• 27 İyul 2024
logo
Azərbaycan lider ölkədir

Azərbaycan lider ölkədir

Bakını proseslərdən kənarda saxlamaq mümkün deyil

Noyabrın 27-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.
Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.
Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.
Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.
Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.
Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.
Politoloq Azər Qasımov “Xalq Cəbhəsi”nə deyib ki, Cənubi Qafqaz regionunda Azərbaycanın yaratdığı reallıqlar regionda maraqları olan qüvvələri bu reallıqlarından çıxış etməyə məcbur edir. Bu reallıqlarla barışmaq istəməyən güclərin atdığı addımlar mahiyyət etibarı ilə son nəticədə elə bir duruma düşür ki, Azərbaycanın mövqeyi ilə barışmağa məcbur olur. Beynəlxalq hüququn yaratdığı şərait Azərbaycan üçün sərbəst manevr şəraiti yaradır, öz suveren haqlarını həyata keçirməyə imkan verir. Qərb qarşısında dik durmağa, edilən təzyiqlərə boyun əyməməyə zəmin yaradır. Amerika və Fransanın Ermənistan üzərindən regiona daxil olmaq planlarına Azərbaycanı alət etmək istəyi Azərbaycan dövlətinin qarşı reaksiyası ilə qarşılaşır. ABŞ Konqresinin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi və ABŞ dövlət rəsmilərinin də bu yöndə bəyanatlarından sonra Azərbaycan dövlətinin ABŞ-la olan əlaqələrində yaranmış gərginlik fonunda ABŞ Dövlət katibi Blinkenin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə zəng etməsi və Dövlət katibinin müavini Ceyms Obrayenin Azərbaycana gəlməsinə icazə verilməsini xahiş etməsi onu göstərir ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və onu proseslərdən kənarda saxlamaq mümkün deyil, eyni zamanda, bu, ABŞ-ın maraqlarına da ziddir. ABŞ Azərbaycanla əlaqələrini regionda dondurmaq yolu ilə heç nəyə nail ola bilməz və bunun ABŞ-ın regiondakı maraqlarına heç bir xeyri yoxdur. Görünən odur ki, ABŞ Dövlət katibi Blinken də yürütdükləri siyasətin yanlış olduğunu anladılar ki, Azərbaycan Prezidentinə zəng etmək məcburiyyətində qaldılar. Azərbaycan Prezidentinin Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağanın aradan qaldırılması tələbini qəbul etdilər. Dekabr ayında Azərbaycana səfər edəcəyi gözlənilən Ceyms Obrayenin Konqresdə Azərbaycan əleyhinə çıxışından sonra Azərbaycana səfərində nə deyəcəyi maraq doğurur. Çünki iki həftə əvvəl Konqresdə bəyan etmişdi ki, Ermənistan Baş naziri Paşinyan sülh istəyir, amma Azərbaycan Prezidentnin belə bir istəyinin olmasına şübhə edirəm. Amma indi onun bosunun açıq formada Azərbaycan Prezidentinin möhkəm şəkildə regionda sülh istəməsi və bunu alqışlamasını deməsi, onu deməyə əsas verir ki, ABŞ dövləti səhv etdiyini anlayıb. Azərbaycansız regionda hansısa irəliləyişə nail olmağın mümkün olmadığını qəbul edib ki, Entoni Blinken Azərbaycan və ABŞ arasında möhkəm əlaqələrin saxlanılmasında maraqlı olduqlarını bəyan edib: “Məsələ ondadır ki, ABŞ-ın son nəticədə Azərbaycanın haqlı mövqeyini yenidən dəstəkləyəcəyi faktı məlum olsa da, Dövlət Departamentinin rəhbərliyi və Konqresin Nümayəndələr palatasının bunun əksinə hərəkət etməsi nəyin göstərici idi sualı maraq doğurmaya bilmir. Görünən odur ki, ABŞ Azərbaycana təzyiq etməklə ilk növbədə əsəb müharibəsi aparmaq istəyib. Necə deyərlər Azərbaycana xox gəlmək istəyib, amma Azərbaycanın qarşı addımlarından və göstərdiyi redaksiyadan sonra bu addımın əhəmiyyətsiz olduğunu qəbul edib və yenidən əməkdaşlıq yolunu tutub. Amerika dövləti bir daha bu fəaliyyəti ilə ilk növbədə onu göstərir ki, ABŞ dövlətinin maraqlarının formalaşmasında hər hansı lobbi qruplarının rolu böyük olsa da, nəticə etibarilə dövlət maraqları onların istəklərinin üstündə olur. Təbii ki, sona kimi ABŞ-ın səmimiliyinə arxayın olmaq ehtiyatı əldən vermək olar, amma düzgün yürüdülən siyasətlə ABŞ-ı ram etmək olar. Bu durumda olduğu kimi. Əslində sülhün olmasını uzadan tərəfin Ermənistan olduğu gerçəyi onların Azərbaycanın təkliflərinə 70 gün sonra cavab vermələri faktıdır. Ermənistanın sülhdə maraqlı olub-olmaması məsələsi regionda gərginliyin qalmasına şərait yaratsa da, bu, Ermənistandan başqa heç bir ölkənin maraqlarına zərbə vurmur. Amma görünən odur ki, Ermənistan sülh bağlanması məsələsini uzatmaqla bütün mümkün hesab etdiyi oyunları oynamağa cəhd edir ki, bunlardan biri də erməni lobbisinin əli ilə ABŞ-dan Azərbaycana təzyiq etmək cəhdi idi. Bu cəhdin də boşa getdiyini anlayan Ermənistan artıq öz rəsmisinin dili ilə on beş günə sülh imzalana biləcəyini və fundamental fikir ayrılıqlarının aradan qaldırıldığını bəyan edir. ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasında maraqlıdır. ABŞ bunu sülh müqaviləsi imzalanması üçün təşkil etdiyi görüşlərlə isbat edib. ABŞ-ın istəyi Ermənistanı bu sülh müqaviləsi imzalanması məsələsində məğlub tərəf kimi masada oturdulmasının qarşısında almaqdır. Azərbaycan müharibə başa çatan gündən zatən belə bir mövqedə olmadı”.
