• 21 Fevral 2024
logo
Xalqı birləşdirən Zəfər

Xalqı birləşdirən Zəfər

Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan xalqının mübarizliyini, ölkəmizdə xalq-ordu-rəhbər vəhdətinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. 2020-ci il 10 dekabr tarixində 30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Azadlıq Meydanında Zəfər paradı keçirildi. Qürür və fəxr olunacaq Zəfər paradının keçirilməsindən artıq üç il ötür.

Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakının ən böyük meydanı olan Azadlıq meydanında keçirilən çox paradlarda iştirak edib. Lakin bu parad tarixi və siyasi əhəmiyyətinə, ən əsas isə mənəvi dəyərinə görə xüsusi önəm daşıyırdı. Bu, Zəfər paradı idi. Bu, tarixi hadisə idi. Bizim Zəfər paradımız bütün dünyaya Azərbaycan ordusunun hərbi qüdrətinin nümayişi oldu.

Zəfər paradının 10 dekabr tarixinə salınması təsadüf deyiliydi. Bu düşünülmüş, siyasi mesaj rəmzini daşıyan bir addım idi. Belə ki, 1991-ci il 10 dekabr tarixində Azərbaycanın Dağlıq Qarabağ regionunda qeyri-qanuni və özbaşına “referendum” keçirilmiş və regionun azərbaycanlı əhalisinin iştirak etmədiyi “referendumda” ermənilər “müstəqillik” elan etmişdilər. Azərbaycan dünya ermənilərinin hər il böyük pafosla qeyd etdikləri bu tarixdə Zəfər paradı keçirməklə, bütün dünyaya Qarabağın hər zaman Azərbaycan olduğunu bir daha sübut etdi.

Bu tarixi parad hər bir vətəndaşda böyük qürur hissi, ruh yüksəkliyi yaşatdı. Zəfər paradımızı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgə fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbul etməsi bir millət, iki dövlət olaraq Türkiyə-Azərbaycan birliyini bir daha sübut etdi. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi eyni zamanda beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Zəfər paradı həmçinin Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqına dəstək verən Qardaş ölkənin rəhbərinin “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır” sözləri, qardaşlığımızın sarsılmazlığının dünyaya növbəti təqdimatı idi.

Zəfər paradının ən qürurverici və yaddaşlardan silinməyəcək səhnəsi isə mədəniyyətimizin beşiyi sayılan, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin Ermənistan işğalından azad olunduqdan sonra üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi oldu.

Təntənəli hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi Azərbaycan ordusunun dünyanın ən güclü ordularından biri olduğunu bütün dövlətlərə bir daha təsdiq etdi. Yadda qalan məqamlardan biri də “Dəmir yumruq” əməliyyatı zamanı rəşadətli ordumuzun ələ keçirdiyi hərbi qənimətlərin nümayiş etdirilməsi idi.

Hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşadan an isə Azadlıq meydanına 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın təqdimatı oldu.

Zəfər paradımızda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əlahiddə Ümumqoşun Ordunun, Raket və Artilleriya Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularının tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin, qəhrəman əsgər və zabitlərimizin vətənpərvərliyinin, rəşadətinin və Qələbə əzminin ifadəçisi idi.

Sözlə ifadə olunmayacaq qürur hissini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları yaşayırdı. Çünki onlar ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak edirdilər və bu Zəfər paradı idi.

Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların Zəfər paradında iştirakı isə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əbədi və sarsılmaz olduğunun əyani sübutu oldu.

Xalqımız milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu tarixi qələbəni yüksək səviyyə qeyd etdi.

Turan Cəfərova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi