• 27 İyul 2024
logo
"Etmənistan sülh prosesində imitasiya edir"

"Etmənistan sülh prosesində imitasiya edir"

Noyabrın 30-da baş nazirin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş olacaq. Görüş Qazax-İcevan sərhədində baş tutacaq.

Verilən rəsmi məlumatlarda ikitərəfli görüşdə delimitasiya ilə bağlı müzakirələrin aparılacağı bildirilir. Eyni zamanda sülh danışıqlarının ikitərəfli qaydada məhz sərhəddə baş tutması da optimal variant kimi təklif olunub. Əlbəttə, birbaşa təmaslar məhz Azərbaycanın təklifidir və bunun real nəticələri ola bilər.

Görüş öncəsi Ermənistan rəsmilərinin müəyyən pozitiv açıqlamaları var. Habelə görüşdən əvvəl ABŞ Dövlət katibi Antoni Blinken həm Azərbaycan Prezidentinə, həm də Ermənistan baş nazirinə telefon açarkən sülh danışıqları, delimitasiya müzakirələri barədə də bəhs edib. Bütün hallarda kifayət qədər həssas və məsuliyyətli dönəmdir. Əgər Ermənistan bu görüşdə də hansısa razılaşmalara gəlməsə, imitasiya üçün görüşə gəlib qayıdarsa, bunun nəticələri nə ola bilər? Bundan sonra Azərbaycan nəticəsi gözlənilməyən, konkret sənəd imzalanması öncədən öhdəlik kimi götürülməyən danışıqlardan tam imtina edə bilərmi və etməlidirmi?

Rəşad Bayramov: “Sülh hər kəsdən daha çox məhz Ermənistanın özünə lazımdır”

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov sülhün ən çox Ermənistana lazım olduğunu qeyd etdi: “Əvvəla, onu qeyd edim ki, söhbət Ermənistandan getdiyi üçün onların səmimiliyi böyük sual altındadır. Paşinyan, Simonyan və digərləri sülhə hazır olduqlarını bildirsələr də atdıqları addımlar bunun əksini göstərir. Əgər məğlub bir dövlət qalib dövlətin sülh təkliflərinə 3 ildən artıqdır ki, biganə yanaşırsa, sülh müqaviləsinin mətni üzrə Azərbaycanın son təkliflərinə cavabını uzun müddətdir gecikdirirsə, demək ki, bu ölkə və onun hakimiyyəti hələ ki sülhə hazır deyil.

Bu gün keçiriləcək görüş delimitasiya komissiyasının görüşüdür və ilk dəfədir ki, hər hansı kənar vasitəçi olmadan keçirilir. Bu hal özü-özlüyündə şübhəsiz ki, müsbət məqamdır. Çünki istənilən vasitəçinin prosesdə öz maraqları olur və bu da ortaq məxrəcə gəlmə prosesini uzadır. Məhz bu səbəbdən də rəsmi Bakı Ermənistanla istənilən danışıqların, buraya birgə komissiyaların işi də daxildir, ikitərəfli formatda keçirilməsi ilə bağlı dəfələrlə ən yüksək səviyyədə mövqe ortaya qoyub. Amma məsələ burasındadır ki, Ermənistan kənar vasitəçilər olmadan görüşə razılıq versə də, müstəqil qərar qəbul etmə imkanında olmadığı üçün mütləq şəkildə havadarlarının da razılığını almalıdır.

Əgər bu gün keçiriləcək görüş tərəflərin mövqelərinin yaxınlaşmasını təmin edəcəksə, o zaman sülh üçün real imkanlar yaranacaq. Yox, əgər Ermənistan bu görüşə də imitasiya xatirinə, sadəcə, beynəlxalq ictimai rəydə sülhpərvər obraz formalaşdırmaq üçün gələcəksə, o zaman sülh üçün hazır olmadığını və ya başqa sözlə desək, bunun üçün hələ ki icazə almadığı həqiqətini ortaya qoymuş olacaq.

Biz Azərbaycan dövləti olaraq regionda sülh və sabitlikdə maraqlıyıq və Ermənistanla sülh sazişi bağlamaq istəyimiz də bunun əyani sübutudur. Amma buna baxmayaraq, davamlı olaraq nəticəsiz danışıqlarda iştirak etmək kimi bir niyyətimiz də yoxdur. Bu mövqe Azərbaycanın rəsmi şəxsləri tərəfindən də dəfələrlə səsləndirilib. Biz sülh sazişi olmadan da beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi möhkəmləndirə bilərik. Buraya hələ də işğal altında olan 8 kəndimiz də daxildir. Bunun üçün kimlərdənsə icazə almaq məcburiyyətində deyilik. Odur ki, indi sülh hər kəsdən daha çox məhz Ermənistanın özünə lazımdır. Ermənistanın bunu dərk etməsi və müvafiq addımlar atması şərtdir".