Beynəlxalq hüququn beş prinsipini irəli sürməklə tərəflər arasında sülh müqaviləsi şərtləri təklif etdi. Əslində bu, Azərbaycan dövlətinin Ermənistana böyük humanistlik jesti idi. Məğlub tərəflə diktə dilindən danışmaq yox, onunla bərabərhüquqlu tərəf kimi bir masa arxasında oturmaq jesti. Görünən o oldu ki, Ermənistan məğlubiyyət şokundan nisbətən ayılan kimi müxtəlif fikirlərə düşdü. Məğlubiyyətin nəticələrini qəbul etmək əvəzinə revanş götürmək xəyalları qurdu və hələ də bu xəyallardan əl çəkmiş kimi görünmür. Silahlanma yarışını başlamaq cəhdləri edir. Regiondan kənar ölkələrin silah satmaq istəklərini özünə dəstək kimi qəbul edir, hətta buna qismən də olsa nail olur. Bir sıra ölkələrdən silah almaqla yanaşı, bu silahların Ermənistana gətirilməsi üçün nəqliyyat marşrutunun Gürcüstan üzərindən keçməsini təmin etmək üçün bəzi qüvvələrin Gürcüstana təsirindən də istifadə edərək buna nail olur. Azərbaycanın bu barədə Gürcüstana olan həssasiyyətini nəzərə almadan Gürcüstanı bu işə cəlb edir. Bununla da regionda ən azı iki ölkə-Azərbaycan və Gürcüstan arasında olan qonşuluq münasibətlərinə gərginlik yaratmaqla regionun stabilliyini pozmağa cəhd edir: “Təbii ki, Azərbaycan dövləti bu prosesləri öz nəzarətində saxlayır. Son günlər Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Türkiyənin də müfafiə nazirinin iştirakı ilə keçirdiyi görüşlər bu kimi cəhdlərin mənasız olduğunu göstərmək baxımından önəmli oldu. Amma Ermənistanın hələ də regiondan kənar qüvvələrə stavka etməsi onu deməyə əsas verir ki, Ermənistanın təhlükəsizliyini qorumaq üçün gücün başqa yerdə axtarması cəhdləri son nəticədə ona baha başa gələ bilər. Azərbaycanla sülh müqaviləsi imzalanması Ermənistanın təhlükəsizliyinin ən başlıca faktoru olacaq. Ermənistan sülhdə səmimi olduqca, revanşist qüvvələrə Ermənistanı yenidən qaranlıq fikirlərə itələməyə imkan vermədikcə, regional infrastrukturun açılmasına şərait yaratdıqca onun üçün heç bir təhlükə olmayacaq. Əslində bu, məsələnin bir tərəfidir, yəni Azərbaycanla bağlı tərəfi. Ermənistanın Qərblə əlaqələrinin hansı istiqamətdə quracağı isə onun təhlükəsizliyin qarantı olacaq, ya sonu olacaq bunu zaman göstərəcək”.
