• 2 Mart 2024
logo
“Ali Baş Komandanın bu addımı təqdir edilir” - Cavanşir Abbaslı

“Ali Baş Komandanın bu addımı təqdir edilir” - Cavanşir Abbaslı

“Rusiya və Amerikadakı prezident seçkilərindən öncə Azərbaycanın növbədənkənar president seçkilərinə getməsi ən doğru qərarlardan biridir”.

Bu fikirləri Metbuat.az-a siyasi şərhçi Cavanşir Abbaslı deyib.

Analitik bildirdi ki, bütün ölkə ərazisində baş tutması planlaşdırılan bu seçkilər Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək:

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Bu sevinci bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirəm.

Ölkədə növbədənkənar seçkilər təyin etmək dövlət başçısının müstəsna səlahiyyətlərindən biri hesab edilir. İlham Əliyev 2018-ci ildə növbəti dəfə Azərbaycan Prezidenti seçildikdən sonra dövlətin və xalqın qarşısında duran ən mühüm problemin - ölkənin ərazi bütövlüyünün bərpası sözünü yerinə yetirdi. Ali Baş Komandanın hakimiyyətini daha da möhkəmləndirmək üçün atdığı bu addım təqdir edilməlidir.

Qarabağ məsələsi tam həll edilib. Hazırda bölgədə yaranan yeni situasiya seçkilərin keçirilməsini tələb edir. İndiki şəraitdə seçkilərə getmək geosiyasi mübarizənin Azərbaycanın daxili siyasətinə də müsbət təsir edə bilər”.

Dünyanın iki super gücü olan ölkələr - Rusiya və Amerikada gələn il keçirilməsi planlaşdırılan seçkilər barədə danışan ekspert xatırlatdı ki, zaman-zaman bu dövlətlərdən də Azərbaycana müəyyən təzyiqlər olub:

“Hazırda verdiyi bu qərar ilə Azərbaycan Prezidenti bir master-klass keçdi. Digər tərəfdən Azərbaycana qarşı son zamanlarda Avropadan gələn təzyiqlər artıb. Bu təzyiqlərin qarşıdakı vaxtlarda arta biləcəyi ehtimal olunur. Belə bir şəraitdə iqtidarın seçki qərarı verməsini təsadüfi saymaq olmaz.

Digər tərəfdən biz bir-birinə çox yaxın olan zamanlarda seçkilər keçirməli idik, yəni gələn ilin noyabrında parlament, dekabrında bələdiyyə, 2025-ci ilin aprelində isə, prezident seçkiləri planlaşdırılırdı.

Çoxları düşünə bilər ki, parlament seçkiləri 2025-ci ilin fevralındadır, amma bu elə deyil. Əgər növbədənkənar seçkilərə gedilirsə, növbəti seçimlər yenə əvvəlki vaxtında olur. Gördüyünüz kimi, zaman bir-birinə çox yaxın idi. Azərbaycan Konstitusiyası ilə 60 gün ərzində seçki prosesi gedir. Bu seçkilər arasında isə, 60 gündən az zaman var idi. Bu səbəb də Azərbaycan hakimiyyətini növbəti növbədənkənar seçkilərə getməyə vadar edə bilər”.

Sərəncamın verilməsinin ölkə daxilində siyasi mühitdə aktivlik yaratdığını ifadə edən C.Abbaslı hesab edir ki, bu seçkilərdən sonra hakim komanda da ciddi dəyişikliklər ola bilər.

“Düşünürəm ki, buna ehtiyac da var. Əgər baş tutarsa seçkilərin müsbət tərəfini görəcəyik. Unutmayaq ki, Qarabağ ətrafında hələ də həll edilməyən ciddi məsələlər var. Biz ölkənin ən taleyüklü məsələlərindən biri sayılan, xarici dairələrin təsiretmə riçarklarının daha çox olduğu prezident seçkilərini belə bir dönəmdə keçirib, həmin məsələləri sonra rahatlıqla həll edə bilərik. Bir sözlə hər şey Azərbaycanımız üçün xeyirli-uğurlu olsun”.