Niyaməddin Orduxanlı: “Bütün müharibələrin sonu sülhlə bitir”

BAXCP sədrinin müavini, siyasi ekspert Niyaməddin Orduxanlı Amerikanın oynadığı ikili oyuna daha çox diqqət çəkdi: “Azərbaycanla Ermənistan arasında yaranmış işçi qrupunun görüşü ilk deyil. Son 3 ildə dəfələrlə görüş baş tutub, əsasən də Moskvanın iştirakı ilə. İki ölkə arasında delimitasiyaya böyük ehtiyac var. SSRİ dağılandan sonra konkret sərhədlərin müəyyən olunması baş verməyib. Sülh danışıqlarına başlanması təklifinə gəldikdə isə, bu gün biz açıq şəkildə görürük ki, Ermənistan sülh prosesindən qaçır, yayınır, istəmir. Bunu həm də Ermənistana himayədarlıq edən Qərb də istəmir. Qərb Ermənistanı öz əlində bir vasitə kimi saxlamaq istəyir. Qafqaza təsir etmək imkanını Ermənistanla görür. ABŞ Dövlət katibi Blinkenin zəngi son zamanlar Amerikanın Azərbaycana qarşı ədalətsiz davranışının nəticəsi kimi də qiymətləndirilə bilər. Üzdə ABŞ hər zaman Azərbaycana sülh prosesini dəstəklədiyini göstərib, ancaq bunun qədər qeyri səmimi olduğunu biz zaman-zaman görmüşük. Amerika Azərbaycana qarşı çox ədalətsiz davranır. Noyabrın 15-də ABŞ Senatının qəbul etdiyi qərar buna əyani sübutdur. 30 ildir Azərbaycan ABŞ-la qarşılıqlı və iki tərəfli əlaqələrin inkişafında maraqlı olub. Öz suverenliyimizi tam bərpa etmişik, buna görə ABŞ ciddi narahatlıq keçirir. Buna son qoyulmalıdır. ABŞ ədalətin yanında olmalıdır. Separatçılıqla mübarizə aparıram deyən Amerika Qarabağda separatçılıq edən erməniləri hansı haqla dəstəkləyir?! Ermənistan bu görüşə imitasiya üçün gəlməməlidir. Bilməlidirlər ki, ABŞ ermənilərdən öz məqsədi üçün istifadə edir. Gələcəklərini düşünürlərsə, konkret sülh prosesinə başlamalıdırlar. Unutmamalıdırlar ki, bütün müharibələrin sonu sülhlə bitir. Əks halda, erməniləri daha böyük faciələr gözləyir. Azərbaycan bütün danışıqlarda və görüşlərdə iştirak etməlidir. Bundan biz heç nə itirmirik”.

Asif Nərimanlı: “Ermənistan sülh istəyirsə, bunu qəbul etməlidir”

Siyasi analitik Asif Nərimanlı rəsmi Bakının irəli sürdüyü tələblər yerinə yetirilməyincə, hansısa bir razılığın əldə olunacağına inanmır: “Sərhəddə görüşdən konkret nəticələr əldə ediləcəyi ehtimalı azdır. Çünki tərəflər arasında fikir ayrılığı var, xüsusilə Qazağın 7 kəndi və Kərki kəndinin qaytarılması məsələsində. Ermənistan tərəfi bu kəndləri qaytarmamaq üçün müxtəlif variantlar irəli sürür. Bu variantlardan biri sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyən edilməsi, digər variant 1975-ci ildən sonrakı xəritələr üzrə işlənməsidir. Birinci variantla nəinki işğal altındakı kəndləri qaytarmaqdan imtina edirlər, həm də ordumuzun 44 günlük müharibədən sonra bərpa etdiyi dövlət sərhədindən geri çəkilməsini istəyirlər. İkinci variantda Başkəndin Ermənistana verilməsini irəli sürürlər, bu da məhz prosesi dalana dirəməyə hesablanıb. Fikrimcə, Ermənistanın delimitasiya komissiyalarının sərhəddə görüşməsi təklifi daha çox imitasiya xarakteri daşıyır. Çünki,Vaşinqton ikitərəfi formatda görüş təklif etmişdi, rəsmi Bakı buna uyğun olaraq sülh danışıqlarının sərhəddə keçirilməsini istədi. İrəvan isə sülh danışıqlarının Qərb ölkələrinin vasitəçiliyi ilə keçirilməsini istəyir, çünki bu platformada istəyinə nail ola biləcəyini düşünür. Sərhəddə görüşü isə "sülhdən qaçmadığını" göstərmək üçün irəli sürüb. Təbii ki, Azərbaycan bütün təmaslarda maraqlıdır. O baxımdan, sərhəd görüşünə razılıq verməsi də bununla bağlıdır. Lakin Azərbaycanın haqlı tələbləri var, Ermənistan sülh istəyirsə, bunu qəbul etməlidir. Əks təqdirdə, rəsmi Bakı mənasız danışıqlara getməyəcək, çünki münaqişənin mövcud olduğu 30 il ərzində belə danışıqların nəticə vermədiyi təcrübəsi var. Bu görüşlərin nəticəsiz qalması isə təbii ki, bölgədə eskalasiya riskini artırır".