• 12 İyul 2025
logo
“Ermənistan Qərbin dəstəyi ilə kommunikasiyanın açılmasını öz istəklərinə uyğun reallaşdırmağa çalışır”

“Ermənistan Qərbin dəstəyi ilə kommunikasiyanın açılmasını öz istəklərinə uyğun reallaşdırmağa çalışır”

Asif Nərimanlı: “Lakin bu məsələdə Azərbaycan həlledici qərarı verəcək”

“Ermənistanda və Qərb “Azərbaycan Ermənistana hücum edəcək” kampaniyasının aparılmasına baxmayaraq, rəsmi Bakı ən yüksək səviyyədə bu fikrinin olmadığını bəyan edib. Azərbaycanın əsas hədəfi suverenliyini bərpa etmək idi və buna nail oldu da. Bundan sonra qeyd etdiyim kimi, Ermənistanla kommunikasiya açılmasa, sülh sazişi imzalanmasa itirən Azərbaycan olmayacaq. Lakin Ermənistandan hansısa təxribat cəhdi olarsa, Azərbaycanın adekvat cavabının ağır olacağı da məlumdur. Fikrimcə, Ermənistanda və Qərbdə bu ssenari əlavə variantlardan biri kimi saxlanılır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində siyasi şərhçi Asif Nərimanlı deyib. O, həmçinin digər suallarımızı da cavablandırıb.
-Paşinyanın "dünyanın kəsişməsi" layihəsi nəyə hesablanıb?
- Bu layihə Zəngəzurdan dəhliz vermədən, kommunikasiyanın Ermənistanın maraqlarına uyğun açılmasını təmin etmək məqsədi daşıyır. Kommunikasiyanın açılmasında iki yanaşma var: birincisi, yol məntiqidir, yəni Ermənistandan keçəcək yollara bu ölkənin özü nəzarət edir; ikincisi, dəhliz məntiqidir, bu, 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun olaraq Naxçıvana menəsiz keçidin verilməsini və dəhlizə Rusiyanın nəzarətini özündə ehtiva edir.
Bu yanaşma üzərindən təkcə Azərbaycan və Ermənistan yox, Qərb və Rusiya da mübarizə aparır. Ermənistan Qərbin dəstəyi ilə kommunikasiyanın açılmasını öz istəklərinə uyğun reallaşdırmağa çalışır, lakin bu məsələdə Azərbaycan həlledici qərarı verəcək. Azərbaycan Qarabağda erməni separatizmini məhv edərək, suverenliyini bərpa edib, o cümlədən, Zəngəzur dəhlizinin İran marşrutu üzərindən aparılmasına razılaşdırılıb. Yəni bundan sonra sülh sazişinin imzalanmaması halda itirən Azərbaycan yox, Ermənistan olacaq. Paşinyan məhz buna görə belə bir layihə təqdim etməklə “həll yolu” təklif edir, bununla həm də “sülh tərəfdarı” kimi görünmək istəyir. Lakin bu layihə Ermənistana təkcə Azərbaycanla kommunikasiyanın açılmasında üstlük vermir, həm də Avrasiyanın nəqliyyat dəhlizlərində üstünlük qazandırır. Belə demək mümkünsə, Paşinyanın təqdim etdiyi layihə icra olunarsa, Ermənistanın Asiya və Avropa arasında körpü olması rolu önə çıxır.
- Azərbaycan bunu qəbul edəcəkmi?
- Rəsmi Bakı bunu qəbul etməyəcək, çünki bu, Azərbaycanın Asiya və Avropanın nəqliyyat şəbəkəsində oynadığı roldan Ermənistana pay vermək deməkdir, həm də bunun qarşılığında heç bir qazanc əldə edilmir.
- O zaman, kommunikasiyanın açılması hansı şərtlərlə həyata keçiriləcək?
- Kommunikasiya Bakının şərtləri ilə açılmalıdır və burada iki mümkün variant var.
Birincisi, Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun açılmasıdır, lakin bu məsələ artıq arxa plana keçmiş kimi görünür. İkincisi, Bakının təklif etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”nin qəbul edilməsidir. Naxçıvana daşınan yüklərə və gedən sərnişinlərə gömrük rüsumu, eləcə də sərhəd yoxlanışı tətbiq edilmir, Mərkəzi Asiyadan Ermənistana, yaxud Ermənistan üzərindən Avropaya daşınacaq yüklərə İrəvan gömrük qaydaları tətbiq edə bilər. Bakının ən azı bu şərti qəbul edilməlidir, əks təqdirdə yolların açılması mümkün olmayacaq, bunu İrəvanda da, Qərbdə də anlayırlar. Fikrimcə, hazırda danışıqlar bu yöndə davam edir.
- Sülh danışıqlarında razılaşdırılmayan nələr qalıb və Ermənistan bu iddialarından əl çəkəcəkmi?
