• 3 Mart 2024
logo
Azərbaycanın seçimi: Ədalətli və ləyaqətli sülh

Azərbaycanın seçimi: Ədalətli və ləyaqətli sülh

ABŞ-Azərbaycan münasibətlərinin ənənəvi tərəfdaşlıq müstəvisinə qaytarılması istiqamətində nəzərə çarpan dəyişikliklər, şübhəsiz ki, əlaqələrin qarşılıqlı faydalılıq prinsipi əsasında inkişafına müsbət dinamika verə biləcək bir tendensiyadır. Qənətimə görə, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın ölkəmizə səfərinə də, məhz bu kontekstdən yanaşmaq lazımdır.
Azərbaycan üçün dövlətlərarası münasibətlərdə önəmli olan əsas məqam ölkənin suveren hüquqlarına, ərazi bütövlüyünə, milli maraqlarına hörmətlə və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindən yanaşılmasıdır. Bu, rəsmi Bakının mövqeyində beynəlxalq hüququn, regional və qlobal proseslərdəki rolundan, yumşaq və sərt güc potensialından, iqtisadi imkanlarından asılı olmayaraq, bütün subyektlərinə münasibətdə dəyişməz olaraq qalır. Dövlətlərin milli maraqlarına münasibətdə ədalət prinsiplərinin qorunması Bakının qırmızı xəttidir.
Mənə görə, təkcə fərdlərin deyil, dövlətlərin də xarakteri olur və bu xarakterin cizgilərini, əsasən dövləti quran xalqın tarixi, mədəniyyəti, daşıdığı dəyərlər və şübhəsiz ki, liderinin dünyagörüşü, prinsipləri təşkil edir. Azərbaycan dövlətinin xarici siyasətinin təməlində, hüquqi, diplomatik və siyasi anlayışlarla yanaşı, Azərbaycan xalqının milli ləyaqət və qürur hissinin qorunması dayanır. Bizim üçün torpaq və Vətən namus və şərəf məsələsidir. Vazkeçilməzdir! Biz milli qürurumuzun, xalqının və dövlətimizin ləyaqətinin qlobal geosiyasi oyunların çirkabına bulaşmasına imkan verməmişik, verməyəcəyik də...
Bu xüsusda Ceyms O’Braynın Prezident İlham Əliyevlə görüşdən sonra “X” sosial platformasında paylaşdığı postunda yer alan bir ifadəyə diqqət çəkməyi vacib hesab edirəm. O’Brayn görüşün konstruktiv şəraitdə keçdiyini bildirir və “ləyaqətli sülh”dən söz açır. Olsun! Hərçənd ki, 30 ilə yaxın zaman kəsiyində cənab O’Braynın təmsil etdiyi ölkə də daxil olmaq şərtilə, qlobal təhlükəsizləyə töhfə vermək, beynəlxalq hüququn norma və prinsiplərini qorumaq görəvində və səlahiyyətində olan dövlətlər, nədənsə ləyaqətsiz işğalın aradan qaldırılması istiqamətində əməli addımlar atmağı zəruri hesab etmirdilər. Bütün bunlar keçmişdə qalsa da, unudulmayıb. Əslində, bu gün regionda ləyaqətli sülh üçün əlverişli zəmin yaradan, hətta O,Brayn və digərlərinin bu barədə danışmalarına imkan verən də Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını bərpa etməsi, işğala son qoymasıdır. Əgər Azərbaycan 44 günlük müharibədə Zəfər qazanmasaydı, separatizmə son qoymasaydı, O,Brayn da “ləyaqətli sülh”dən danışa bilməyəcəkdi və buna görə, Ali Baş Komandan, Prezident İlham Əliyevə, Azərbaycan xalqına və Ordusuna minnətdar olmalıdır. Biz öz qələbəmizlə xalqımızı təslimçi sülhə sövq edənlərə SÜLHÜN LƏYAQƏTLİ OLMASININ VACİBLİYİNİ xatırlatdıq. Həm də təkcə sülhün yox, hər şeyin!
Ədalət və ləyaqət anlayışları iç-içə olan anlayışlardır. Ləyaqətli davranışla ədaləti təmin etmək, ədalətli münasibətlə isə özünün və başqalarının ləyaqətini qorumaq mümkündür. Bu baxımdan, Cənubi Qafqazda sülh, daha doğrusu sülhə yanaşma həm də ədalətli olmalıdır. Ədaləti isə Azərbaycan öz igid övladlarının qanı, canı bahasına, döyüş meydanında, tarixin həsəd apara biləcəyi bir ləyaqətlə bərqərar edib və ləyaqətli sülh də BİZİM bərqərar etdiyimiz ƏDALƏTİN ÇƏRÇİVƏSİNDƏ əldə olunmalıdır.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səfəri, son günlər müəyyən anlaşılmazlıqlarla, yaxud sabit məcradan sapmalarla müşaiyət olunan yanaşmaların redaktəyə məruz qaldığını, Cənubi Qafqazdakı yeni reallıqların qəbul edilməsinin zəruri olduğunun anlaşıldığını nümayiş etdirir.
Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, əslində ədalətli və ləyaqətli sülhün bütün konturlarını müəyyənləşdirib və sülhün yeganə yolu bu konturların sərhədləri çərçivəsindən keçir. Bu sərhədlərə Aİ müşahidəçilərinin binokllarıyla baxmağa ehtiyac yoxdur, elə gözlərini azacıq açsan, bütün mənzərə göz önündə açılacaq. Azərbaycanla ABŞ arasındakı tərəfdaşlıq münasibətlərinin qorunması və inkişafı üçün də bu münasibətlərin tarixinə və gələcəyinə gözlüksüz-binoklsuz baxmaq yetərlidir.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi O”Braynın səfəri və Prezident İlham Əliyevlə görüşündən sonra sərgilədiyi mövqe, düşünürəm ki, qarşılıqlı münasibətlərin normal məcraya yönəldiyindən, Azərbaycanın milli maraqlarına sayğıyla yanaşılmasının zəruriliyinin dərk olunduğundan xəbər verir.

Elçin Mirzəbəyli