• 21 Fevral 2024
logo
Sərhəd görüşü: Qazaxın kəndləri belə həll edilə bilər - İki variant

Sərhəd görüşü: Qazaxın kəndləri belə həll edilə bilər - İki variant

30 noyabr tarixində Azərbaycan-Ermənistan sərhədində Baş nazirin müavini Şahin Mustafayev və həmkarı Mher Qriqoryanın sədrliyi altında delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü keçirildi. Sayca beşinci olan görüşü ümumi mənada müsbət qiymətləndirmək olar.
Məsələ ondadır ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələlərini nəzərdən keçiriblər. Bu, prosesin irəliyə doğru getdiyini göstərir.
Bundan öncə 4 görüş keçirilib. Bunlardan ikisi şərti dövlət sərhədinin Arazdəyən və Qazax hissəsində digər ikisi isə Moskva və Brüsseldə baş tutub. Bundan öncəki 4 görüşdə olduğu kimi bu görüşdə də, “danışıqların davam etdirilməsi üzrə razılaşma” əldə olunub.
Aydın məsələdir ki, tərəflər arasında delimitasiya və demarkasiya ilə bağlı yanaşma bir qədər fərqlidir. Bundan başqa, regionun coğrafi vəziyyətinin qəliz olması da prosesi uzadan məqamlardandır. Bu baxımdan görüşlərin davam etməsi və bu tezlikdə nəticənin əldə olunmaması normaldır.
Lakin delimitasiya və demarkasiya məsələlərinin həll edilməsi yekun sülh müqaviləsinin imzalanması yolunda ən böyük maneəni aradan qaldıra bilər. Bunun üçün isə bənzər danışıqların davam etməsi vacibdir.
Gələcək görüşlərin reqlamentinin mətninin razılaşdırılması da olduqca önəmlidir. Ümumiyyətlə, ən kiçik nüansın belə yazılı sənəd halına gətirilməsi rəsmi İrəvanın gələcəkdə razılaşma və öhdəliklərdən boyun qaçıra bilməməsi baxımdan mühüm əhəmiyyət kəsb edir.
Bir digər məqam isə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanması, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəlinməsi oldu.
Aydın məsələdir ki, delimitasiya və demarkasiya prosesinin uğurla yekunlaşması üçün prosesin təhlükəsizliyi olduqca vacibdir. Sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyətinin Əsasnamə ilə təsdiqlənməsi müsbət təşəbbüsdür. Bu, Rusiyanın təklif etdiyi kimi sülhməramlıların və ya Qərbin təklif etdiyi kimi Aİ sülhməramlı missiyasının şərti dövlət sərhədinə gəlməsi məsələsini bloklaya bilər.
Nəticə etibarilə Şahin Mustafayevlə Mher Qriqoryanın Qazax-İcevan sərhədində görüşü müsbət məqamlarla yadda qaldı. Bununla belə, Azərbaycanın Qazaxın 7 və Kərki kəndi iddiası, eləcə də İrəvanın buna qarşı “erməni kəndləri” yalanı hələ də aktualdır. Prosesin həlli isə hələlik iki variantda həll edilə biləcək kimi görünür:
Birincisi, iddialardan qarşılıqlı imtina edilməsi;
İkincisi, tərəflərin qarşılıqlı ərazi mübadiləsi.

Müəllif: Politoloq Turan Rzayev