• 2 Mart 2024
logo
Zahid Oruc: "Şuşanın SİYASİ PAYTAXT statusunun bərpası tarixi ədalətin təntənəsi olacaq"

Zahid Oruc: "Şuşanın SİYASİ PAYTAXT statusunun bərpası tarixi ədalətin təntənəsi olacaq"

"Azərbaycanın inzibati ərazi quruluşunda dəyişikliklər edilməsi Vətən müharibəsində parlaq Qələbəmizin nəticəsidir və təkcə ərazi bütövlüyü, siyasi suverenlik deyil, daxili idarəçiliyin tamlaşması, uzun əsrlər boyu əcdadlarımızın yaşadığı ərazilərdə öz konstitusion haqlarını gerçəkləşdirməsi deməkdir. Bakı və digər coğrafiyamızda yaradılan hər hansı yeni inzibati subyektdən danışmırıq, söhbət şəhidlərimizin, ordumuzun, Ali Baş Komandanın savaşla, qəhrəmanlıqla və rəşadətlə qazandığı, indi rəsmi qərarla təsis edilən yeni rayondan gedir. Tarixi ədalətin bərpasından danışarkən onu da vurğulayaq ki, Ermənistan işğal dövründə yaratdığı qanunsuz ərazi vahidləri sırasında Şaumyan rayonu ilə Goranboyun da bir hissəsini xəritədə özünə qatmaqla Ağdərə də daxil, daha böyük ərazilərə nəzarəti həyata keçirməyə çalışırdı".

Musavat.com xəbər verir ki, bu sözləri millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Z.Oruc sözlərinə belə davam edib:

"Bildiyiniz kimi, Ağdərənin rayon kimi statusunun ləğvi həm də 90-cı illərdə hakimiyyət və Silahlı Qüvvələr arasında hökm sürən xaosun nəticəsi idi, daha konkret desək, 92-ci ildə qazanılmış uğurları həzm edə bilməyən qüvvələr sonrakı illərdə təxribatla həmin uğurların itirilməsində rol oynadılar. İndi tarixi ədalətin təntənəsindən danışarkən həm də son 200 ildə çarizm, Rusiya imperiyası və Sovetlər Birliyi dövründə həyata keçirilən müxtəlif xarakterli inzibati-siyasi və idarəçilik dəyişikliklərilə baş verən demoqrafik və sosial-iqtisadi mənzərənin xalqımızın ziyanına formalaşdığını yada salmalıyıq. Ona görə də ümidvarıq ki, Ağdərə rayonunun yaradılması ilə Qarabağ arealında verilən idarəçilik qərarları məhdudlaşıb qalmayacaq, tarixən Şuşanın mühüm rolunu rəsmi qərarla yenidən geri qaytaracaqlar. Belə ki, 1920-ci ildən sonra süni şəkildə Xankəndinin Qarabağın mərkəzinə çevrilməsi sonrakı anti-Azərbaycan hərəkatlarına təsirsiz qalmadı, nəhayət 90-cı illərdə proses özünün məntiqi sonuna çatdı. Ona görə də Şuşanın tarixən mədəni, iqtisadi əhəmiyyətinə görə regionda tutduğu əhəmiyyətli yeri və birincilik statusu Prezident ilham Əliyev tərəfindən imzalanan strateji bəyannamə, dövlət başçılarının orada qarşılanması Şuşanın siyasi paytaxt rolunun da yaxın gələcəkdə rəsmiləşdiriləcəyinə inam verir.

Ermənistanla hərbi atəşkəs dövründə 4 dəfə daha kütləvi toqquşmaların 3-ü məhz Ağdərə bölgəsi ətrafında baş vermişdi. Aprel döyüşləri zamanı ordumuzun qazandığı uğurlar da məhz həmin istiqamətdə olmuşdu. Vətən müharibəsinin başlandığı gün məhz həmin istiqamətdə düşmənə zərbələrin vurulması, Talış yüksəkliyi və Madagizin azad olunması ilə biz bir daha hazırkı qərarın necə strateji təhlükəsizlik mənası daşıdığını bilməliyik.

Hazırda DTX-nın təcridxanasında həbsdə olan David Babayan 44 günlük müharibədən sonra müsahibələrində deyirdi ki, Prezident İlham Əliyev Qarabağda landşaft, infrastruktur, yeni tunellər və yolların çəkilişi ilə müharibəni silahlı müstəvidən iqtisadi-kommunikasiya platformasına keçirib. Doğrudan da indi dünya erməniçiliyinin şəbəkəsi Ağdərə ərazisində olan alban məbədləri üzərindən ölkəmizə qarşı hücumların intensivliyi daha çoxdur və bizim gələcəkdə güclü, firavan, inkişaf etmiş bir bölgənin timsalında Qarabağ Azərbaycanın zəif yerindən, konflikt regionundan Qafqazlarda və dünyada sülh məkanına çevriləcək".