A.Qasımov onu da qeyd edib ki, əsas məsələ isə Ermənistanın Qərbin, ABŞ-ın ona hansı məqsədlə yaxınlaşmasını doğru analiz etməsi olacaq. Bir sıra ABŞ ekspertlərinin fikirlərinə görə, hansıki fikir bildirən ekspertin Laçın və Zəngəzur yolunun hardan keçdiyindən xəbəri belə yoxdur, amma əsas fikir odur ki, Amerikanın Ermənistan və Gürcüstanda heç bir ciddi maraqları yoxdur. Amerikanın əsas Azərbaycanda marağı vardır. Bu da İran amilinə görədir. Amerikanın dünyada səkkiz yüzdən çox hərbi bazası vardır. ABŞ Azərbaycanda da hərbi baza qurmaq planları cızır. Təbii ki, ABŞ bunun üçün gələcəyə yönəlik planlar qurur. Bu gün bu məsələni gündəmə gətirməsə də. Hesab edirəm ki, əslində bu günlər baş verən telefon diplomatiyasının səbəbi də ABŞ-ın Azərbaycanı özündən uzaq salmaması üçün atdığı addımdır. ABŞ-ın bu istəyinin arxasında nələri planladığı isə böyük ehtimalla gələcəkdə bəlli olacaq. Bu kontekstdən çıxış edərək qeyd etmək lazımdır ki, Ermənistan ABŞ münasibətlərinə nə qədər diqqətlə yanaşsa, bir o qədər proseslərdən uduşlu çıxacaq: “Deyilənləri nəzərə alsaq aydın olur ki, Azərbaycan ABŞ-a İrana görə lazımdırsa, Ermənistan Rusiyaya görə lazımdır. Azərbaycanın mövqeyi və siyasəti bəllidir. Bu siyasəti yürütdükcə Azərbaycan üçün heç bir təhlükə yoxdur. Türkiyə və Mərkəzi Asiya ilə Türk birliyi istiqamətində aparılan işlər Azərbaycan üçün gələcəyin qarantiyasıdır. Ermənistan üçün isə belə bir perspektiv yoxdur. Qərblə Rusiyaya qarşı alyans Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistanın da bunu anlamadığı fikrindən uzaq olsaq da, ara-sıra Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq layihələrə qoşulmaq istəklərini elan etməsi onu göstərir ki, Ermənistan yol ayrıcında qalıb. Hələ ki, bütün istiqamətlər üzrə konkret olaraq fikir bildirib yolunu müəyyən etməsə də, hər tərəflə də bağlarını qoparmağa və fikrini konkretləşdirməyə tələsmir. Yaxşı başa düşür ki, tələsmək bir daha geri dönməsi mümkün olmayacaq proseslərə təkan verəcək. Rusiyadan uzaqlaşmaq yolu tutsa da, yenidən Rusiyaya yaxınlaşmaq siqnalı verir, ilin sonuna Rusiyada keçiriləcək görüşdə iştirak edəcəyini bəyan edir. Bir sözlə, hələ ki, bir neçə stulda oturmağa davam edir. Ermənistan bir neçə stulda oturmağa davam etsin, Azərbaycan isə özünün inşa etdiyi tək stulda möhkəm oturmağa davam edir. Türkiyə və Mərkəzi Asiya ilə inteqrasiyasını dərinləşdirir. TDT çərçivəsində və ikili münasibətlərdə əlaqələr getdikcə yeni səviyyəyə qalxır. Yeni planların həyata keçirilməsi layihələrinə start verilir. Azərbaycan bir daha qeyd etmək lazımdır ki, öz maraqlarını heç bir dövlətin maraqlarına qurban verməyib, verməyəcək də. ABŞ dövləti Azərbaycanla bərabər hüquqlu tərəfdaş kimi çıxış etdiyi müddətcə eyni münasibəti görəcəkdir. Görünən odur ki, ABŞ da bunu başa düşür və qəbul edir. Azərbaycan da ABŞ-la olan münasibətlərinə önəm verir, hər zaman əlaqələrin yüksək səviyyədə olmasını təmənna edir. Ermənistanla münasibətlərinə də üçüncü ölkələrin qarışmasının əleyhinədir. Bu baxımdandır ki, Ermənistanla hər iki ölkə sərhəddində və Gürcüstanda ikili görüşlərin keçirilməsini təklif edib. Vasitəçisiz şəraitdə öz məsələlərini həll etməyi təklif edib. ABŞ-ın da bunu təqdir etdiyini qəbul etsək, hesab etmək olar ki, bu görüşlərdən nəticə gözləməyə dəyər. Hər halda Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq üçün ilin sonuna kimi vaxt verib. Bu o demək deyildir ki, Azərbaycan bundan sonra yenidən hərb yolunu seçəcək. Bu o deməkdir ki, Azərbaycan əgər ilin sonuna kimi sülh məsələsindən nəticə almasa, onda Ermənistan adlı dövlətin varlığını tamamı ilə unudacaq. Boş vaxt itkisi ilə məşğul olmayacaq. ABŞ-ın da marağında olduğu Zəngəzur dəhlizinin Ermənistandan keçməsi layihəsinin üstündən xətt çəkəcək. Bu durumda Ermənistan birdəfəlik dalan ölkə olacaq və heç bir gələcək inkişaf perspektivləri olmayacaq. ABŞ əgər bunda maraqlı deyilsə, onda Ermənistan ilə sülh müqaviləsi üzərində son dəfə ciddi işləsin, çünki artıq vaxtları qalmayıb”.

Cavid