- Danışıqlarda iki məsələdə fikir ayrılığı var. Biri kommunikasiyanın hansı prinsiplə açılmasıdır, digəri sərhədlərin hansı xəritə ilə delimitasiya edilməsidir. Ermənistan 1975-ci ilin xəritələrindən çıxış etməklə anklavlar məsələsində qazanc əldə etmək niyyətindədir, lakin Bakı bununla razılaşmayacaq. Ermənistan üçün yeganə seçim bu iddialarından əl çəkməsidir, əks təqdirdə, sülh olmayacaq və bu ölkə dalanda qalacaq.
- Sülh sazişinin qısa müddətdə imzalanması nə dərəcədə mümkün görünür, bunun olması üçün nələr edilməlidir?
- Tərəflər arasında fikir ayrılığı sülh sazişinin qısa müddətdə imzalanmasını çətinləşdirir, lakin Bakı həll yolu üçün ilk təklifini verib. Prezidentin köməkçisi Hikmət Hacıyev Londonda verdiyi açıqlamalarda bəyan etdi ki, “Azərbaycan Ermənistanla dayanıqlı sülh müqaviləsi bağlamaq üçün heç bir ciddi maneə görmür və hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi ayrıca həll oluna bilər”. Bunu sülh sazişini indi imzalamaq, sərhəd müəyyənləşməsini isə sonraya saxlamaq təklifi hesab etmək olar. Bakı bununla sülh sazişinin daha tez imzalanmasında maraqlı tərəf olduğunu göstərir. Bunun üç mümkün səbəb var.
Birincisi, sərhədin delimitasiyası uzunmüddətli prosesdir və tərəflər arasında fikir ayrılığının olduğunu nəzərə alsaq, bu, sazişin imzalanmasını gecikdirəcək;
İkincisi, Ermənistan “güzgü prinsipi” üzrə qoşunların geri çəkilməsini istəyir, bu, sərhəddə strateji yüksəkliklərə nəzarəti bərpa edən Azərbaycanın xeyrinə olmadığı üçün məsələnin sonraya saxlanılması Bakının maraqlarına daha uyğundur;
Üçüncüsü, Azərbaycan Ermənistanla münasibətlərin ikitərəfli formatda həll edilməsindən yanadır, hərçənd, sərhədin müəyyən edilməsi sovet xəritələrini gündəmə gətirir ki, bu da xəritələrin olduğu Rusiyanın prosesdə iştirakını şərtləndirəcək;
Birinci və üçüncü amil Ermənistan üçün də keçərlidir, xüsusilə kommunikasiyanın açılmasının tezləşməsi fonunda. İrəvan anklavlar məsələsinə görə də səhədin müəyyənləşməsinin ayrıca müzakirəsində maraqlı ola bilər, lakin sülh sazişi üçün Naxçıvana çıxış məsələsində Bakının “Azərbaycandan Azərbaycana prinsipi”ni qəbul etməlidir. Naxçıvana aparılan yüklər və gedən sərnişinlər gömrük rüsumundan azad edilməli, sərhəd yoxlaması tətbiq edilməməlidir. Əks təqdirdə, sazişin imzalanması sual altına düşür.
Burada bir mümkün variant da ola bilər: tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasını rəsmiləşdirir, fikir ayrılığının olduğu məsələlər – sərhəd və kommunikasiyaların hansı prinsiplərlə müəyyən edilməsi sonraya saxlanılır. Bu halda kommunikasiyanın açılması arxa plana keçdiyi üçün itirən yenə Ermənistan olacaq.
- Bütün bunların fonunda bölgədə yeni müharibə riski varmı?
- Ermənistanda və Qərb “Azərbaycan Ermənistana hücum edəcək” kampaniyasının aparılmasına baxmayaraq, rəsmi Bakı ən yüksək səviyyədə bu fikrinin olmadığını bəyan edib. Azərbaycanın əsas hədəfi suverenliyini bərpa etmək idi və buna nail oldu da. Bundan sonra qeyd etdiyim kimi, Ermənistanla kommunikasiya açılmasa, sülh sazişi imzalanmasa itirən Azərbaycan olmayacaq. Lakin Ermənistandan hansısa təxribat cəhdi olarsa, Azərbaycanın adekvat cavabının ağır olacağı da məlumdur. Fikrimcə, Ermənistanda və Qərbdə bu ssenari əlavə variantlardan biri kimi saxlanılır. Qərb bölgədəki planları fonunda da təxribat planları aktual olaraq qalır. Çünki Qərbin məqsədi Ermənistandan Rusiyanı sıxışdırıb çıxarmaqdır, amma bunun üçün “Azərbaycan təhlükəsi” bəhanə kimi göstərilir. İstisna deyil ki, bu “təhlükəni” ispat etmək məqsədilə sərhəddə təxribat törədilsin və Ermənistan “öhdəliyini yerinə yetirmir” bəhanəsi ilə KTMT-dən çıxmağı, Rusiyadan uzaqlaşmağı aktuallaşdırsın.

Əli