərbaycan Respublikası Milli Məclisi deputatının status haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı fikirlərini bölüşüb: “Mən çıxış etmək istəmirdim. Amma burada səsləndi ki, birdən internet kəsilsə necə onlayn qaydada səsvermə keçirəcəyik. Qeyd edim ki, biz elə burada da bəzən iclası davam etdirə bilmərik. Fövqəladə hallarda hər şey ola bilər. Ona görə, ciddi narahat olmaq lazım deyil.
Martın 26-da Avropa Parlamentində kiçik və orta sahibkarlıq subyektləri üçün 37 milyard avroluq yardım paketi ayrılması ilə bağlı müzakirələr zamanı qurumun iclası onlayn qaydada keçirildi. Həmin iclasda da sədr tək oturmuşdu, zalda 3-4 nəfər əyləşmişdi, amma 688 nəfər onlayn qaydada səsvermə həyata keçirdilər. Hesab edirəm ki, bizim səfirlik, yaxud mütəxəssislər əlaqə saxlayıb həmin təcrübəni öyrənə bilərlər. Bunun bağlı təcrübə var”.
Daha sonra millət vəkili koronavirus təhlükəsi ilə bağlı atılan addımlardan, görülən işlərdən bəhs etdi və təklifini səsləndirdi: “Azərbaycanda karantin rejimi elan edilib, amma bu hüquqi baxımdan anlayışı verilməyən bir termindir. Bunun özündə nəyi ehtiva etdiyini heç kəs bilmir. İcra hakimiyyəti orqanı beynəlxalq təcrübəyə istinad edərək Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırıb. Mən, anlayıram ki, bu xalqımızın xeyrinədir və bu addımlar zəruri tədbir kimi atılıb. Amma biz mütləq karantin rejimi haqqında qanun qəbul etməliyik. Fövqəladə vəziyyət şəraitində Prezidentin fərmanını parlamentdə təsdiq edirik. Ali qanunverici orqan bunu ona görə edir ki, vətəndaşların hüquq və azadlıqları məhdudlaşdırılır. Karantin rejimində də eyni qaydada. Biz karantin rejimini təsdiq etmirik, çünki qanunvericilik bazamız yoxdur. Burada söhbət ciddi şəkildə hüquq və azadlıqların məhdudlaşdırılmasından gedir.
Biz görürük ki, gənc yüzlərlə tələbələrimizi - bəlkə də gələcəkdə onlar spiker, prezident, vitse-prezident olacaqlar – 100 metrlikdə otel olduğu halda aparıb yığırlar yeraltı bir məkana. Ona görə də, hesab edirəm ki, biz təcili sürətdə karantin rejimi haqqında qanun qəbul etməliyik və sənəddə bu rejimin parlament tərəfindən təsdiq edilməsi öz əksini tapmalıdır”.
Millət vəkili daha sonra deyib: “Biz icra hakimiyyəti orqanlarına o qədər geniş səlahiyyət verə bilmərik ki, istənilən qərarı qəbul etsinlər. Məsələn, indi restoranları, digər yerləri bağlayıblar. Sabah başqa qərar da qəbul edə bilərlər. Ona görə də biz o çərçivəni dəqiq müəyyənləşdirməliyik. Bizim belə imkanlarımız var və təcili qaydada karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul olunmalıdır”.