• 19 İyul 2025
logo
Azər Kərimli: Mədəniyyətimiz, incəsənətimiz, idmanımız da  doğma yurd yerlərimizə qayıdır

Azər Kərimli: Mədəniyyətimiz, incəsənətimiz, idmanımız da  doğma yurd yerlərimizə qayıdır

Xankəndi şəhərində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunu, sadəcə bir idman yarışı kimi dəyərləndirmək doğru olmazdı. Bu, bir futbol yarışından daha çox, Azərbaycan xalqı, dövləti, ordusu və Azərbaycanımızın ayrılmaz parçası olan Qasrabağın birliyini, bütövlüyünü, bölünməzliyini, həmrəyliyini ifadə edən tarixi hadisə kimi dəyərləndirilməlidir.
Bu sözləri xalqcebhesi.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ölkəmizin bütün əraziləri üzərində suverenliyimizin bərpası ilə təkcə öz ata-baba yurdlarından didərgin salınmış həmvətənlərimiz deyil, mədəniyyətimiz, incəsənətimiz, idmanımız da doğma yurd yerlərimizə qayıdır: “30 ildən çox bir zaman kəsiyində zövqsüz rənglərdən ibarət saxta simvollarla yamaqlanmış, örüş yerini xatırladan Xankəndi stadionunun, cəmi 2 ay ərzində yenidən qurulması, göz oxşayan bir görkəm alması işğalçı, separatçı, terrorçu, vandal dünyagörüşü ilə qurucu, yaradıcı təfəkkürün müqayisəsi üçün unikal imkan yaradır və həm də Xankəndinin, Qarabağın gerçək sahibinin kim olduğunu göstərir”.
Azər Kərimli qeyd edib ki, əzəli sahiblərinin 30 il ərzində separatizm və terrorizmin yuvasına, rəmzinə çevrilmiş Xankəndiyə qayıdışı, böyük rəmzi məna daşıyan “Qarabağ” və Mərkəzi Ordu İdman Klubu arasında keçirilən oyun, dövlətimizin başçısının bu tarixi hadisəni şəhidlərimizin övladları ilə birlikdə seyr etməsi ilahi ədalətin təntənəsi olmaqla yanaşı, həm də mədəniyyətin, humanizmin, Azərbaycan xalqına məxsus yüksək mənəvi dəyərlərin ifadəsidir: “Cənab Prezidentin vurğuladığı kimi, Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Artıq Azərbaycan bayrağı separatizm və işğalın kökü kəsilmiş bütün ərazilərimizdə qürurla dalğalanır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, suverenliyimizin bərpası əbədi qürur mənbəyimizdir, miqyası zamanla ölçülməyəcək tarixi hadisədir və bu tarix qəlbimizdə, yaddaşımıza daim yaşayacaq. Gələcək nəsillər tarixi Zəfərimizlə və bu zəfəri bizə bəxş edən tarixi şəxsiyyətlə əbədi olaraq fəxr edəcəklər”.