• 3 Mart 2024
logo
Vüqar Rəhimzadə: Hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan həqiqətlərinin təbliği üçün mühüm platformadır

Vüqar Rəhimzadə: Hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan həqiqətlərinin təbliği üçün mühüm platformadır

Bu gün Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində atılan addımların təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, eyni zamanda, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsindən dərhal sonra Prezident İlham Əliyevin Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, qeyd edilən istiqamətlərdə görülən işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Bunun müşahidə etmək üçün təkcə son iki ildə Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfransların say tərkibinə diqqət yetirmək kifayətdir. ADA Universitetində müxtəlif mövzularda beynəlxalq forumların və konfransların keçirilməsi artıq ənənə halını alıb. Bu tədbirlərdə iştirak edən dövlət başçısı İlham Əliyev istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqları barədə iştirakçılara əsaslı şəkildə məlumatları çatdırmaqla informasiya cəbhəsində üstünlüyümüzə yeni əlavələr edir. Belə ki, ötən ilin aprelində ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, həmçinin “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzularında beynəlxalq konfranslar, oktyabr ayında Ağdamda Milli Şəhərsalma Forumu, noyabr ayında isə “Orta Dəhlz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi. Bu il istər ölkəmizin ev sahibliyi etdiyi, istərsə də dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində dəvət olunduğu tədbirlərin sayına diqqət yetirsək onların sıralanmasının geniş olduğunu görərik. Cənab İlham Əliyev hər bir çıxışında 30 illik işğal dövrünün reallıqlarından, tarixi Zəfərimizi şərtləndirən amillərdən, postmünaqişə mərhələsinin əsas hədəflərindən olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən və soydaşlarımızın bu torpaqlara qayıdışından, həmçinin ölkəmizin Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesinin işğalçı dövlət tərəfindən uzadılmasından bəhs edir.

Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum da bu baxımdan xüsusi diqqət çəkir. Forumda dünyanın 30 ölkəsindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloqlar iştirak edib. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olundu, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Forumun mövzusu özündə bütün çağırışları ehtiva edir. Dövlət başçısı İlham Əliyev Forumda 30 il düşmən tapdağı altında qalan torpaqlarımızda son üç ildə aparılan bərpa-quruculuq işlərindən danışaraq qeyd etdi ki, keçmiş məcburi köçkünlərə maksimal həyat şəraitini yaratmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Onlar buna layiqdirlər. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, bərpa işlərinin mümkün qədər tez getməsini istəsək də, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmağımızı anlayırıq. Dövlət başçısı İlham Əliyev, həmçinin çıxışında Qarabağda əsas maneənin basdırılmış minalar olduğunu qeyd etdi. Bildirdi ki, bunun üçün maliyyə ehtiyatlarımız səfərbər edilib. Qarabağın dirçəldilməsi ən mühüm prioritetdir. Çünki insanlar da öz yerlərinə qayıdacaqları vaxtı gözləyirlər.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsini təklif etməsindən, iki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmasının vacibliyindən bəhs edərək bu reallığı da forum iştirakçılarının diqqətinə çatdırdı ki, otuz ildən artıq davam edən işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq. Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərildi, lakin yenə də sükut oldu. Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu, tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin, artıq tarixin arxivinə atılan Qarabağ münaqişəsinin əsl mahiyyətinin öyrənilməsi üçün zəngin mənbədir. Prezident İlham Əliyev bütün platformalardan bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən, onlar tərəfindən ədalətin və beynəlxalq hüququn “unudulmasından” danışır və mesajlarını çatdırır. Sözügedən Forumda “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar” söyləyən dövlətimizin başçısı onu da əlavə etdi ki, Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər: “Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər.”

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, günümüzün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Bunun üçün Azərbaycanın bu təklifini dəstəkləyən Ermənistan, həmçinin digər ölkələr bəyanatlardan real addımlara keçməlidirlər. Dövlət başçısı İlham Əliyev Forumda belə bir çağırışı da etdi ki, biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik.